Polşa–Azərbaycan münasibətləri ilbəil inkişaf edir

post-img

Aprelin 18-də Milli Məclisin Sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Andjey Duda ilə görüşüb.

Prezident Andjey Duda Polşa və Azərbaycan arasında münasibətlərin səviyyəsindən razılığını bildirib. O, ölkə­rimizin hər zaman dost ölkələr olduğunu, gələcəkdə də belə olacağını, münasi­bətlərimizin ilbəil daha da inkişaf etdiyini bildirib. Dövlət başçısı Azərbaycan Pre­zidenti İlham Əliyevin 2017-ci ildə bu ölkəyə, özünün isə 2019-cu ildə Azər­baycana səfərini xatırladaraq, bu təmas­ların ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə qalxmasında mühüm rolunu qeyd edib. 

Prezident, həmçinin Bakıya səfəri za­manı aldığı xoş təəssüratlarını bölüşüb, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdiyini vurğu­layaraq, bu inkişafın yüksək qiymətlən­dirildiyini diqqətə çatdırıb. Ölkə başçısı onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. 

Milli Məclisin Sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Pol­şanın dövlət başçısına çatdırıb. Azərbay­can Milli Məclisinin Sədri kimi Polşaya ilk səfəri olduğunu bildirən. S.Qafarova bu səfərin ölkələrimiz və parlamentlə­rimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə və genişlənməsinə kömək edəcəyinə inamını ifadə edib. 

S.Qafarova Azərbaycan və Polşanın dost və strateji tərəfdaş ölkələr olduğunu bildirib. Diqqətə çatdırıb ki, dövlət başçı­larımızın qarşılıqlı səfərləri ikitərəfli mü­nasibətlərin daha da inkişafında müstəs­na rol oynayır. 

Parlamentin Sədri deyib ki, Azərbay­can Polşa ilə Avropa İttifaqı çərçivəsində də əməkdaşlıq edir: “Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq da böyük əhəmiyyət kəsb edir. Azərbaycan neft­lə yanaşı, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya etibarlı qaz təchizatçısına çev­rilib. Bu, Avropanın enerji təhlükəsizli­yinə əhəmiyyətli töhfədir. Bundan başqa, Azərbaycan və Polşa arasında qarşılıqlı investisiya və nəqliyyat-logistika əmək­daşlığının gücləndirilməsi Polşanın Orta Asiyaya və yeni bazarlara çıxışı baxımın­dan vacibdir”. 

İki ölkə arasında parlamentlərara­sı əlaqələrin yüksək səviyyədə olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərimizin qarşılıqlı fəaliyyətidir. Hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı dostluq qrupları, həya­ta keçirilən qarşılıqlı səfərlər parlament diplomatiyasının güclənməsinə xidmət edir. 

Milli Məclisin Sədri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində hə­yata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri, Ermənistanın regionda davamlı sülhün təmin olunmasına qarşı yönəlmiş təxribatçı hərəkətləri barədə də geniş məlumat verib. S. Qafarova deyib ki, Ermənistan üçtərəfli Bəyanatın müd­dəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb. O cümlədən, Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istis­mar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir. Azərbaycanın vətən­daş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq ke­çirilir. Lakin Ermənistan, guya, Laçın yo­lunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. İndiyədək Laçın yolundan 6 mindən çox avtomobilin keçidi sübut edir ki, bu yol humanitar məqsədlər üçün açıqdır. 

Görüşdə qarşılıqlı maraq doğuran di­gər məsələlər də müzakirə olunub.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Siyasət