Məlum olduğu kimi, aprelin 14-də Azərbaycanın və İranın xarici işlər nazirləri – Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında növbəti telefon danışığı olub. Bu, son on gün ərzində nazirlər arasındakı sayca üçüncü telefon danışığıdır. Xatırladaq ki, uzun fasilədən sonra apreldəki ilk təmas ayın 7-8-də baş tutmuşdu. Bununla bağlı yayılan xəbərlər ikitərəfli münasibətlərdəki aylardır davam edən gərginliyi vurğulamışdısa, budəfəki təmas barədə eyni fikri ifadə etmək, müəyyən qədər mümkünsüzdür. Mövcud durum gərginliyin aradan qalxmasına doğru müsbət dinamika kimi qiymətləndirilə bilərmi? Yazımızda bununla bağlı söz açacaq və bəzi müqayisələr aparacağıq.
Əlbəttə, ünvanladığımız suala birmənalı cavab vermək mümkünsüzdür, bir çox məsələlərə isə zaman özü aydınlıq gətirəcək. Hələlik onu vurğulayaq ki, aprelin 14-dəki telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyət müzakirə edilib, danışıqların davam etdirilməsi və zərurət yaranacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkünlüyü üzərində dayanılıb. Tərəflər, son zamanlar müşahidə olunan, ölkələrimiz arasındakı dostluq münasibətlərinin səviyyəsinə uyğun olmayan ritorikanın zərərliliyini və bütün fikir ayrılıqlarının dialoq vasitəsilə həllinin vacibliyini qeyd ediblər. Nazirlər, ölkələrin ərazi bütövlüyü və suverenliyi prinsiplərinə hörmətin hər zaman rəhbər tutulmasının vacibliyini vurğulayıblar.
Bundan başqa, telefon danışığı zamanı Azərbaycan vasitəsilə tranzit daşımalarına dair sualların aidiyyəti dövlət qurumları arasında birbaşa təmaslar vasitəsilə müzakirə edilməsi qənaətinə gəlinib. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. XİN rəhbərləri regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
***
Nazirlərin telefon danışığı ilə bağlı İran XİN-in yaydığı məlumat da kifayət qədər nikbin notludur. Məlumatda tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Cənab Abdullahian, eyni zamanda, iki ölkənin münasibətlərində anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davamiyyətinin vacibliyini qeyd edib. Bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümidlidir.
Məlumatda həmçinin bildirilib ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb. Əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə, səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.
***
Aprelin 7-də və 8-də baş tutmuş telefon danışıqlarına gəldikdə isə diqqətçəkən ilk məqam təmasın iki gün olması idi. Bu, münasibətlərdəki gərginlikdən xəbər verən, kifayət qədər ciddi göstərici sayılırdı. Ancaq, heç şübhəsiz ki, iki gün davam edən danışıqları, eyni zamanda, gərginliyi aradan qaldırmağa yönəlmiş müsbət cəhət kimi də qiymətləndirmək mümkün idi. Üstəlik, bir çox məqamlara yetərincə açıq formada yanaşıldığını da nəzərdən qaçırmamalıyıq.
Telefon danışığı zamanı tərəflərin qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bildirmişdilər ki, mövcud məqam aprelin 14-dəki telefon danışığı zamanı da vurğulanmışdı. Bu fikrin ifadəsi onu göstərir ki, münasibətlərdəki gərginlik fonunda ərazi bütövlüyünə və suverenliyə hörmətsiz yanaşılma hallarının da qeydə alındığı etiraf edilir. Hər halda, nazirlər elə-belə məsələyə toxunmazdılar.
Telefonla təmasda iki ölkə arasında mövcud olan narazılıq və anlaşılmazlıqlarla bağlı müfəssəl müzakirə aparılmışdı. Onların aradan qaldırılması üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanmışdı ki, aprelin 14-dəki telefon danışığın nazirlərin mövcud istiqamətdəki səylərinin davamı kimi də qiymətləndirmək mümkündür.
