ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon söhbətində Rusiya-Ukrayna münaqişəsinin bir ay ərzində bitməsini istədiyini bildirib. Bu barədə “Axios” mənbələrə istinadən xəbər verib.
Məlumata görə, Tramp və Zelenski fevralın 25-də 30 dəqiqəlik telefon danışığı aparıblar. Söhbətdə ABŞ prezidentinin elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner də iştirak ediblər.
Ukrayna prezidenti ölkəsinə göstərdiyi köməyə görə Donald Trampa təşəkkür edərək deyib ki, yalnız cənab Tramp Vladimir Putini döyüşləri dayandırmağa inandıra bilər: “Daha sonra Zelenski müharibənin bu il bitəcəyinə ümid etdiyini bildirib. Tramp isə müharibənin çox uzun sürdüyünü bildirib və bir ay ərzində bitməsini istədiyini bildirib”.
ABŞ, Ukrayna və Rusiya prezidentləri arasında mümkün üçtərəfli görüş də müzakirə edilib. Donald Tramp Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların dördüncü raundu uğurlu olarsa, bu cür danışıqların təşkili üçün çalışacağını bildirib.
Nümayəndə heyətlərinin növbəti üçtərəfli görüşü martın əvvəlinə planlaşdırılıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezidentlərin yalnız razılaşmaları yekunlaşdırmaq üçün görüşməli olduqlarını bildirib.
P.ƏMİRCANOV
XQ

