İrəvanın “cinayətkar” planı

post-img

Ermənistan iqtidarı əsir götürülmüş əsgərlərimizin boyunlarına “cinayət işi” qoymaqla onları törətdikləri qanlı əməllər sübuta yetirildiyinə görə Bakıda həbsxanada layiq olduqları cəzalarını çəkən erməni quldurları ilə dəyişdirmək planına baş vurmaqdadır.

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində yolu azaraq düşmən ərazisinə keçmiş və əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı “cinayət versiyaları üzərində gərgin iş” gedir. Hayastan hüquq-mühafizə orqanlarının hərbçilərimizin “törətdikləri qətl, yaxud qətllər” barədə bir-birinə zidd, rabitəsiz açıqlamaları bəzi məqamları üzə çıxarmağa kifayət qədər əsaslar verir. Əsas məqamlardan biri, həm də İrəvanın məqsədi odur ki, əsgərlərimizi qətldə ittiham etmək üçün tutarlı və inandırıcı “fakt və sübutlar” əldə olunsun. Erməni mediası artıq bu versiyanın rəsmiləşdirildiyi bərədə məlumat yayıb. Hayastan MTX-nın baş istintaq idarəsinin Hüseyn Əhliman oğlu Axundovun dövlət sərhədini qanunsuz keçməsinə görə barəsində cinayət işi başlanılması barədə vəsatəti məhkəmə tərəfindən təmin edilib. Əsgərimiz bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılmaqla sərhədi qanunsuz keçməkdə, odlu silah və döyüş sursatını gömrük nəzarətindən gizlətməkdə, habelə odlu silahın qanunsuz saxlanılması və daşınması ilə bağlı ictimai təhlükəli əməllər törətməkdə təqsirləndirilir. İrəvan şəhər ümumi yurisdiksiyalı Cinayət Məhkəməsinin qərarı ilə Hüseyn Axundov barəsində həbs qətimkan tədbiri seçilib. Hərbçimiz Aqşin Bəbirova qarşı da eyni itiham irəli sürülüb, onun barəsində də həbs qətimkan tədbiri seçilib.


Ombudsman “ssenarinin həmmüəllifi” rolunda


Ermənistan mediası məlum olayın hüquqi zəmində araşdırılması, hərbi prokurorluqda başladılan istintaqın gedişi və qondarma ittihamlar barədə ikibaşlı və bir-biri ilə uzlaşmayan fərziyyələri tirajlamaqla məşğuldur. Bu qurama tamaşada Hayastanın insan haqları üzrə müvəkkilinə də rol ayrılıb. “Armenpress”in ombudsman ofisinə istinadla yaydığı xəbərdə oxuyuruq: “Ombudsman Anait Manasyan azərbaycanlı hərbi əsirlərə baş çəkib, onların saxlanılma şəraiti, hüquqlarının, o cümlədən, sağlamlığının qorunması hüququnun təmin edilməsi ilə bağlı məsələlərlə tanış olub. Şəxsi söhbətin gedişində aydın olub ki, əsirlər işgəncə və pis rəftar faktlarının olmadığını, dövlət orqanları və rəsmi şəxslər tərəfindən psixoloji təzyiqlərə məruz qalmadıqlarını bildirblər. Hərbi əsirlər lazımi şəraitlə, xüsusilə, qida, içki, gigiyena vasitələri ilə təmin olunublar, zəruri hallarda onlara tibbi yardım göstərilir. Onlarla pulsuz (?) ictimai müdafiəçi və tərcüməçi işləyir”. Yəni, bizim hərbçilərin, guya, əla şəraitdə saxlandığını, hər şeylə təmin olunduğunu müvafiq beynəlxalq instansiyaların diqqətinə üfürən ombudsmanın açıqlamasından belə məlum olur ki, sosial şəbəkələrdə özlərinin yaydığı, əlləri bağlı halda azərbaycanlı hərbçiyə işgəncə verilməsi, onun vəhşicəsinə döyülməsi və təhqir olunması səhnələri Ermənistanda deyil, dünyanın hansısa başqa ölkəsində lentə alınıb. Qurama tamaşanın beynəlxalq miqyaslı “ssenari həmmüəllifi” rolunu oynayan Ombudsmanın bu çıxışının ardınca əsgərimiz Hüseyn Axundov mis-molibden mədəninin gözətçisini “qətlə yetirməkdə” ittiham olunur, hətta, ölənin mobil telefonu əsgərimizin “cibindən çıxır”. Plan aydındır: dumanda yolu azmış hərbçilərimizi “qatilə, cinayətkara” çevirmək. Tezliklə ikinci əsir hərbçimiz Aqşin Bəbirova qarşı da hansısa qətli törətdiyinə görə ittiham irəli sürüləcəyi tamamilə gözləniləndir. İrəvanın son məqsədi barələrində “cinayət işi” qaldırılan və mühakimə olunacaq əsgərlərimizi Azərbaycan həbsxanalarında cəzalarını çəkən erməni quldurları, həqiqi qatillərlərlə dəyişməkdir.


Özləri özlərini “de-şifrə” edirlər

Məsələnin ən maraqlı tərəfi isə İrəvanın əsgərlərimizə qarşı ittihamlarının qondarma olmasının ermənilərin özləri tərəfindən “de-şifrə” edilməsidir. Erməni siyasi şərhçi Samvel Hovhannisyanın feysbukda paylaşdığı məqaləsi bunun bariz nümunəsi sayıla bilər: “Ermənistana keçən azərbaycanlı əsgərlərdən biri Aqşin Bəbirov Sisian rayonunun Bnunis kəndində saxlanılıb. Gənc haradasa evlərdən birinə girərək mülki paltar götürsə də, heç də “bara basqın edib pul və motosiklet tələb edən, hər kəsi döyən “terminator” deyil”. Onun əsgər yoldaşı Hüseyn isə iki gün dağlarda, meşələrdə gəzib, aprelin 13-də səhər saatlarında Qafanda mülki şəxslər tərəfindən saxlanılıb. Azərbaycanlı əsgərlə çox sərt davranılıb, yerdə başını və qarnını təpikləyiblər, üzündəki yaralar aydın görünür. Sonra onu polisə aparıblar və güman edirəm ki, polis bölməsində də onunla pis rəftar olunub”.
Soydaşlarının bu və bu qəbildən olan çoxsaylı rəyləri ilə yəqin ki, ombudsman Anait Manasyan da tanış olub. Amma, o, bunları qulaqardına vursa da, insan haqlarının müdafiəçi – müvəkkili kimi təmsil etdiyi ölkənin boynuna götürdüyü və riayət erməli olduğu prinsipləri heç vaxt unutmamalıdır. Ermənistanın 1993-cü ildə qoşulduğu BMT-nin “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməli və hərbi əsirlərə qarşı zorakılıq hallarına və hədə-qorxuya yol verilməməlidir. Görünən odur ki, iki hərbçimizi qondarma ittihamlarla “cinayətkar” elan edən rəsmi İrəvan bununla həm də ictimaiyyətin gözündə zədələnmiş nüfuzunu bərpa etməyi hədəfləyir. Amma bu siyasi gedişi edənlərə fiziki yaraların tez sağaldığını, hərbi-siyasi, ideoloji zədələrin müalicəsinin isə mümkünsüzlüyünü xatırlatmaq yerinə düşər.

İmran BƏDİRXANLI,
“Xalq qəzeti”

Siyasət