Azərbaycan – Gürcüstan təmasları intensivləşir

post-img

Azərbaycanla, Azərbaycan xalqı ilə bu sıx dostluq və qardaş­lıq münasibətləri olduqca önəm­lidir. Bizim dostluğumuzun çox qədim tarixi var və Azərbaycan təkcə qonşumuz və dostumuz de­yil, bizim mühüm strateji tərəf­daşımızdır. Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələri həyata keçirmişik və o layihələr bizim xalqları, ölkələri daha da sıx birləşdirdi.

İrakli QARİBAŞVİLİ,

Gürcüstanın Baş naziri

Qəbələ, 7 aprel 2023-cü il

 

Əvvəllər Azərbaycan Prezidentinin hansısa xarici ölkəyə səfəri beynəlxalq aləmdə maraqla gözlənilir və diqqətlə izlənilirdi. Bu da səbəbsiz deyildi. Hamı bilirdi ki, İlham Əliyev yeni regional reallıqların qəbulu üçün istənilən səfərdə mütləq yeni tezislərlə çıxış edəcək. İndi isə dövlət başçımızın xarici ölkə siyasətçilərini qəbul etməsi də səfərləri kimi diqqət mərkəzində olur. Hamı bilir ki, Azərbaycan Prezidentinin çıxış, müsahibə və bəyanatlarında mütləq region və ya dünya üçün mühüm əhəmiyyət kəsb edən məqamlar olacaq. 

Dövlət başçımızın aprelin 7-də Qə­bələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul etməsini və müza­kirələrdən sonra mətbuata birgə bə­yanat vermələrini maraqla gözləyənlər də haqlı idilər. Elə cənab Prezident və dost ölkənin Baş naziri də həmin məqamı maraqla gözləyənləri intizar­da qoymadılar. Azərbaycan Preziden­ti xatırlatdı ki, bu gün bir çox önəmli məsələlər müzakirə olunmuşdur və biz gələcək fəaliyyətimizi də əldə edilmiş razılaşmalar əsasında quracağıq.

Təbii ki, qeyd olunan razılaşmala­rın əsas istiqamətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirakdan, Asiya və Avropa iqtisadiy­yatlarını qovuşduran nəqliyyat dəhliz­lərinin səmərəsinin artırılmasına töhfə verməkdən ibarətdir. Ancaq dövlət başçımız xatırlatdı ki, Gürcüstan –Azərbaycan əlaqələri bu sahələrlə məhdudlaşmır: “Bizim əlaqələrimiz bir çox sahələri əhatə edir – müdafiə səna­yesi, təhsil, mədəniyyət, turizm, texno­logiyalar, kənd təsərrüfatı”. Fikrimizcə, son zamanlar müxtəlif istiqamətlərdən təhdid eşidən Azərbaycan üçün bu əməkdaşlıq sahələrinin əhəmiyyətini sadalamağa ehtiyac qalmır.

Elə Gürcüstanın Baş naziri də bu səfərin nəticələri arasında sırf siyasi çalarların olduğunu etiraf etdi. İrakli Qaribaşvili xatırlatdı ki, biz yaxşı mə­nada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illərdə də bu, belə olacaqdır. Biz dəfələrlə bu mühüm layihələri qeyd etmişik. Dost ölkənin rəsmisi əlavə ki, biz regiondakı vəziy­yəti də müzakirə etdik (region mətbuatı elə bu cümləni gözləyirdi): “Ukrayna­dakı vəziyyət müzakirə edildi, burada risklər, çağırışlar mövcuddur. Elə ça­ğırışlar ki, onlar İkinci Dünya mühari­bəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin tə­min edilməsidir. Çünki bunlar olmasa, heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz”.

Gürcüstan rəsmisi xüsusilə vurğu­ladı ki, bizim əsas məqsədimiz regi­onda sülhü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi gözəl qar­daşlıq mühitində irəli aparacağıq. Fik­rimizcə, onun sülh və sabitlik haqqında dediklərinin konkret ünvanları da var idi. Hətta Ermənistanın müxalifət mət­buatı bu səfərdən əvvəl yazırdı ki, Bakı ilə Tbilisi regiondakı vəziyyəti müzakirə edəcəklər, biz isə kiminləsə, hansısa müzakirəni apara bilmirik. 

Bu məqamda xatırladaq ki, rəsmi Tbilisi daim Azərbaycanın maraqları­nın qorunmasına çalışmışdır. Dövlət başçımızın Qəbələdə xatırlatdığı kimi, təxminən altı ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri çərçivəsində gürcü mütəxəssis­lər bizə əsl dost jesti etmişdilər. Belə ki, Prezident İlham Əliyev və Gürcüsta­nın Baş naziri İrakli Qaribaşvili ötən il oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlı­ğının irsi” sərgisi ilə tanış olmuşdular. Məlum olduğu kimi, sərgidə “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabı təqdim edilmişdi.

O zaman türk ekspertlərdən biri yazmışdı ki, bu fakt gürcülərin Azər­baycanla dostluğu sübut etmək cəhdi deyil, bu, gürcülərin erməni saxtakarlı­ğını ifşa etməsi və həmin ifşanın dünya miqyasına çıxarılması cəhdidir. 

Xatırladaq ki, sərgidə nümayiş et­dirilən fotolar “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” kitabından seçilərək götürülmüş artefaktlar əsasında hazır­lanıb. Onların arasında Qarabağ xan­lığına aid edilən bayrağın məlum olan ilk təsvirini, Qarabağ xanları sülaləsin­də qorunmuş Şah İsmayılın qalxanı, qədim xalçaları, Sərdar məscidinin və onun fasadının dekorasiya plitələrini, həmçinin XIX əsr Şuşa şəhərinin gö­rüntülərini, XIX əsrin sonu – XX əsrin əvvəllərində Sərdar xan sarayının fa­sadını və daxili görünüşünü, XIX əsrə aid at yəhərini, iki tar və üçsimli kaman­çanı əks etdirən fotolar, Mirzə Qədim İrəvaninin müəllifi olduğu Həsən Qulu xan Qacarın, Fətəli şah Qacarın port­retləri xüsusi maraq doğururdu. 

Mütəxəssislərin fikrincə, nadir mə­dəni irsimizin göstəricisi olan nəşrdə kataloqlaşdırılmış bu kolleksiya Azər­baycan tarixinin ayrılmaz hissəsi olan Qarabağ xanlığına, onun zəngin mə­dəni irsinə beynəlxalq marağın artma­sına töhfə verəcək.

Bütün bunlar isə ermənilərin başı­na daş yağdırmaq effektinə bərabər hadisə idi. Ancaq həmin “daşı” bun­dan əvvəl ermənilər özləri öz başlarına yağdırıblar. Məhz həmin “daş” yağın­tısı”na görə də bu işğalçı, terrorçu və təxribatçı ölkə gündən-günə təklənir və kiməsə lazım olmayan topluma çevrilir. Azərbaycan isə cənab İrakli Qaribaşvi­linin Qəbələdə şahidi olduğu kimi gün­dən-günə inkişaf edir, dövlətin gücü ar­tır, əhalinin rifahı durmadan yaxşılaşır, bizimlə dost olmağa çalışanların sırası genişlənir. Dostların var olsun, Azər­baycan!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”



Siyasət