Ermənistan – Aİ münasibətləri çat verir

post-img

İrəvan–Moskva münasibətlərindəki ümumi sistem böhranı, Ermənistan hakimiyyətinin Qarabağ məsələsində ziddiyyətli siyasəti, Şərqlə Qərb arasında daimi yellənmələr ölkənin real maraqlarının hakim komandanın maraqları ilə uzlaşmamasına gətirib çıxarıb. Hərbi-siyasi müttəfiqi olan Rusiya ilə münasibətlərdə aşkar görünən problemlər, ərazisinə Avropa İttifaqının mülki missiyasını cəlb etməsi, o biri tərəfdən İranla əlaqələri durmadan inkişaf etdirməsi Hayastanın iki stulda eyni vaxtda oturmağa çalışmasının göstəricisidir. Ancaq Hayastan nə qədər irəli gedirsə, bir o qədər dərin geosiyasi çuxura düşür.

Ölkənin düşdüyü hazırkı vəziyyə­tin çıxılmazlığını 2018-ci ilədək hakim qüvvə olan Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyan bu günlərdə “Sputnik Ermənistan” agent­liyinə verdiyi müsahibədə bütün çılpaq­lığı ilə dilə gətirib.

O, Ermənistanı “daşınmaz əmlak”, hakimiyyəti isə “satıcı” adlandırıb: “Ermənistan hakimiyyəti onu satışa çıxaran mənzilin sahibinə bənzəyir. Vasitəçilər, tərəfdaşlar isə brokerlərdir. Üstəlik, sahibi qiyməti daim aşağı salır. Makler üçün daşınmaz əmlakın hansı qiymətə satılacağı önəmli deyil, onun üçün alacağı komissiya haqqı vacibdir. Avropa İttifaqını götürsək, Aİ Şurasının prezidenti Şarl Mişelə, ən azı, bir növ “uğur hekayəsi” lazımdır, çünki hazır­kı səlahiyyət müddəti başa çatdıqdan sonra o, ya Avropa Parlamentinin spi­keri, ya da Avropa İttifaqı diplomatiya­sının rəhbəri vəzifəsini tutmaq istəyir. Buna görə də adam bütün cəbhələrdə çalışır və bu çalışma heç bir halda tək­cə ermənilər və azərbaycanlılar üçün deyil. Vaşinqtona regionda rus “ayağı­nın” daha bir vətərini kəsmək lazımdır. Moskvaya bölgədə qalmaq üçün pro­sesdə iştirak etmək lazımdır, axı...”

A.Aşotyan qeyd edib ki, Ermənistan hakimiyyəti tərəfindən ciddi səylə təriflənən Aİ-nin mülki missiyası ilə bağlı çoxlu sualları var. O, bu günlərdə “Politico” nəşrində yerləşdirilən yazıya istinad edərək, qurumun Ermənistan ərazisində apardığı patrul xidməti ilə əlaqədar bütün məlumatları Azərbaycanla bölüşdüyünü iddia edib: “O cümlədən, avropalılar hansı əsasla monitorinqə dair məlumatları Azərbaycana ötürürlər?! Qeyd edim ki, bu haqda “Politico” nəşri məlumat yayıb. Adının açıqlanmasını istəməyən Brüssel rəsmisi Aİ-nin Avropa bazarına mavi yanacaq tədarükü məsələsində Bakı ilə heç bir problem yaşamaq istəmədiyi üçün Ermənistanda patrul xidməti ilə bağlı bütün məlumatları Azərbaycanla bölüşdüyünü vurğula-yıb”.

Onun sözlərinə görə, İrəvan və Brüssel saziş imzalamalı və missiyanın fəaliyyətini sabitləşdirməlidirlər: “Bu sənəd hələ imzalanmayıb və məlumatların Bakıya ötürülməsi mexanizmi heç bir yerdə təsbit edilməyib. Xarici işlər naziri Ararat Mirzoyanın əvvəllər dediyi kimi, Ermənistan rəhbərliyinin özünün Aİ hesabatına çıxışı yoxdur, lakin missiya məlumatı Azərbaycanla səxavətlə bölüşür. Vəziyyətin bütün absurdluğu ondadır ki, Aİ-nin monitorinq missiyası Ermənistanın təhlükəsizliyini təmin etmək üçün çağrılıb, o, Ermənistan ərazisində müşahidə aparır. Lakin bu müşahidə haqqında məlumat yalnız Bakı və Brüsselə göndərilir. Bu sualları qaldırmaq, bunu müzakirə etmək lazımdır”.

