Azərbaycan–İran münasibətləri: tarixin izi ilə keçmişdən gələcəyə gedən yol

post-img

Yaşadığımız müasir dövrdə olduqca ciddi siyasi-iqtisadi proseslər cərəyan edir. Bir çoxları baş verənləri dünyanın yeni nizamının formalaşması, beynəlxalq münasibətlər sisteminin yenidən inşa olunması ilə izah edirlər və qlobal güclərdən tutmuş kiçik ölkələrə kimi bütün dövlətlərin bu nizamda mümkün qədər əlverişli mövqelərə sahiblənmək istədiklərini düşünürlər. Ölkələrin daxilində baş verən kataklizmlər bəşər övladı üçün təəccüb doğurmayan proses olsa belə, qısa tarixi mərhələdə dövlətlərarası münasibətlər kontekstində baş verən sürətli dəyişikliklər siyasi analitika və proqnozlaşdırma üçün, sözün əsl mənasında, başağrısına çevrilib. Çünki son bir neçə ildə əski düşmən dövlətlər arasında nəzərəçarpacaq yaxınlaşma və hətta tərəfdaşlıq münasibətlərinin formalaşması bir tərəfdən, keçmiş müttəfiqlərin, hətta qardaş xalqların isə bir-birinə qənim kəsilməsi isə digər tərəfdən bir o qədər də asan izah olunan məsələlər deyil.

Vaxtilə yaxın dost və mehriban qon­şular olan Azərbaycanla İran arasında münasibətlərin gərginlik dövrünə qədəm qoyması da bu qəbildən olan hallar­dan biridir. Rəsmilərin sərt bəyanatları, hərbçilərdən tutmuş deputatlara və eks­pertlərədək, mediadan tutmuş sosial şə­bəkələrdəki fəallara qədər geniş arealda müşahidə olunan qarşılıqlı ittihamlar heç də xoşagələn hal deyil.

AZƏRTAC Azərbaycan–İran münasi­bətlərinin tarixinə və bu tarixin izi ilə keç­mişdən gələcəyə gedən yola nəzər salır. 

Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahi­an arasındakı telefon danışıqlarında da bəhs etdiyimiz problemlər müzakirə edi­lib, situasiyadan çıxış yolları aranıb. Bəli, rəsmilər də yaxşı dərk edirlər ki, ölkələri­mizin mehriban qonşuluq və əməkdaşlıq­dan savayı seçimi yoxdur: bu, tarixi, si­yasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb sadədir: Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında biri-biri ilə tarixi, mədəni və s. bağlara malik dövlətlərdir.

Tarixin izi ilə gedərkən, biz İranın döv­lətçilik ənənələrinin formalaşmasında, ölkənin inkişafında və qüdrətlənməsində, mədəni tərəqqisində azərbaycanlıların, həqiqətən də, böyük rol oynadığının şa­hidi oluruq. 

Azərbaycanlıların müasir İran əra­zisində hələ İslamın qəbulundan əvvəl yaşamış əcdadları IV əsrdən başlayaraq yaşayış məntəqələri formalaşdırmaqla yanaşı, hakimiyyətin və dövlətçiliyin də əsasını qoymağa başlamışdılar. Fars tarixçiliyində və ədəbiyyatında Əfrasi­yab şah kimi qeyd edilən xaqan Alp Ər Tunqa (“Təbakəti Nəsəri” və “Divanı Lügatit-Türk”) müasir İran ərazisində ilk azərbaycanlı hökmdar olub. Onun nəslin­dən olan sacilər, qəznəvilər və səlcuqlar sonradan İranla yanaşı, qonşu ölkələri də idarə ediblər. Daha sonra isə Atabəylər, Elxanilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular dövlətləri yaranıb ki, onları idarə edən azərbaycanlı hökmdarlar İra­nın hakimi-mütləqləri olublar. 

İranın çiçəklənmə dövrü Sultan Mah­mud Qəznəvinin hakimiyyəti illərinə dü­şür. Sultan Mahmud Hindistana 17 dəfə yürüş edərək, nəhayət, onun fəthinə nail olub. Qara Yuluq Osman bəydən sonra taxta oturmuş Uzun Həsənin dönəmində isə Ağqoyunlular Xorasandan Anadolu­ya, Qafqazdan Ərəbistan dənizinə qədər böyük bir ərazinin sahibi olublar.

