Humanitar yüklərə heç bir maneə yoxdur

post-img

Laçın–Xankəndi yolunda Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı təşkil olunan dinc aksiyanın 127-ci günündə də ərazi humanitar məqsədlər üçün istifadəyə tam açıq olub. 

Səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Bey­nəlxalq Qırmızı Xaç Komitəsinə məx­sus yük maşınları və minik avtomobilləri ərazidən maneəsiz keçib. Sonrakı sa­atlarda hər iki istiqamətdə Rusiya sülh-məramlılarına məxsus avtomobillər ma­neəsiz hərəkət edib. Avtomobillərin içə­risində Qarabağda yaşayan erməni əsilli ailələrin də olması Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddiaların saxtalı­ğını bir daha təsdiq edir. Həmçinin, ak­siyanın ilk günündən başlayaraq Laçın–Xankəndi yolunun humanitar məqsədli bütün avtomobillər və mülki şəxslər üçün açıq olması bir daha göstərir ki, ekofəal­ların etirazının hədəfi dəqiq, məramı ay­dındır. 

Elə mənfur düşmən də aksiyanın blokada xarakteri daşıyaraq humanitar fəlakətə səbəb olması ilə bağlı, yalnız ümumiləşdirici yalançı iddialarla çıxış etməklə kifayətlənir. Həmçinin, hay­lar hər iki istiqamətdə yolun humanitar məqsədlər üçün açıq olduğunu da etiraf etməyə məcburdurlar. İrəvan mətbuatı­nın yazdığına görə, Ermənistana müa­licəyə göndərilən 12 xəstə bazar günü Qarabağa qayıdıb. Həmin günə qədər isə Beynəlxalq Qızıl Xaç Komitəsinin va­sitəçiliyi və yardımı ilə ümumilikdə 326 xəstənin Ermənistana köçürülməsi təmin edilib. Təbii ki, hər iki istiqamətdə mülki vətəndaşların sərbəst hərəkəti “blokada” iddialarını alt-üst edir. 

Rusiya sülhməramlı kontingentinin Qarabağ ərazisində fəaliyyətinə dair son günlərin məlumatında da, “blokada”ya dair heç bir işarə yoxdur. Vurğulanır ki, Rusiya sülhməramlıları marşrut üzrə hu­manitar yükdaşıyan avtomobil karvanını müşayiət etməkdə davam edir. Yəni on­ların fəaliyyətinə heç bir maneə yaradıl­mır. 

Gecə-gündüz, hətta qarlı-şaxtalı ha­valarda belə aksiyanı yorulmadan davam etdirən gənclərimiz isə fəallıqlarını gün­dən-günə artırırlar. Onlar Vətən torpaqla­rını qarı düşmən talanından xilas etmək üçün yenilməz iradəyə malik olduqlarını bütün dünyaya əzmkarlıqla nümayiş etdi­rirlər. Ekoaksiyaçılarımızın Azərbaycan, rus və ingilis dillərində səsləndirdikləri “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaq­dır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” şüarları onların tələblərinin dəyişməz olduğunu göstərir. 

Leyla QURBANOVA,
“Xalq qəzeti”

Siyasət