Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri zamanı ölkənin İsfara şəhəri ilə Şuşa arasında qardaş şəhər münasibətləri haqqında protokol imzalanıb. Bu hadisə Ermənistan cəmiyyətində böyük reaksiyalar doğurub. Haylar məsələ ilə bağlı etiraz bildirmək bir yana, aşkar təxribatçı fikirlər də səsləndiriblər. Biçarələr özlərinin misilsiz həyasızlıqlarını daha yüksək fazaya gətiriblər.
Qeyd edək ki, əvvəllər Şuşa ilə Özbəkistanın Xivə, Türkiyənin Kayseri və Serbiyanın Novi Pazar şəhərləri qardaşlaşmışdı. Maraqlıdır ki, erməni siyasətçiləri buna bir o qədər də önəm verməmişdilər. Bəlkə də diqqətlərində olmuşdu, amma səsləri çıxmamışdı. Nə deyəcəkdilər ki?
Necə deyərlər, növbə Tacikistana çatanda isə hay-küy salmağa başlamaları heç də təsadüfi deyil. İzah edək nə üçün? Erməni başbilənlər bildirirlər ki, taciklər etnik baxımdan Ermənistana və İrana yaxındırlar. Onların fikrincə, bu yaxınlıq, yəni farsdilli olmaq Tacikistanı da Azərbaycana qarşı münaqişəyə “məcbur” etməlidir. Bu qədər primitiv yanaşma, belə bir bəsit düşüncə və təfəkkürlə o böyüklükdə iddiaya düşmək əbəsdir.
Erməni başbilənlər onu da deyirlər ki, farsdilli Tacikistanın türkdilli Azərbaycana doğru geosiyasi dönüşü təəccüblüdür. Çünki bu tendensiya Tehran və Bakı arasında münasibətlərin kəskinləşməsi fonunda baş verir. Əlbəttə, Azərbaycan–İran münasibətlərində gərginlik var. Ancaq Tacikistan bu vektordan tamamilə uzaqdadır. Bu ölkənin yaxından-uzaqdan Tehranın orbitinə hər hansı aidiyyatı yoxdur.
Digər tərəfdən, İran Tacikistanın timsalında Orta Asiya müstəvisində özü üçün hansısa maraqlar formalaşdıra bilər, ancaq bu, o demək deyil ki, rəsmi Düşənbənin müstəqil xarici siyasətindəki hansısa seqmentin İran üçün açıq qıcıq predmetinə çevrilməsi mümkündür. Həm də ona görə mümkün deyil ki, ortada Rusiya amili var. Görünür, erməni siyasi istablişmenti bütün məsələlərdə olduğu kimi, burada da Moskvanı nəzərə almaq məntiqindən uzaqdır. Əlbəttə, onların yanaşmalarında, eyni zamanda, Tacikistanı bir dövlət kimi “qapazaltı” saymaq meyili də duyulmaqdadır.
Ermənistan siyasətçilərinin qeyd etdiyimiz mövzuda Düşənbəyə ünvanlanmış daha bir həyasız qınağı da var. Təxminən belə: Tacikistanın Xarici İşlər Nazirliyi bilmir ki, Qarabağın hüquqi statusu hələ müəyyən edilməyib? Ardınca isə bu məqam qabardılır: belə çıxır ki, Ermənistanla eyni hərbi-siyasi təhlükəsizlik platformasında – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsilçiliyinə baxmayaraq, Tacikistan öz müttəfiqinə qarşı təcavüzü dəstəkləyir və təşviq edir.
Göründüyü kimi, erməni həyasızlığı sərhəd tanımır. Çünki ölkənin özü KTMT-yə hər cür həqarət yağdırmaqdadır. Çox uzağa getməyək, Ermənistan hakimiyyəti ötən ilin noyabrında İrəvandakı sammitinə Tacikistan prezidentinin də qatıldığı KTMT-yə aşkar hörmətsizlik eləmişdi. 2023-cü ildə də ölkə iqtidarının quruma ünvanlanmış saymazyana münasibətləri sıralanmaqdadır. Belə olan halda qəfil müttəfiqliyin yada düşməsi siyasi riyakarlıqdan başqa bir şey deyil.
Bütün bunlar azmış kimi, erməni siyasilər dünyanın müxtəlif bölgələrində yaşayan tacikləri şantaj etməyi də unutmurlar. Onlar beynəlxalq miqyasda, o cümlədən, Rusiyada güclü erməni diaspor təşkilatlarının mövcudluğunu qabardırlar. Bu diasporun həm Tacikistan dövlətinə, həm də tacik diasporuna həmişə dəstək olduğunu başa qaxır və Şuşanın Tacikistanın İsfara şəhəri ilə qardaşlaşmasının münasibətlərə mənfi təsir göstərəcəyini önə çəkirlər.
Təbii ki, istənilən xalqın diasporu təmsil etdiyi ölkənin digər dövlətlə münasibətlərinə təsir göstərmək gücündədir. Bu baxımdan erməni diasporu da irəli gedib. Ancaq hazırkı məqamda şantaj elementlərinin gündəmə gəlməsi erməni diasporunun mövcud olduğu ölkələrdə tacikləri cəzalandırmaq kimi kriminal hərəkət və davranışları dövriyəyə gətirəcəyinə eyhamdır. Haylar hesab edirlər ki, belə cəza tədbirləri ilə Tacikistan dövlətinə təsir göstərmək mümkündür. Başqa hansı rıçaqları var ki? Bir daha deyək ki, erməni həyasızlığı, həqiqətən, sərhəd tanımır.
R.AMİN