1501-ci ildə Şah İsmayıl Xətainin başçılığı ilə yerli tayfaların Anadolu ətra­fında birləşməsi və Ağqoyunlu dövlətinin dağılması ilə Təbrizdə elan olunan Səfə­vilər sonradan xanədana çevrildi, 1736-cı ilədək ölkəni idarə etdi. Həmin sənədə Əfşarlar sülaləsinin yetirdiyi böyük azər­baycanlı Nadir şah səltənətinin sərhəd­lərini Hindistanın Dehli şəhərinədək ge­nişləndirmişdi. Məhz Nadir şah Dehlinin fəthindən sonra əldə etdiyi nəhəng xərac sayəsində ölkəsində tam üç il ərzində ver­giləri faktiki olaraq ən aşağı səviyyəyə en­dirmiş, İranın ağır yaralarını sağaltmışdı.

1747-ci ildə Nadir şahın öldürül­məsindən sonra hakimiyyət uğrunda davam edən uzun mübarizədən sonra taxta çıxan Ağa Məhəmməd şah Qacar 1796-cı ildə paytaxtı Tehran olan Qa­carlar dövlətini qurmuşdu. Qacarlar ta 1925-ci ilədək – Pəhləvi sülaləsi hakimiy­yətə gələnədək İranı idarə ediblər.

Ümumiyyətlə, tarixə nəzər salsaq və məxəzlərə üz tutsaq (məsələn, Əbubəkr əl Tihrani əl İsfəhaninin “Kitabi Diyarbə­kiyə”si) müasir İranda yaşayan azərbay­canlıların əcdadlarının indiki Şimali və Cənubi Azərbaycanla yanaşı, Ön Asiya­nın ən qədim sakinlərindən olduqlarını görərik. Səccadilər, Şirvanşahlar, Sala­rilər, Rəvvadilər, Şəddadilər və s. dönəm­lərini də yada sala bilərik.

İranda İslam inqilabına qədər silahlı qüvvələrdən tutmuş, ucqar əyalət bələ­diyyələrinədək praktiki olaraq dövlət ərkanının bütün səviyyələrində, cəmiy­yətin bütün tabanlarında soydaşlarımız əhəmiyyətli şəkildə təmsil olunublar. İra­nın sonuncu hökmdarı Məhəmməd Rza şahın xanımı, tarixə “Fərəh Diba” kimi düşmüş Fərəh Təbatai Pəhləvi də əslən azərbaycanlıdır.

Azərbaycanlıların İranın siyasi, mə­dəni və sosial həyatında əlahiddə ge­nişmiqyaslı rolu olub və bu rol indi də həddən ziyadə ciddidir. Təbii ki, çağdaş İranın yerləşdiyi ərazinin etnokultural və antropoloji məcazları ümumi bəşər mə­dəniyyəti ilə tarixinin inkişafında əhəmiy­yətli yer tutub. 

İranın İsfahan şəhərinin mərkəzindən axan Zayəndə çayının üzərində tarixi “Si o se pol” körpüsü var. Bu körpü yerli in­sanlarla yanaşı, İrana gələn turistlərin də diqqətini cəlb edir. (“Si o se pol” “33 tağı olan körpü” kimi tərcümə edilir). İsfaha­nın mühüm tarixi abidəsi və insanların sevimli istirahət yeri olan bu körpü ölkə­də çox məşhurdur. Lakin İranda çox az adam bilir ki, bu körpü XVII əsrdə Səfəvi dövlətinin şahənşahı II Şah Abbasın və­ziri Azərbaycan əsilli Allahverdi xan tərə­findən tikilib. Körpünün inşasına 1599-cu ildə başlanılıb və 1602-ci ildə başa çat­dırılıb. İtalyan səyyah Petro Della Valle bu körpünü Romadakı məşhur körpülər­lə müqayisə edib. Bildirib ki, “Allahverdi xan” körpüsü həm uzunluğuna, həm də eninə görə Romadakı körpülərdən bir neçə dəfə böyükdür. Körpü quruluşuna görə çoxfunksiyalı xarakter daşıyır. Bura­da şah üçün xüsusi yer ayrılmışdı. Şah əlamətdar günlərdə burada əyləşərək şəhərdəki mərasimləri seyr edirmiş. 

İran mədəniyyəti ilə sivilizasiyasının formalaşmasında, indiki modeli almasın­da hələ "Avesta"da adı keçən "İranşəhər" və ya "İranvic" coğrafi arealının böyük qismini təşkil edən, sonradan bəşər ta­rixinə "azərbaycanlıların torpağı" kimi düşən məkanın önəmini təkzib etmək mümkün deyil.

Azərbaycanın İranın sənətinə və mədəniyyətinə təsiri genişmiqyaslı ol­duğu qədər, dərin və hərtərəflidir. İndiki İranda muğam ifaçılığının inkişafında və professional şəkil almasında məhz şəhərlərimizdə yaradılmış ədəbi və mu­siqi məclisləri böyük rol oynamışdı. On­lardan ən məşhuru Şuşada “Məclisi-Fə­ramuşan”, “Məclisi-Üns”, Musiqiçilər Cəmiyyəti, Şamaxıda “Beytüs-səfa” və Mahmud ağanın musiqi məclisi, Bakıda “Məcmə-üş-şüəra”, Gəncədə “Divani-hik­mət”, Ordubadda "Əncümən-üş-şüəra", Lənkəranda “Fövcül-füsəha” və s. Olub­lar. Əslən azərbaycanlı olan, İranda ilk dəfə müasir təlim-təhsil üsullarını tət­biq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu 1888-ci ildə Təbrizdə “Mədrəseyi-Rüş­diyyə” adlı təhsil müəssisələrini (İranın ilk müasir təhsil müəssisələri) təsis edib. Bu münasibətlə farsdilli “Çehrenoma” qəzeti 1906-cı il 10 oktyabr tarixli sayında Rüş­diyyənin şəklini çap edib və altında belə yazmışdı: "İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir”.

Azərbaycanlı sənət dühaları Əb­dülqadir Marağayi və Səfiyyəddin Urməvi fars musiqi mədəniyyətinin güclənməsin­də danılmaz xidmətlərə malikdirlər. Fars nəzminə və nəsrinə, habelə elminə gəl­dikdə, Nizami Gəncəvi və İmadəddin Nə­simidən başlayaraq Cəlil Məmmədqulu­zadə və Hüseyn Cavidədək azərbaycanlı nəsr və nəzm ustadlarının yaradıcılıqla­rının, əsərlərinin təsir miqyasını hesab­lamaq mümkün deyil. Əmir Xosrov Dəh­ləvi, İmad Kirmani, Əbdürrəhman Cami, Əlişir Nəvainin yaradıcılıqlarına Nizami Gəncəvi dühasının təsiri nə qədər böyük olubsa, Firdovsi, Sədi Şirazi, Əlişir Nəvai, Rudəki də azərbaycanlı nəzm titanların­dan bir o qədər təsirləniblər.

Yaxud Nəsim Şamalın, Mirzə Əli Şə­büstərinin, Məhəmməd Hüseyn Şəhriya­rın fars poetikasına təsirini inkar etmək, sadəcə, reallığa göz yummaq olardı. İran poeziyasını dünyaya tanıdan Məhəm­mədhüseyn Şəhriyarın ilk şerlər kitabı 1931-ci ildə Tehranda həmin dövrün ta­nınmış alim və şairləri Məlikşura Bəharın, Sədi Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub. İranın farsdilli alimləri azərbaycanlı şairin ya­radıcılığına böyük qiymət verib və onun əsərlərinin bu ölkədə ədəbi mühiti for­malaşdırdığını etiraf ediblər. İranın keç­miş mədəniyyət və islami irşad naziri Əli Cənnəti Şəhriyarı xarakterizə edərək de­yib: “Şəhriyarın azərbaycanlı olması və fars dilini farslardan yaxşı bilərək şeirləri ilə İranı dünyaya tanıtması İranın mənəvi zənginliyinin göstəricisidir”. Qeyd edək ki, Məhəmmədhüseyn Şəhriyarın şeirləri 30-dan çox dilə tərcümə olunub.

Orta əsrlərdə azərbaycanlı əşar və nəsr ustalarının, həmçinin alimlərin əsər­lərini fars dilində qələmə almaları tarixi zərurət idi. Şərq tarixinə səthi də olsa bələd olan istənilən şəxs bilir ki, bəhs edil­miş dövrlərdə yaşamış şairlər və nasirlər, alimlər və tədqiqatçılar müasirliyimizdən fərqli olaraq, xalqların etnolinqvistik mən­subiyyət baxımından fərqləndirilmədiyi, “ümmə”, “xilafət”, “səltənət”, “bəylərbəy­liyi” və s. ifadələrin inzibati idarəetmə­dən tutmuş, dövlət siyasətinədək bütün sahələrə sirayət etdiyi zamanda ömür sürüblər. Dehlidə, Ürgəncdə, Xarəzmdə, hətta İstanbulda belə fars dilindən istifa­də olunub. Ancaq bu, heç bir halda Qanq sahillərindən Mərmərə dənizi sahillərinə­dək nəhəng arealın farslara məxsus ol­ması anlamına gələ bilməz. Həmin döv­rdə təkcə azərbaycanlılar deyil, özbək, türkmən, ərəb mütəfəkkirləri də fars di­lində yazıblar. Görkəmli özbək şairi Əlişir Nəvai də əsərlərini fars dilində yazıb. 

Bütün bunlarla yanaşı, Səfəvilər döv­ründə İran ərazisində dövlət dili Azərbay­can dili olub. Saraydakı bütün yazışmalar Şah İsmayıl Xətainin xüsusi sərəncamı ilə Azərbaycan dilində aparılırdı. Xətainin günümüzə gəlib çatmış “Dəhnamə” əsəri buna əyani sübutdur. İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təh­masiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu Azərbaycan dilində “xoş gəldin” sözü ilə salamlamışdı. XVII əsrin birinci yarısında Şərqə səfər etmiş itali­yalı səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşub və müsbət cavab aldıqdan sonra “xoş gəldi, səfa gəldi” söyləyib. Saray əyanları isə Şaha “qurban olum, başına dönüm” kimi ifadələrlə müraciət edirdilər. 

Eyni sözləri “Azərbaycanın UNESCO-ya verdiyi mədəniyyət nü­munələri fars mədəniyyətinin tərkib his­səsi” olması ilə bağlı bəzi iddialara da şamil edə bilərik. Azərbaycandan UNES­CO-nun qeyri-maddi mədəni irs siyahısı­na 19 nümunə daxildir. Bunlardan 17-si Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına, 2-si isə Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Siya­hıda yer almış nümunələrin heç birinin fars mədəniyyəti, etnoqrafiyası, tarixi və s. ilə hər hansı formada bağlılığı, kökü və ya əlaqəsi yoxdur.

Həmçinin xüsusi vurğulanmalıdır ki, dahi Azərbaycan bəstəkarı urmiyalı Sə­fiəddin Urməvinin (1217-1294) yaratdığı alətlər bu gün dünya musiqisində istifadə olunur. Filosof-alim Şəhabəddin Sührə­verdinin (1145-1234) “İman nəsihətləri­nin inşası və yunan qəbahətlərinin ifşa­sı”, “Rəşf ən–nəsaih əl–imaniyyə və kəşf əl–fədaih əl–yunaniyyə”, “Doğru yolu bil­dirmək və möminlərin əqidəsi”, “İlam əl–hüda və əqidət ərbab ət–tüqa”, “Quranın təfsirinə dair bəyanın pis əməli”, “Nüğbət əl–bəyan fi təfsir əl–Quran”, “Fəqirliyə dair traktat” – “Risalə fi-l-fəqr”, “Ariflərin məqamları”, “Məqam əl–arifin” və digər əsərləri dünyanın 30-dan çox kitabxana­sında və əlyazma arxivlərində saxlanılır. 

Sadalanan məqamlara istinad edərək deyə bilərik ki, xalqımızın bəşər mədə­niyyətinə, elminə və tarixinə verdiyi ən böyük töhfələrdən biri qonşu etnoslar və dövlətlərlə ümumi tarix, adət-ənənələr və mədəniyyət formalaşdırmağımızdır. 

Son statistik məlumatlara əsasən, 80 milyonluq İran əhalisinin təxminən yarısı azərbaycanlılardan ibarətdir. Azər­baycanlıların böyük əksəriyyəti Təbriz, Xorasan, Tehran, Kərəc, Şiraz, İsfahan, Kirman, Ərak, Qum, Qəzvin, Həmədan və digər bölgələrdə, hətta fars tayfala­rının olduğu regionlarda da yaşayırlar. Bugünkü İran coğrafiyasında tarixən müxtəlif türk dövlətlərinin paytaxtı olmuş doqquz şəhər (Nişapur, Rey, Sultaniyə, Marağa, Ərdəbil, Təbriz, İsfahan, Qəzvin və Tehran) var. Şübhəsiz ki, bu şəhərlə­rin arasında birinci yerdə azərbaycanlı əhalinin zəngin mədəni irsi ilə tanınan Təbriz şəhəri dayanır. Bu illər ərzində, xüsusilə də orta əsrlərdə Azərbaycanın cənubu dünya mədəniyyətinə əvəzsiz in­cilər bəxş edib. Bu günə qədər gəlib ça­tan tarixi və memarlıq abidələri, kitabələr və əlyazmalar, rəssamlıq məktəbləri, elm və mədəniyyət sahələri məhz Azərbay­canın, bilavasitə onun cənubunun adı ilə bağlıdır. Keçmişdə İranda dilimizin saray və ordu dili kimi nə qədər işlək olduğu gü­nümüzə qədər gəlib çatan əsərlərdən ay­dın görünür. Bu əsərlərin böyük bir qismi dövlət adamlarına, şahlara, padşahlara təqdim edilib və ya onların adına yazılıb. 

Marağa, Urmiya, Xoy və digər şəhər­lərdə musiqi, incəsənət, nəqqaşlıq, me­marlıq, astronomiya, kitab nəşri, xal­çaçılıq, miniatür sənəti tək-tək inkişaf etdiyi halda, bütün bu elm və mədəniyyət sahələri Təbrizdə cəmləşmişdi. Təbriz orta əsrlərdə mədəniyyətin beşiyi sayılır­dı. Mətbəə, qəzet-jurnal nəşri, uşaq bağ­çası, teatr, telefon qovşağı, kar və korlar məktəblərinin İranda ilk olaraq Təbrizdə açılıb inkişaf etməsi də şəhərin ticarət mərkəzi olmasının və mədəni zənginliyi­nin göstəricisidir. 

Əcdadlarımız qədimlərdə sərhədləri xalqları ayıran yox, birləşdirən ünsür he­sab edərək birgəyaşayış, tərəfdaşlıq və əməkdaşlıq məsələlərinə böyük önəm veriblər, homogen kulturoloji mühitin for­malaşdırılmasına can atıblar. Xalqımız və dövlətimiz öz maraqlarını, mənafeyini və təhlükəsizliyini təmin etməyə istiqamət­lənmiş siyasət yürütməklə yanaşı, qonşu ölkələrin də istəklərini nəzərə alır və bu səbəbdən də həmin dövlətlərdən analoji davranışı gözləyir.

Azərbaycan dövləti, azərbaycanlılar heç bir region dövləti və illah da ki, qonşu ölkələrdən hər hansı biri ilə münasibətlə­ri gərginləşdirməyə, siyasi merkantilizm prinsiplərinə əsasən öz məqsədlərini re­allaşdırmağa çalışmayıb və çalışmır. Biz bütün qonşularımızla, hətta dövlət sərhə­dimizin delimitasiya olunmadığı, ərazilə­rimizin 20 faizini 30 il işğalda saxlamış Ermənistanla belə normal münasibətlərin bərqərar olunmasına can atırıq. Baxma­yaraq ki, Azərbaycan ərazisinin 20 faizini 30 il müddətində işğal altında saxlayan Ermənistan azərbaycanlılara qarşı soyqı­rımı, etnik təmizləmə siyasəti həyata ke­çirib. İşğal altında olan torpaqlarımızda Azərbaycan xalqına məxsus bütün mad­di-mədəni irsimiz məhv edilib, məscidlə­rimiz dağıdılıb, dinimiz təhqir olunub. Bu faktlar aparıcı beynəlxalq təşkilatların, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının çoxsaylı qərar və qətnamələrində öz ək­sini tapıb və pislənilib. 

1991-ci ilin sonlarından başlayaraq 2020-ci ilin sentyabrınadək davam edən işğal dövrü gündən-günə harınlayan Er­mənistana və onun işğalçılıq siyasətinə dəstək verən güclərə qarşı tam təcrid vəziyyətində mətanətlə dirəniş göstərən Azərbaycan xalqı üçün tarixi sınaq dövrü oldu. Amma xalqımız əyilmədi, sınmadı, ayaq üstə durmağı, yeni güclü dövlət qurmağı, təcriddən qurtularaq beynəlxalq aləmdə çoxsaylı tərəfdaş və böyük nüfuz qazanmağı bacardı. 1990-cı illərin əvvəl­lərində dünyanın bir çox siyasi dairələrin­də artıq aqibəti həll edilmiş hesab olunan ölkəmiz 30 ilə toparlanaraq, BMT Təh­lükəsizlik Şurasının qətnamələrini tək­başına icra etməyi bacaran, işğala son qoyan və ərazi bütövlüyünü bərpa edən bir gücə çevrildi. 

44 günlük İkinci Qarabağ müharibə­sindən sonra Azərbaycan bölgədə yeni reallıqların təməlini qoydu. İşğalçı Er­mənistanın kapitulyasiyası bölgədə on illərdən bəri gözlənilən sülh və sabitliyin bərqərar olmasını şərtləndirməli idi, lakin İrəvandakı hakimiyyətin aqressiv-şovinist siyasətdən hələ də əl çəkməməsi bu pro­sesi ləngidir. 

Ermənistan indi də Cənubi Qafqaz­da sülh və sabitliyə başlıca təhdid ola­raq qalır, kənar qüvvələrin bölgəyə ayaq açmasına zəmin yaradır. Avropa İttifaqı­nın uzunmüddətli missiyasının bölgəyə gəlməsi təkcə Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması prose­sinə mənfi təsir göstərmir, həm də hazır­da Qərblə qarşıdurma vəziyyətində olan Rusiyanın, Qərbin sanksiyalarına məruz qalmış İranın maraqlarını təhdid edir. 

Ermənistan uzun illərdir yürütdüyü fit­nəkar siyasətini indi də davam etdirir və bu, İranla Azərbaycan arasında müna­sibətlərdə özünü bilavasitə büruzə verir. Tarixi, dini bağlılığı olan bu iki ölkə ara­sında münasibətlərin gərginləşməsi ki­min maraqlarına xidmət edir, kim bundan daha çox sevinir? Əlbəttə ki, Ermənistan. Zamanında bəzi ölkələr Ermənistanın və onun havadarlarının əsl niyyətini ay­dın gördülər, rəsmi İrəvanla diplomatik münasibətlər belə qurmadılar və 30 il bundan əvvəl olduğu kimi, indi də Azər­baycanı dəstəkləməkdə davam edirlər. Azərbaycan xalqı İranı da bu cərgədə görmək istəyirdi və buna haqqı da çatır.

Rəsmi İrəvan iki müsəlman dövləti olan Azərbaycan və İran arasında yara­nan gərginlikdən istifadə edərək, bunu bütün dünyada təbliğ edir və İslamı bey­nəlxalq ictimaiyyətin gözündən salmağa çalışmaqla, əslində, ona daim qucaq açan İranla dostluğa da xəyanət edir. Avropa İt­tifaqının uzunmüddətli missiyasının Ermə­nistanda olmasını həm də bu aspektdən qiymətləndirmək faydalı olardı. Ermənis­tan buna müsəlman dövlətlərinin əhatə­sində olduğunu və müsəlmanlar tərəfin­dən guya təzyiqlərə məruz qaldığını Qərb dairələrini inandırmaqla nail olub. 

