Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli şəkildə qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər planı imzalanıb. Planda müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalarının, konsert proqramlarının, Azərbaycan günlərinin və ulu öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev məhz, bu istiqamətdə görüləcək işlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə Həştərxanda olub.
Səfər zamanı öncə Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında ulu öndərin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin abidəsi önünə əklil və gül dəstələri qoyulub. Vilayətin hökumət üzvlərinin iştirakı ilə ulu öndərin xatirəsinə ağaclar əkilib. Volqa çayı sahilində yerləşən bu parkda Azərbaycan tərəfindən aparılan əsaslı təmir-bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilib, Heydər Əliyev parkını Volqa çayının qarşı tərəfi ilə birləşdirən “Dostluq Körpüsü”ndə tamamlanmış yenilənmə işləri ilə tanışlıq olub. Ardınca Həştərxan şəhərində yerləşən II Dünya müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilib, əbədi məşəl önünə güllər düzülüb.
Sonra A.Fərzəliyev Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşüb. Prezident İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolunun olduğunu vurğulayan İ.Babuşkin ulu öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini deyib.
Ulu öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təntənəli şəkildə keçirilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat komitəsinin üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilib. Müşavirədə Həştərxan vilayətində və ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilib, həmin tədbirlərin qarşılıqlı koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir sıra məsələlər ətraflı müzakirə edilib.
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət edilib. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş məktəbin direktoru T.Tixomirova ulu öndərin 100 illik yubileyi ilə bağlı müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində işlədiklərini bildirib.