Əlbəttə, telefonla təmas iki gün davam etmişdisə, deməli, gərginliyi müəyyənləşdirən, eyni zamanda, anlaşılmazlıqlardır. Müsbət hal odur ki, tərəflər durumun aradan qaldırılmasının vacibliyi üzərinə gəliblər və bu zaman Azərbaycanın XİN rəhbəri C.Bayramov ölkəmizin milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətə və region dövlətləri ilə ikitərəfli münasibətlərə hörmətlə yanaşılmasının vacibliyini diqqətə çatdırmışdı. Yəni, Azərbaycanın müstəqil xətti İranda anlaşılmazlıq doğurmamalıdır.
Onu da yada salaq ki, Azərbaycan və İran XİN rəhbərlərinin aprelin 7-i və 8-dəki telefon danışıqları zamanı İranın Xarici işlər naziri azərbaycanlı həmkarına sionist rejimin (İsraili nəzərdə tutub – red.) region dövlətlərinin birliyinə, təhlükəsizliyinə və tərəqqisinə qarşı sui-qəsdini vurğulamışdı. Göründüyü kimi, ölkəmizin İsraildə səfirlik açmasından narahatlıq qarşılıqlı təmasın mövzusuna da təsir göstərmişdi. Amma aprelin 14-də, Tehran tərəfindən “sionist rejimi” tipli ifadələr gündəmə gəlmədi. Bu isə həm də o deməkdir ki, hər iki ölkə daha çox qarşılıqlı mənafe amilləri üzərinə gəlirlər. Ən əsası isə bizim üçün odur ki, İran ölkəmizin maraq və mənafelərini anlayışla qarşılayır.
***
Əlbəttə, Azərbaycanın ictimai rəyindəki anti-İran ab-havası aradan qalxmayıb. Durumu şərtləndirən bir sıra amillər var. İlk növbədə, bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı terrror hücumu və məsələyə İran tərəfində layiqli hüquqi qiymətin verilməməsi nəzərə alınmalıdır.
Vacib məqamlardan biri də İranın Ermənistanı dəstəkləməsidir. Məlumdur ki, aprelin 11-də İrəvan Azərbaycanla sərhəddə silahlı insident törədərkən, məhz İrana məxsus pilotsuz uçuş aparatlarından da yararlanmışdı ki, bu, ölkəmizdəki İran əleyhinə olan mənfi ab-havanı körükləmişdi. Üstəlik, İranın Ermənistanın onun üçün vacibliyini vurğulaması fonunda İrəvanın Zəngəzur dəhlizinə müqavimət göstərməsi amili diqqətə çatdırılmalıdır. Siyahıya Azərbaycanda İrana məxsus casus şəbəkələrinin ifşasını, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdindəki İran şübhəsini, İrandakı anti-Azərbaycan şəbəkənin üzvlərinin söylədikləri qəbuledilməz yanaşmaları da əlavə etmək mümkündür. Ümid edək ki, bütün bunlara da gələcək müzakirələr zamanı aydınlıq gətiriləcək.
İran Azərbaycanın qonşusudur. Ölkələrimiz illərdir qonşuluq siyasətinə sadiq qalıblar. Dövlətimiz İrana, həmçinin, 40 milyona yaxın soydaşımızın yaşadığı ölkə kimi yanaşıb. Buna görə uzun illər dünyadakı anti-İran ritorikasında iştirak etməyib. Bakı Tehrana qarşı hücumlar üçün plasdarma çevrilməkdən imtina edib. Bunun müqabilində isə özünə, ölkəmizin suverenliyinə, müstəqil dövlət kimi varlığımıza hörmətlə yanaşılmasını istəyib. İstəyib ki, Tehranın siyasi dairələri, ona yaxın media orqanları bizə ehtiram göstərsinlər. Əlbəttə, İran ikitərəfli münasibətlərin müsbət dinamikası barədə düşünməyə, səmimi davranmağa qərar veribsə, o zaman Azərbaycan da mövcud istiqamətdə adekvat mövqe göstərməyə hazır olacaqdır.
Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