İran Azərbaycanın yaxın qonşusu­dur və ölkəmiz bölgənin istisnasız olaraq bütün dövlətləri kimi, İranla da səmərəli əməkdaşlığı davam etdirməkdə maraqlı­dır. Hətta kollektiv Qərbin ciddi sanksiya­lar tətbiq etdiyi, ətrafında “təzyiq həlqəsi” qurmağa çalışdığı vaxtlarda belə Azər­baycan İrana münasibətdə daim düşü­nülmüş, rasional siyasət yeridib. Azər­baycan çox azsaylı region ölkələrindən biridir ki, ərazisindən üçüncü dövlət tərə­findən İrana hücum məqsədilə istifadə olunmasına əsla imkan verməyəcəyini dəfələrlə bəyan edib və bu gün də öz sözünün ağasıdır. Təbii ki, bütün bunlar İrana münasibətdə kimin dost, kimin xə­yanətkar olduğunu açıq şəkildə ortaya qoyur.

Hələ 2007-ci ildə Ermənistanın pre­zidenti Serj Sarkisyanın Tehrana səfə­ri zamanı iki ölkə arasında dəmir yolu əlaqəsinin yaradılması barədə müqavilə imzalandı. Həmin dövrdən ötən illər ər­zində bu istiqamətdə irəliyə doğru bir addım da olsun atılmadı. Çünki Çin­dən dəvət olunan sərmayədarlar texniki əsaslandırma apardıqdan sonra yolun tikintisinə investisiya yatırmaqdan imti­na etdilər. Məsələnin mahiyyəti ondan ibarət idi ki, bu dəmir yolu səmərəli de­yildi. Lakin Azərbaycanın iqtisadi inkişafı və regiondakı coğrafi mövqeyi onu daha cəlbedici edir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında aparıcı dövlətlərdən biridir. 

Azərbaycan-İran dövlət sərhədinin uzunluğu 765 kilometr təşkil edir. Bu da qarşılıqlı əlaqələrin daha da dərinləşdiril­məsinə imkan yaradır. Asiya ilə Avropanı birləşdirən bu dəhlizə daxil olan avto­mobil, dəmir yolları Azərbaycan və İran ərazisindən keçir. Bu isə İran ilə Azərbay­canın beynəlxalq yükdaşımalarda tranzit potensialını və rolunu artırır. İranın Oman dənizindəki Çabahar, Fars körfəzindəki Bəndər Abbas limanlarına Cənub-Şərqi Asiya və körfəz ölkələrindən daxil olan yüklər Azərbaycan ərazisindən daşına bilər. Şimal-Cənub Beynəlxalq Nəqliy­yat Dəhlizi Avropanın 800 milyona yaxın əhalinin yaşadığı 40-dan çox ölkəsi ilə 2 milyarddan çox əhalisi olan Cənub Şərqi Asiya ölkələrini birləşdirir. Bu böyük ba­zarlar arasındakı nəqliyyat əlaqəsinin Azərbaycan və İran üzərindən qurulması hər iki ölkənin iqtisadi inkişafına böyük töhfə verə bilər. 

Beynəlxalq ekspertlərin hesablama­larına görə, yaxın 10 il ərzində Asiya ilə Avropa arasındakı ticarət dövriyyəsinin həcmi trilyonlarla dollar həcmində ölçülə­cək. Bu böyük məbləğ dəyərindəki yüklər də milyardlarla ton həcmində ölçüləcək. İki qitə arasında daşınacaq yüklərin 15 faizi bu dəhliz vasitəsilə həyata keçirilsə, Azərbaycanla İran külli miqdarda gəlir əldə etmək imkanı qazanacaqlar. Dəh­lizin əsasını təkli edən Qəzvin-Rəşt-As­tara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsin­də isə işlər gecikir. Layihə çərçivəsində Azərbaycan tərəfi üzərinə düşən və­zifələri yerinə yetirib. Astara stansiyasın­dan İran dövlət sərhədinə qədər birxətli 8,3 kilometr dəmir yolu çəkilib və Astara çayı üzərində dəmir yolu körpüsü tikilib. Eyni zamanda, Astarada (İran) dəmir yolu stansiyasının tikintisi və yük termi­nallarının inşası yarımçıq qalıb. 

Vətən müharibəsində Qələbədən dərhal sonra kommunikasiya xətlərinin açılması istiqamətində fəal iş aparmağa, Zəngəzur dəhlizinin açılması ilə Asiya ilə Avropa arasında körpü salmağa və Naxçıvan Muxtar Respublikasının ölkə­mizin əsas ərazisi ilə nəqliyyat əlaqəsini bərpa etməyə çalışan Azərbaycanın bu təşəbbüslərinə region dövlətləri, o cüm­lədən də İran daha fəal qoşularsa, böl­gədə əməkdaşlığın inkişafına mühüm töhfə verə bilər. Çünki bu kommunikasi­ya xətlərinin açılması İranı da beynəlxalq nəqliyyat-logistika qovşağı zəncirində mühüm halqaya çevrilmək imkanı qa­zandırır. Qeyd edək ki, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və huma­nitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 2022-ci martın 11-də Bakıda keçirilən 15-ci iclasında Azərbay­can hökuməti ilə İran hökuməti arasında İran ərazisindən keçməklə Azərbayca­nın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Rəs­mi məlumatda qeyd olunurdu ki, Anlaş­ma Memorandumunun imzalanmasının Azərbaycanla İran arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinə tə­sadüf etməsi xüsusi əhəmiyyət kəsb edir. Memoranduma əsasən Araz çayı üzərin­də iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla, ümumilikdə dörd kör­pünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.

Azərbaycan Prezidenti işğaldan azad olunan ərazilərə səfəri zamanı İran–Azərbaycan sərhədini dostluq və qar­daşlıq sərhədi adlandırdı. Azərbaycan işğaldan azad olunan sərhəd bölgəsin­də körpü salıb gömrük-keçid məntəqəsi açmaq istəyirdi. Qarabağın bərpasında da İran şirkətlərinin iştirakına etiraz olun­madı. Bütün bunlar Azərbaycanın İrana qarşı xoşməramlı münasibətinin göstə­ricisidir. Bunların müqabilində ölkəmizin Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi, səfirlik əməkdaşının qətlə yetirilməsi, əlbəttə ki, insanlarımızı mə­yus etməyə bilməz. Azərbaycan terror aktının araşdırılmasını, günahkarların cəzalandırılmasını, terrorun səbəbinin müyyənləşdirilməsini istəyir. 

Beləliklə, əsrlər boyu böyük dövlət­lərin kəsişən maraqları nəticəsində mü­haribələrin, münaqişələrin, gərginliklə­rin yaşandığı bu bölgəni artıq sabitliyin, əmin-amanlığın, dostluq və əməkdaşlıq mühitinin hökm sürdüyü çiçəklənən, in­kişaf edən regiona çevrilməsi üçün çox gözəl şərait yetişib. Azərbaycan bu yol­da bütün bölgə ölkələrinin ümumi rifa­hına töhfə verəcək nəhəng layihələrin reallaşdırılması istiqamətində təşəbbüs­lər göstərməkdə davam edir. Təbii ki, regionun ümumi inkişafı Azərbaycanın təşəbbüslərinin bölgə ölkələri tərəfindən dəstəklənməsi və birgə əməkdaşlıq şəra­itində mümkündür. 

Azərbaycan və İran prezidentlərinin 2021-ci il noyabrın 28-də Aşqabadda görüşü zamanı iki ölkə arasında tarixi bağların və əməkdaşlığın önəmi haqqın­da danışıldı. Deməli, İran ilə Azərbaycan arasında tarixi dostluq münasibətlərinin ölkələrimizin və bölgənin ümumi inkişafı­na töhfələri nəzərə alınaraq, bu əlverişli şəraitdən istifadə edilməlidir.

Siyasət