Göyçayda Azərbaycan Şahmat Federasiyası və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Şahmat turniri keçirilib.
Rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova qonaqları salamlayaraq ümummilli liderin həmişə idmanın inkişafına böyük diqqət ayırdığını qeyd edib, ölkəmizdə şahmata olan maraqdan və şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından söhbət açıb.
Rayon Şahmat Məktəbində keçirilən seçim mərhələsində Ucar, Ağdaş və Göyçayda yaşayan pensiyaçı və sosial müavinət alan şəxslər iştirak edərək qruplara bölünüb və turnir dairəvi sistem üzrə keçirilməklə qaliblər müəyyən edilib.
Birinci yeri tutmuş iştirakçı respublikanın əməkdar müəllimi, “Tərəqqi” medalı, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ramiz Mikayılov final mərhələsinə vəsiqə qazanıb, qalib olan ikinci və üçüncü yerlərin sahibləri Mehdi Məmmədov və Famil Abdullayev diplomla təltif olunublar.
***
Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.
Akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyi, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyi vurğulanıb. Qeyd edilib ki, onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir.
Natiqlər Zərifə Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək onun nurlu xatirəsinin qəlbimizdə əbədi olaraq yaşayacağını bildirmişlər.
Sonda Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş qısa videoçarx nümayiş olunmuşdur.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


