Çoxvektorlu xarici siyasət ölkəmizi daha da qüdrətləndirir

post-img

Bizim milli maraqlarımız ondan ibarətdir ki, bütün ölkələr­lə münasibətlərimiz yaxşı olsun. Lakin bu, hansısa birtərəf­li güzəştlər hesabına deyil, məhz konkret nəticələrə yönəlmiş səmərəli əməkdaşlıq siyasəti nəticəsində əldə edilməlidir. Məncə, bunun nəticəsi ondan ibarətdir ki, Azərbaycan həm müsəlman dünyasında çox güclü mövqeyə malikdir, həm də Avropa struk­turlarında fəal iştirak edir və öz mənafelərini qoruyur.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Dəqiq elmlərdə vektor “a” nöqtəsindən “b” nöqtəsinə aparan xəttə deyilir. Həmin elmlərdən “daha dəqiq olan” siyasət və diplomatiyada isə vektor ifadəsi əməkdaşlığın, münasibətlərin istiqamətlərinə tətbiq edilir. Hələ tam formalaşmamış bəzi dövlətlərin fəaliyyətində vektor, riyaziyyatda olduğu kimi, birmənalı qəbul edilir. Yəni bir nöqtədən digərinə qədər olan məsafəni əhatə edir. Azərbaycan kimi sivil, dünya təcrübəsini tam mənimsəmiş, elmi şəkildə əsaslandırılmış fəaliyyət proqramı olan ölkələrdə isə tamamilə fərqlidir. 

Məsələn, Azərbaycanın Türk dün­yası ilə əməkdaşlığını götürək. Burada təkvektorluluq qətiyyən mümkün deyil. Çünki bu istiqamətdə bizim Bakı – An­kara, Bakı – Daşkənd, Bakı – Astana, Bakı – Aşqabad, Bakı – Bişkək və di­gər xətləri əhatə edən vektorlarımız da var. Yaxud, həmin ölkələrin hansı ilə ayrılıqda olan əməkdaşlığımızda da çoxvektorluluq mövcuddur. Məsələn, Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığı­mız təkcə siyasi – diplomatik münasi­bətləri əhatə etmir. Buraya elmi, texni­ki, mədəni, hərbi, sosial sahələri əhatə edən yol xəritələri də daxilıdir. Bu isə gənc müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsini təmin edir.

Eləcə də, Qərb sivilizasiyası ilə olan əməkdaşlıq və tərəfdaşlıq münasibət­lərimizlə yanaşı, başqa bir vektorda – Şərq sivilizasiyası ilə olan münasibətlə­rimizdə də gündən-günə genişləndiririk. Azərbaycan rəhbərliyinin bu istiqamətdə atdığı addımlar müasir tariximizə “Bakı prosesi” adı ilə düşmüşdür və dünyanın əksər siyasi mərkəzləri tərəfindən təqdir olunur. Xatırladaq ki, həmin prinsiplər Heydər Əliyev siyasi kursunda da var idi, indi daha geniş, müfəssəl və müasir for­matda davam etdirilir. 

Ekspertlərin fikrincə, Azərbaycanın siyasi-diplomatik fəaliyyətindəki çoxvek­torluluq ölkəmizin tərəfdaşlarının hamısı tərəfindən müsbət qarşılanır. Məsələn, bu il aprelin 10-da Astanada Qazaxıs­tan Prezidenti Kasım Jomart Tokayevlə birlikdə mətbuata bəyanatla çıxış edən dövlət başçımız demişdir ki, ötən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müt­təfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdi­rilməsi haqqında Bəyannamə imzalandı: “Bugünkü bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəm­lənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.

Yaxud, həmin görüşdən cəmi iki gün sonra – aprelin 13-də Sarayevoda “Azər­baycan Respublikası ilə Bosniya və Her­seqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalan­dı. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç imzaladılar.

Bu iki faktı yada salmaqda məqsə­dimiz odur ki, rəsmi Bakı, sözün həqiqi mənasında, Asiya və Avropa, Şərq və Qərb arasında heç bir fərq qoymadan, açıq, səmimi və qarşılıqlı faydalı əmək­daşlıq kursunu uğurla davam etdirir. Heç bir ölkə və ya dövlətlə əməkdaşlıq prosesində hansısa şərtimiz yoxdur. An­caq əvvəlcədən bəyan edirik ki, biz bu münasibətlərin qurulmasında və davam etdirilməsində xalqımızın maraqlarını və dövlətimizin mənafelərini əsas götürürük. Vəssalam, başqa heç bir şərtimiz yoxdur. 

Dövlət başçımız müsahibələrinin bi­rində bu məqamı xüsusilə qabartmışdı: “Bir neçə il bundan əvvəl Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu, Birləşmiş Millətlər Təşkilatının üzvlərinin mütləq əksəriyyəti deməkdir. Bu, onu göstərir ki, biz qısa müstəqillik dövründə dünyaya özümüzü böyük hörmət sahibi olan etibarlı ölkə kimi göstərə bilmişik. Biz xarici siyasətdə həmişə öz milli ma­raqlarımızı əsas götürmüşük və bu gün də belədir. Xarici siyasət daxili siyasətin davamıdır. O, daxili problemlərin həllinə kömək edir. Əlbəttə, mövqeyimiz həmişə belə olub ki, biz tərəfdaşlarımızla əlaqələ­rimizi qarşılıqlı faydalı əməkdaşlıq va­sitəsilə möhkəmlətməliyik və əməkdaşlıq yolu ilə daha sıx ünsiyyətə və qarşılıqlı anlaşmaya nail olmalıyıq. Düşünürəm ki, biz bunu edə bilmişik”. 

Dost və tərəfdaşlarımızın hamısı­nın etiraf etdiyi faktdır ki, Azərbaycanın demək olar ki, bütün ölkələrlə çox yaxşı və sıx, mehriban münasibətləri var. Təbii ki, Ermənistan istisna olmaqla. Ancaq Azərbaycan İkinci Qarabağ müharibə­sinin yaratdığı yeni reallıqlardan sonra Ermənistanla da sülh müqaviləsinin im­zalanması, regiona sabitlik gətirilməsi üçün lazım olan bütün addımları atdı. Bu, təkcə sərhədlərin delimitasiya və de­markasiyası ilə başa çatmayacaq, belə bir sülh sənədinin imzalanacağı halda, bizim Qafqazdakı əməkdaşlığımızın yeni vektoru da yaranacaq. Ancaq bəzi siyasi dairələr Ermənistanı bu addımlardan çə­kindirməkdə davam edirlər. Rəsmi İrəvan onların dediyi ilə durub-oturursa, deməli, hələ də dövlət kimi formalaşmayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı ses­siyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müza­kirələrindəki çıxışında bu məsələyə konk­ret münasibət bildirmişdir: “Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalı­dır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müs­bət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənista­na çağırış etməlidir. Ermənistanda revan­şizmin və onun silahlandırılmasının bir­başa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

Siyasət