Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd sakinləri ilə görüşdə səsləndirdiyi fikirlər ölkənin son illərdə keçdiyi tarixi-siyasi transformasiyanın məntiqi davamı kimi qiymətləndirilməlidir. Prezidentin “İndi Azərbaycan elə güclüdür ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək” sözləri konkret siyasi strategiyanın ifadəsidir.
Azərbaycan uzun illər ərzində ərazi bütövlüyü problemi ilə üz-üzə qalmışdı. 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin lokal antiterror tədbirləri nəticəsində ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu hadisələrdən sonra dövlət qarşısında duran əsas vəzifə artıq müharibə deyil, sabitliyin möhkəmləndirilməsi və sülh gündəliyinin irəli aparılmasıdır. Xocavənddə səsləndirilən mesaj bu yeni mərhələnin ideoloji çərçivəsini müəyyən edir: torpaq məsələsi artıq qapanmış mövzudur. Dövlət başçısının “heç kim torpaq iddiası ilə çıxış edə bilməz” deməsi həm daxili ictimai rəyə, həm də regiondakı və beynəlxalq aktorlara ünvanlanmış siyasi xəbərdarlıqdır. Bu, reallığın qəbul edilməsinin zəruriliyini ifadə edir.
Prezidentin çıxışında diqqət çəkən əsas məqam güclü ordu ilə sülh arasında qurulan əlaqədir. Adətən siyasi diskursda sülh və hərbi güc bir-birinə zidd anlayışlar kimi təqdim edilir. Lakin müasir beynəlxalq münasibətlər göstərir ki, zəif dövlətlərin sülhü uzunömürlü olmur. Sülhün təminatçısı gücdür. Bu məsələdə Azərbaycanın yanaşması maraqlıdır. Azərbaycan sülh istəyir, amma bu sülh milli təhlükəsizlik zəminində qurulmalıdır. Ordunun güclü saxlanılması müharibə istəyi deyil, əksinə, müharibənin qarşısını alma mexanizmidir. Bu, çəkindiricilik siyasətidir. Güclü hərbi potensial potensial riskləri minimuma endirir və diplomatik mövqeni gücləndirir. Çünki Cənubi Qafqaz hələ də həssas geosiyasi məkandır. Bölgədə müxtəlif güclərin maraqları toqquşur. Azərbaycan-Ermənistan münasibətlərində sülh müqaviləsi istiqamətində irəliləyiş olsa da, etimad mühiti tam formalaşmayıb. Belə şəraitdə hərbi balansın qorunması dövlət təhlükəsizliyinin əsas elementidir. Prezidentin bəyanatı göstərir ki, Azərbaycan bundan sonra status-kvo müdafiə edən tərəf deyil, yeni reallıqları formalaşdıran aktordur. Dövlət həm iqtisadi, həm hərbi, həm də diplomatik baxımdan əvvəlki dövrlərlə müqayisədə daha dayanıqlı vəziyyətdədir.
Xocavənddə keçirilən görüşün rəmzi tərəfi də mühümdür. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı sülhün real göstəricisidir. Ərazi üzərində nəzarət yalnız hərbi fakt deyil, orada həyatın bərpası, iqtisadi fəaliyyətin qurulması və sosial infrastrukturun yaradılması davamlı sabitliyin əsas şərtidir. Bu baxımdan, Prezidentin mesajı yalnız təhlükəsizlik doktrinası deyil, həm də dövlət quruculuğu konsepsiyasıdır, güclü ordu, güclü iqtisadiyyat, sosial sabitlik, uzunmüddətli təhlükəsizlik bu konsepsiyanın əsas müddəalarıdır. Ona görə də Prezident İlham Əliyevin Xocavənddə səsləndirdiyi fikirlər Azərbaycanın yeni mərhələdəki strateji xəttini aydın şəkildə ortaya qoyur. Ərazi bütövlüyü məsələsi bağlanıb, lakin təhlükəsizlik gündəliyi davam edir. Azərbaycan sülh tərəfdarı olduğunu bəyan edir, lakin bu sülhün yalnız güc balansı üzərində qurula biləcəyini açıq şəkildə bildirir. Bu yanaşma regional siyasətdə yeni reallığın ifadəsidir: güclü dövlət yalnız qalib gəlmir, həm də qalibiyyətini davamlı sabitliyə çevirə bilir.
MTM Analitik Qrupu

