Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan, oftalmologiya sahəsi üzrə ilk qadın akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmi tədqiqatları, təsirli müalicə üsulları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri də danılmazdır. Fəaliyyəti müddətində hər zaman ciddi problemlərə toxunmuş, göz xəstəliklərinin qarşısını almaq və onları ən effektiv yolla müalicə etmək üçün çalışmışdır. Alimin bu gün də aktual olan elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, böyük hədəflərə nail olduğunu sübut edir. Zərifə xanımın fəaliyyətində elmi bilikləri gənc alimlərə çatdırması böyük əhəmiyyət kəsb edir.
Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmiş və Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. 1953-cü ildə aspiranturanı bitirdikdən sonra 1957-ci ilədək Azərbaycan Elmi–Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, böyük elmi işçi, 1967-ci ildən isə Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanının peşə patologiyası laboratoriyasının və oftalmologiya kafedrasının müdiri (1982–1985) vəzifələrində çalışmışdır.
İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, elmi işini dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə edərək, 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.
Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi idi.
Zərifə xanım Əliyevanın rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.
O, Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmologiyi” (Moskva) jurnalı redaksiya heyətinin üzvü olmuşdur.
1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə, professor Z. Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax Mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. O, fəal ictimai xadim kimi orden və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
…Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, fəaliyyətinə nəzər salarkən, bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılmış və bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Akademik oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir.
Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Bu tədqiqatların nəticələri həkimlər üçün yazılmış dərs vəsaiti və monoqrafiyalarda cəmlənmişdir. “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və s. xüsusi qeyd edilməlidir. Alim göz yaşı xəstəliklərinin öyrənilməsinə xüsusi diqqət yetirmiş, bu sahəyə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının əsasını qoymuşdur.
Bunlarla yanaşı, akademik nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olmuş, bu sahəyə dair iki monoqrafiya – “İridodiaqnostikanın əsasları” və “İridodiaqnostika”nı hazırlamışdır. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.
Böyük alim elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlamışdır. Onun bu istiqamətdə apardığı elmi-tədqiqat işləri dünya ədəbiyyatında bənzəri olmayan nadir tədqiqatlar sırasındadır. Böyük alim uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmışdır. Bu elmi-tədqiqat işlərinin nəticələri alimin “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi qiymətli monoqrafiyalarında öz əksini tapmışdır.
Ülvi keyfiyyətlərə malik olan Zərifə xanım öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. Onun bu mövzuya dair baxışları oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış və “Yüksək əqidə – həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” adlı monoqrafiyalarında ətraflı işıqlandırılmışdır. Zərifə xanım Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur.
Alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. O, həkim–xəstə münasibətlərinə toxunaraq, insanlar arasında ən incə, yaxın və həssas münasibətlərin məhz həkimlə xəstə arasında olduğunu göstərmiş və “Həkim xəstənin ən doğma adamıdır” – demişdir. Zərifə xanım ƏIiyevanın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda, onun bu sahəyə dair işlərinin daha genişmiqyaslılığı və təkcə səhiyyədə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur.
Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan idi. O, eyni zamanda, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin– ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur.
Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində daha bir məqam diqqəti xüsusilə cəlb edir. O da malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu bacarıqla davam etdirməsi, oftalmologiya elminə çox böyük töhfələr verməsidir.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri xiyabanda, atasının məzarı yanında dəfn olunmuşdur. Lakin görkəmli alim, xeyirxah insan, qayğıkeş ananın adının xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəllidir. Biz onu sevir, onunla fəxr edirik.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında dəyərli fikirlər söyləyiblər. Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi”. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi”,– deyərək, onun yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu “nəciblik və mənəvi paklıq timsalı” adlandırıb. Professor V.V.Şmelyeva demişdir: “Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu “Əvəzolunmaz insan haqqında povest” adlandırardım”.
Ruhu şad olsun!
Yazgül ABDIYEVA,
Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, tibb üzrə fəlsəfə doktoru