Ümumiyyətlə, erməni siyasətçi hesab edir ki, indiki hakimiyyət dünyadakı vəziyyətin mürəkkəbliyini zəif dərk edir, ölkəni toqquşmalar meydanına çevirib. Onun sözlərinə görə, hakimiyyət təmsilçiləri geosiyasi turbulentlik (burulğanlar, dalğalanmalar) və əvvəlki dünya düzəninin dağılması şəraitində Qarabağda hansısa anlaşıl-maz beynəlxalq təhlükəsizlik mexanizm-lərindən danışırlar ki, bu da zəlzələ zamanı bina tikintisinə bənzəyir.

Aşotyan daha sonra Rusiyanın Ermənistanda 2020-ci il noyabrın 9-dan sonra təhlükəsizlik sahəsində oynamağa başladığı böyük roldan istifadə edə bilmədiyindən şikayətlənib: “Və bu gün Ermənistan cəmiyyəti tərəfindən Rusiyanı təhlükəsizliyin təminatçısı kimi qəbul etmək tarixi minimum həddədir. Əlbəttə, təqsir təkcə Rusiya Federasiyasının özündə deyil, həm də Ermənistan rəhbərliyindədir. 2021-ci ilin iyununda Paşinyanın yenidən seçilməsi Moskvaya pis mesaj oldu. Ermənistan hakimiyyəti isə təkrar seçkidən sonra Rusiya Federasiyası ilə qarşılıqlı əlaqənin keyfiyyətini və səviyyəsini dəyişmək istəmədi”.

A.Aşotyan daha sonra deyib: “Hesab edirəm ki, bizim Rusiyadan inciməyə mənəvi haqqımız var. Gəlin özümüzü aldatmayaq. Biz reallığı ört-basdır edəcək vəziyyətdə deyilik. Çox çətin vəziyyətdəyik və Rusiya bizim üçün dost və müttəfiqdir. Və biz müttəfiqimizlə açıq danışmaq məcburiyyətindəyik. Nikol Paşinyan hər addımda lovğalanır ki, Rusiya Prezidenti ilə bütün digər liderlərdən telefonla daha çox danışıb. Sual olunur ki, o, Putinlə nə haqda danışıb? Paşinyan və komandası səmimi söhbət istəmir. Rusiya ilə onun gündəliyi fərqlidir. O, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq gündəliyinə xidmət edir”.

Qeyd edək ki, Aİ missiyasının rəh­bəri Markus Ritter bu günlərdə Ermə­nistanın Dığ kəndi istiqamətində törət­diyi təxribat zamanı əraziyə getməkdən imtina etmişdi. Ona Ermənistanın XİN başçısı birgə getməyi təklif etsə də, missiya rəhbəri bundan da yayınmışdı. Bu, artıq Aİ missiyasının da Ermənis­tanın oyununa getmək istəmədiyinin göstəricisi sayıla bilər. Erməni siyasət­çi A.Aşotyanın dedikləri isə Ermənistan cəmiyyyətinin Aİ missiyasına etibar et­mədiyindən xəbər verir.

Asim MOLLAZADƏ, 
Milli Məclisin deputatı:

– Əslində, bu sözlər Ermənis­tan daxilində çox ciddi parçalan­manın mövcudluğunu nümayiş etdirir. Bir tərəfdən hakimiyyət Qərblə oyun oynamağa çalışır. Guya ki, Qərbə meyillidir. Digər tərəfdən isə Ermənistan müxalifə­tinin Rusiya ilə sıx əlaqələri olan, keçmiş hərbi cinayətkarları təmsil edən qüvvələri buna qısqanclıqla yanaşır, prosesi pozmaq istəyir. Onlar da Rusiya kartını oynayır­lar. Buna görə də ölkə param-par­ça vəziyyətdədir. Bilmirlər hara getsinlər. Məqsədləri heç özlərinə bəlli deyil: yəni “dənizdən-dənizə böyük Ermənistan” qurmaq, yox­sa kiçik bir ölkə kimi hansısa bö­yük imperiyaların qoltuğu altında yaşamaq. Ermənistanın yeganə çıxış yolu Azərbaycanla müna­sibətləri qaydaya salmaqdan, qonşulara qarşı ərazi iddialarına son verərək, normal ölkəyə çev­rilməkdən keçir. Əks halda, bu ölkənin mövcudluğu ciddi sual altına düşəcək.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət