Dığ ətrafında hələ ki nisbi sakitlikdir

post-img

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Gorus rayonunun Dığ kəndi (haylar “Tex” adlandırırlar) ərazisində törədilən təxribatdan sonra vəziyyət sabitləşib. Hazırda hər iki tərəf mövqelərini möhkəmləndirməklə məşğuldur.

“Azadlıq” radiosunun erməni xidməti­nin məlumatına görə, hadisədən üç gün sonra azərbaycanlı və erməni hərbçilər mühəndis-istehkam işlərini bərpa ediblər. Yerli icmanın rəhbəri Arqam Ovsepyan bildirib ki, tərəflər toqquşmadan əvvəlki mövqelərində qalırlar.

***

Xatırladaq ki, martın 28-dən 29-na keçən gecə Azərbaycan Ordusu Dığ kən­di yaxınlığında yeni mövqelər tutub. Bu yerdəyişmə 2020-ci ilin 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulmuş yeni Laçın yolunun istifadəyə verilməsi, yolun Laçın şəhərindən cənuba köçürül­məsi ilə əlaqədardır. Əgər əvvəlki Laçın–Xankəndi yolu Dığ kəndindən keçməklə Ermənistanla birləşirdisə, yeni yolun bir­ləşdirilməsi artıq qonşu Kornidzor kən­dindən keçir.

Ötən ilin avqustunda Ermənistan yolun öz ərazisindən keçən hissəsi­nin tikintisini başa çatdırmadığına görə Azərbaycan tərəfi ona 2023-cü il aprelin 1-dək köhnə yolun köhnə hissəsindən is­tifadəyə müvəqqəti icazə verib. Bu müd­dət başa çatdıqdan sonra Azərbaycan Ordusu bu yolu, eləcə də Ermənistanla sərhədin Dığ kəndi istiqamətindən keçən hissəsini bağlayıb.

Erməni tərəfi iddia edir ki, sovet dövründən qalma xəritələrə görə, Azər­baycan Ordusunun yeni mövqeləri Er­mənistan ərazisindən cəmi bir neçə yüz metr məsafədə yerləşir. Aprelin 11-dəki toqquşmalar da məhz bu mövqelərin ko­ordinatlarının dəqiqləşdirilməsi ilə bağlı mübahisələr fonunda baş verib.

***

Arqam Ovsepyan iddia edir ki, azər­baycanlılar hazırda bütün kənd üzrə on üç post yaradıblar. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar apa­rılmır. Bundan əvvəl, artıq xəbər verildiyi kimi, danışıqlara erməni tərəfdən xüsusi təyinatlı ordu korpusunun komandiri, pol­kovnik Armen Gözəlyan rəhbərlik edirdi. Amma aprelin 11-də hərbi eskalasiya nəticəsində Gözəlyan ağır yaralanıb və hazırda xəstəxanadadır.

“Gözəlyan hər gün kəndə enir, danı­şıqlar aparırdı...” – deyə Dığ icması üzv­lərindən biri “Azadlıq” radiosuna müsahi­bəsində bildirib. “Bütün işləri ancaq ordu görür. Bəs, sizcə, danışıqları kim apar­malıdır?”, – deyə icma üzvü qeyd edib.

***

Erməni analitiklər isə 11 aprel insiden­tinin arxasında Rusiyanın dayandığını iddia edirlər. Onların fikrincə, Moskvanın məqsədi Avropa İttifaqının Ermənistan­dakı sərhəd missiyasını gözdən salmaq olub. Erməni politoloq Andrias Qukasyan hesab edir ki, Dığ kəndi yaxınlığında es­kalasiya avropalı müşahidəçilərin missi­yasını gözdən salmağa yönəlmiş kampa­niyanın bir hissəsidir.

Onun fikrincə, bu kampaniyanın məqsədlərindən biri ictimai rəyə nəzarət etmək və Ermənistanda hakimiyyəti də­yişə biləcək Qərbpərəst siyasi qüvvənin formalaşmasının qarşısını almaqdır.

“Əgər cavab reaksiyası olmazsa, Av­ropa missiyası nüfuzdan düşəcək, Avropa İttifaqına Ermənistan əhalisinin inamı itə­cək. Bu da cəmiyyətin birləşməsi və kon­solidasiyası üçün maneələr yaradacaq”, – deyə Qukasyan “Kavkazski uzel”in müx­birinə müsahibəsində vurğulayıb. Qeyd edib ki, Moskvaya Ermənistan–Rusiya münasibətlərinin alternativinə inamsızlıqla yanaşan cəmiyyət lazımdır.

Siyasi şərhçi Naira Ayrumyan da Aİ missiyasına qarşı məqsədyönlü informa­siya kampaniyasının aparıldığını bildirib: “Aİ missiyasının diskreditasiyası gedir, onun regiondan çıxarılmasına cəhdlər edilir. Eyni zamanda Qərb anlayır ki, Ermənistanı tərk etsə, həm bütövlükdə Cənubi Qafqazı, həm də Yaxın Şərqi tərk edəcək”.

Göründüyü kimi, Dığ ətrafında hələ ki, nisbi sakitlik hökm sürür. Bu sakitliyin nə qədər davam edəcəyi isə hayların özləri­ni necə aparacağından asılı olacaq. Dığ kəndi və digər sərhədyanı kəndlərlə bağlı gələcəkdə baş verə biləcək proseslər öz­lərini “qədim və sivilizasiyalı” xalq hesab edən hayların dinc yanaşı yaşamaq prin­sipinə nə qədər hörmətlə yanaşdıqlarının bir göstəricisi də hesab oluna bilər.

Yeganə HACIYEVA,
politoloq

Ermənistan tərəfi Dığ kəndi ətra­fında yaranmış məsələyə, həmçinin, bütövlükdə sərhəd məsələsinə Avropa İttifaqının mülki missiyasını alət edir. Biz ilk günlərdən bu elementləri iz­ləməkdəyik. Bizim o əraziləri izləmək üçün texniki vasitələrimiz çox güclü olduğu üçün oranın məhz naviqasiya vasitəsilə Azərbaycan əraziləri olduğu və hayların ora daxil olmasının təxribat xarakteri daşıdığı sübuta yetirildi. Onu da qeyd etmək lazımdır ki, haylar ora­da missiyanın tərkibindəki fransızlarla əlbir olaraq missiyanı da təxribata alət etmək istəyirdilər. Bunun özü də Azər­baycan tərəfindən diplomatik və digər kanallarla Avropa İttifaqının diqqətinə çatdırıldı. Sonrakı mərhələdə isə Er­mənistan bunu orduda Rusiyaya bağlı olanların üzərinə atdı və sair.

Bəs, bu, nəyə gətirib çıxara bilər? Məsələ ondadır ki, Avropa İttifaqı dəqiq tanımadığı regionda onun səla­hiyyətlərini və maraqlarını zədələyən proseslərə baş qoşub. Bu proseslər Aİ-nin Cənubi Qafqazda əldə etdiyi im­kanlardan məhrum olması üçün şərtlər formalaşdırır. Azərbaycan Aİ-nin birinci missiyasının gəlişinə razılıq vermiş­di və onunla əməkdaşlıq edirdi. İkinci missiya ilə bağlı bizim heç bir öhdəlik, məsuliyyət və əməkdaşlığımız yoxdur. Ümumiyyətlə, biz hesab edirik ki, ikinci missiyanın fəaliyyətində Azərbayca­nın Aİ ilə münasibətlərini zədələyən məqamlar var. Çünki bu, bizimlə razı­laşdırmadan təktərəfli qaydada verilən qərardır. Məsələ ondadır ki, Aİ daxi­lində bir qüvvə Ermənistan vasitəsilə məhz Aİ-nin enerji təhlükəsizliyində iştirak edən Azərbaycanla münasi­bətlərini korlamaq yolu tutub. Burada da Fransa başda gedir. Bu, proseslər uzunmüddətli perspektivdə Rusiya­nın da maraqlarına cavab verir. Çünki Azərbaycan Aİ-nin enerji bazarına yeni bir oyunçu kimi daxil olub və bu da qiy­mətlərin sabitləşməsinə, bu bazarda Rusiyanın monopoliyasının zədələn­məsinə səbəb olub.

Ümumilikdə, Azərbaycanın məqsə­di onun sərhədlərinin təhlükəsizliyinin təmin olunmasıdır. Biz öz sərhədimiz boyu terror dəhlizinin formalaşmasına imkan verməyəcəyik.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət