Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının açılış mərasimində, ssenariyə uyğun olaraq, meydana gətirilən Azərbaycan Bayrağının yandırılmasından söz açacağıq.
Əvvəla, onu deyək ki, sözügedən hadisə Ermənistan cəmiyyətində ölkəmizə münasibətdəki düşmənçilik mövqeyinin, belə demək mümkünsə, parlaq təzahürüdür. Əlbəttə, buna təəccüblənmədik. Düşmənçiliyi isə xüsusi vurğulamağımızın səbəbi var. Məsələ burasındadır ki, Ermənistan hakimiyyətinin təmsilçiləri, o cümlədən, baş nazir Nikol Paşinyan müxtəlif beynəlxalq platformalardakı çıxışlarında ölkəmizdə ermənilərə qarşı düşmən münasibətin olduğunu qabardır, öz aləmlərində xal qazanmağa çalışırlar, bizi gözdən salmaq yolu tuturlar. Paşinyan buyurub öz ölkəsindəki hadisəyə nəzərən “xal” qazana bilər!
Bəli, erməni təbliğat maşını hər zaman azərbaycanlıların, guya, barbar olduqlarını dünyaya nümayiş etdirir və çalışırlar ki, “fikirləri” beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunsun. Məsələni, hətta, xüsusi strategiya halına da gətiriblər. Mövcud fonda ermənilərin, guya, sivil, dünya mədəniyyətinə töhfələr vermiş bir xalq obrazı yaradılır, təqdimatı aparılır. Ermənistan dövləti və siyasiləri də buyurub mötəbər yarışda Azərbaycanın Dövlət Bayrağına həqarətin, nə dərəcədə sivillik olduğuna aydınlıq gətirsinlər...
Təbii, biz demirik ki, Azərbaycanda Ermənistan bayrağı yandırılmayıb. 44 günlük müharibə zamanı ölkənin bayrağını, az qala, hər kəs öz avtomobilinin arxasına bağlayıb yollarda sürüyürdü. Ancaq bu hərəkətlər, ümumən, müharibənin ruhundan irəli gəlirdi. İndi müharibə yoxdur. Ancaq Ermənistanda Azərbaycan Bayrağı yandırılır. Özü də beynəlxalq idman tədbirində. Yəni siyasətə daxil olmayan bir müstəvidə. Azərbaycanda isə erməni idmançılara qarşı heç vaxt belə münasibət göstərilməyib. Bu baxımdan, 2015-ci ildə keçirilmiş I Avropa Oyunları ən yaxşı nümunədir. O vaxt Azərbaycan Prezidenti İlham Əliyev fəxri kürsüdə yer almış Ermənistan idmançısının əlini sıxmış, ona medal təqdim etmiş, habelə, əl hərəkətləri ilə zaldakı ajiotajı sakitləşdirərək erməni idmançının da alqışlanmasını təmin etmişdi. Dövlətimizin başçısı idmanla siyasətin qarışdırılmamasının örnəyini göstərmişdi.
Bəli, hansısa erməninin Azərbaycana və azərbaycanlılara, bütövlükdə, türklərə nifrət bəsləməsi mümkündür. Hər nə qədər olsa, bizə qarşı hiddət və qəzəb hissi ermənilərin xislətindən, tipik xəstəliyindən irəli gəlir. Belə bir deyim var: “Erməni anaları öz övladlarına türklərin düşmən olduğunu beşikdəcə anladırlar”. Heç şübhəsiz, İrəvanda bayrağımızı yandıran da beşikdə “tərbiyə” görmüş dığalardan biridir. Anası tərbiyə verib. Ailədə ata olmayanda və ya atanın kimliyi bilinməyəndə vəziyyətin belə mürəkkəb şəkil almasında təəccüblü heç nə yoxdur...
Ancaq Ermənistanda dövlət adlı bir şey var. O dövlət, prinsip etibarilə, bütün məqamları hesablamalıdır. Onun düşünən beyin mərkəzi olmalıdır. Düşünməlidir ki, nüfuzlu idman yarışında Azərbaycan Bayrağının yandırılması, eləcə də Türkiyə Bayrağı meydana gətiriləndə fitə basılması, hay-küy qoparılması, ilk növbədə, təşkilatçının özü üçün zərərlidir. Hər halda, Ermənistanın müvafiq qurumu əvvəldən bildirməliydi ki, hazırkı vəziyyətlə əlaqədar Azərbaycan idmançıları İrəvana gəlməsinlər. Yəni, bu müstəvidə müəyyən əsaslandırma aparılması mümkün idi. Dünya dağılmazdı. Bir idman yarışına qatılmasaq da olardı. Ancaq indi, ölkəmizin idmançıları Ermənistandadır və onların gözü qarşısında dövlətimizin bayrağı yandırılır. Sual yaranır: azərbaycanlı atletlərin İrəvana gəlmələrinə etiraz olunmamışdı ki, onlara təmsil etdikləri dövlətin bayrağının yandırılmasını izlətdirsinlər?!
Məsələni belə kateqorik qoymağımızın səbəbi var. Əlbəttə, Ermənistanın aidiyyatı hakimiyyət orqanı dünyaya xoş gəlməməsindən çəkinib deməzdi ki, Azərbaycan idmançıları yarışa qatılmasınlar. Ancaq o zaman, təşkilatçılar, mütləq qaydada, auditoriyanı nəzərə almalı idilər. Bilməli idilər ki, açılış mərasiminin keçirildiyi zalda anasından azərbaycanlılara və türklərə nifrət bəsləmək tərbiyəsi görmüş insancıqlar toplaşıblar. Yəni, hər an fors-major yarana bilər. Bu, ciddi şəkildə nəzərə alınmırsa, deməli, Azərbaycan Bayrağının yandırılması planlaşdırılmış hadisədir. Heç şübhəsiz ki, məhz belədir.
Aydın görünürdü ki, hansısa atasından bixəbər məxluq asanlıqla səhnəyə daxil oldu, bayrağı götürdü və ona od vurdu. Ardınca, guya, mühafizəçilərdən kiminsə onu neytrallaşdırmaq istəyi, arxasınca qaçması səhnəsi. Xeyri yoxdur, çünki həmin zat öz işini gördü, “şousunu” göstərdi.
Düşünülə bilər ki, bu “şou”nun Ermənistan dövlətinə zərəri var? Əlbəttə, zərəri var. Ən azı, ağırlıqqaldırma üzrə beynəlxalq qurumlar və turnirin xaricdən olan təşkilatçıları məsələni nəzərə alacaqlar. Azərbaycan tərəfi də mövcud istiqamətdə müvafiq işlər aparacaq və çalışacaq ki, hadisə pislənilsin, Ermənistana hansısa məhdudiyyətlər tətbiq edilsin və sair. Ancaq nəzərə alsaq ki, olay planlaşdırılıb və bu, gün kimi aydındır, o zaman verilən mesaj üzərində dayanaq. Onu da nəzərə alaq ki, açılış mərasimində baş nazir N.Paşinyanın özü də iştirak edirdi. Deməli, “mesaj” onun gözü önündə verilirdi. Tam mümkündür ki, “ssenari” baş nazirin aparatında hazırlanıb. Nə qədər olmasa da, iqtidara küçələrdə iğtişaşlar, yanğınlar törətməkdən gəliblər. Yəni, bu işdə “ustadırlar”.
Bəli, Ermənistan dövləti dünyaya göstərmək istəyir ki, ermənilər azərbaycanlılara qəzəb hissi ilə yanaşırlar. Nəticə: Qarabağ ermənilərinin Azərbaycanın yurisdiksiyası altında yaşamaları mümkün deyil. Həm də ona görə mümkün deyil ki, onların, xüsusən, Ermənistandakı soydaşları azərbaycanlılara nifrət bəsləyirlər. Qarabağ erməniləri isə fikirlərini ötən il bildiriblər. Bu mənada, Xankəndidə Paşinyan iqtidarı tərəfindən Azərbaycana qarşı təşkil olunmuş etiraz mitinqlərini yada salaq...
Sonda bir məqama da diqqət yetirək. Vurğuladığımız kimi, baş nazir N.Paşinyan da Azərbaycan Bayrağına həqarətli yanaşmanın baş verdiyi məlum açılış mərasimində idi. O, toplantıda çıxış da etdi və bildirdi ki, ağırlıqqaldırma üzrə Avropa çempionatının Ermənistanda təşkili ölkənin üzərinə düşən ağırlıqları qaldırmaq əzminin nümayişidir.
Bəli, nümayiş Azərbaycan Bayrağının yandırılması idi və bunun ağırlığı, heç şübhəsiz, olacaqdır. Ermənistan hakimiyyəti Azərbaycanla münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülhə əngəl törətməklə, qeyri-konstruktiv mövqe tutmaqla, üzərinə çox böyük ağırlıqlar götürməkdədir. Xüsusən də son dövrlərdə. Həmin ağırlıqların üstünə bayraq insidenti də gəldi. Görünür, Paşinyan və onun “vələdüzzina” Ermənistanı ağırlıqların altından çıxa bilməyəcəyinin fərqində deyil. Söhbət idmandan və ağırlıqqaldırma üzrə Avropa çempionatından gedirsə, o zaman, obrazlı desək, bu idman növündəki daşların Paşinyanın başına düşəcəyi qaçılmazdır.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

