“Ermənistanda erməni qadınlarının bədbəxt olduğunu düşünən insanlar var. Bu, doğru deyil. Erməni qadınları, həqiqətən, sevilir, xoşbəxtliyin və ailə dəyərlərinin nə olduğunu çox yaxşı bilirlər. Başqa bir şey də budur ki, qadınların cəmiyyətimizdəki rolu lazımi səviyyədə qiymətləndirilmir. Arzu edirəm ki, kişilər qadınları qorusun və qiymətləndirsinlər”. Bu fikirlər hər hansı qadın hüquqları ilə bağlı təşkilatın rəhbərinə, yaxud hüquq müdafiəçisinə məxsus deyil. Müəllifi Ruben Vardanyandır. O Vardanyan ki, bir neçə ay əvvələdək Azərbaycan əleyhinə basıb – kəsirdi. Öz aləmində Qarabağdakı separatçı rejimi ölkəmiz qarşı birləşdirirdi. Ay, nə bilim, milli ruh, ləyaqət və mənlik hissi formalaşdırırdı. Bir sözlə, Ruben təfəkkürünün mücərrəd guşəsində bəslədiyi ucuz populizm elementlərini bir-birinə qatmışdı.
Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan Vardanyanı tutduğu oyuncaq "dövlət naziri" postundan uzaqlaşdırdıqdan sonra gözlənilirdi ki, Ruben özünün siyasi fəaliyyətini Ermənistan daxilinə, belə demək mümkünsə, transformasiya edib baş nazir Nikol Paşinyana qarşı öncül müxaliflik uğrunda mübarizəyə girişəcək. Yəni, düşünmək olardı ki, Vardanyan hazırkı iqtidara münasibətdə sərt mövqe tutanları öz ətrafında birləşdirərək ciddi işlər gerçəkləşdirəcəkdir. Nə qədər olmasa, onun arxasındakı Rusiya amili var axı.
Nəzərə alaq ki, Rubenin ötən ilin sentyabrından Qarabağda peyda olması bölgədəki separatçılığın Rusiya qanadının işə düşməsi anlamını verirdi. "Dövlət naziri"nin fikirləri elə fon yaradırdı ki, sanki, Moskva Qarabağdakı hər hansı müsbət dinamikaya özünün sərt alternativini ortaya qoyaraq vəziyyəti destabilləşdirə bilmək potensialındadır. Daha doğrusu, bu düşüncədədir. Əslində, "plan" elə idi. Amma Azərbaycanın qətiyyətli mövqeyi, xüsusən ötən il dekabrın 12-dən başlayaraq, ekofəallarımızın və qeyri-hökumət təşkilatları təmsilçilərimizin Laçın-Xankəndi yolunda keçirdikləri aksiya bütün "ssenarini" alt-üst etdi. Nəticədə Vardanyan Qarabağ ermənilərinin həyatını ağırlaşdıran şəxs olaraq qəbul edilməyə başladı. Bu isə həm də Rusiyaya münasibətdə, ümumən, erməni cəmiyyətində hökm sürən antipatiyanı bir qədər də dərinləşdirdi. Nəhayət, A.Arutyunyan Rubeni "postundan" uzaqlaşdırdı.
Əlbəttə, keçmişə boylanmaq niyyətində deyilik. Məsələ R.Vardanyanın facebook səhifəsində yazdığı və diqqətə çatdırdığımız fikirlərindədir. Onu da bildirdik ki, həmin fikirlərin Rubenə məxsusluğunu bilməsəydik, elə sanardıq ki, onları yazan qadın hüquqları ilə məşğul olan hansısa qeyri-hökumət təşkilatının rəhbəridir. Başlıca vurğulanmalı məqam isə budur ki, Azərbaycana qarşı çıxmaq məqsədi güdən və nəhəng siyasətə burun soxan şəxs yekunda acınacaqlı duruma düşür. Özünə ciddi siyasətçi deyən birinin hazırkı potensialı baxımından erməni cəmiyyətinə verdiyi mesaj yalnız vardanyansayağı ola bilər. Bu mənada Ruben hazırda, bütövlükdə, erməni siyasətinin rəzilliyinin simvolu kimi meydana çıxır.
Ancaq nəzərə alsaq ki, Rubeni Qarabağa Moskvadan göndərmişdilər, Vardanyanın indi facebookda yazdıqları həm də onu bölgəyə dürtən dairələrin mənəvi və siyasi fiaskosudur. Diqqət yetirək, həmin dairələr heç nə edə bilmədilər, məqsədlərinə çatmağa müvəffəq olmadılar, axırda ortaya qoyduqları fiqur özünütəsdiq üçün qadınlarla bağlı sosial şəbəkə postu paylaşmaq məcburiyyətində qaldı. Başqa vasitə ilə gündəmə gəlmək yolu yoxdur və Vardanyanın siyasi qısırlığı, həm də onun arxasında dayanan qüvvənin eyni vəziyyətə düşməsi deməkdir. Belə davam etsə, Ruben qadınlarla bağlı hansısa başqa kampaniyalara da qoşula bilər. Çünki adam boş-bekardır. Heç Ermənistan siyasətində də ona yer yoxdur.
Digər tərəfdən, Vardanyan, bütövlükdə, Azərbaycana qarşı çıxan, ölkəmizə münasibətdə barışmaz mövqe tutan erməni avantürizminin düşdüyü acınacaqlı durumun sifətidir, bariz obrazıdır. Bu obraz digərləri üçün də bir siqnal olmalıdır. Məsələ heç də onda deyil ki, belələrinin hamısı Ruben kimi facebookda mənasız, yəni özlərinin siyasi amplualarına uyğun gəlməyən, iddiaları ilə bir araya sığmayan paylaşımlar etməklə miskin vəziyyətə düşəcəklər. Heç şübhəsiz, psixoz onların hərəsinə bir cür təsir göstərəcəkdir. Tam mümkündür ki, bəziləri siyasətdən qadın paltarı tikmək biznesinə girişsin, hərdən o paltarları öz üzərlərində sınaqdan çıxarmaları ehtimal ediləndir. Elə Paşinyanın komandasının da bu aqibətlə üzləşəcəyini söyləmək olar. Onsuz da hazırkı Ermənistan ictimai rəyi özünün anti-Azərbaycan ritorikası ilə aşağı-yuxarı Vardanyanın hazırda düşdüyü durumdadır.
Ancaq Rubenin fikirlərini çox da xərifliyə salmayaq. Adam heç də pis şeylərdən danışmır. Məsələn, Vardanyan onu da yazır ki, "analıq, qadın üçün ən böyük xoşbəxtlik və ən mühüm roldur. Biz hər şeyi etməliyik ki, gələcəkdə analar müharibələr nəticəsində övladlarını itirməsinlər". Göründüyü kimi, keçmiş separatçı "dövlət naziri" mətləbə gəlməyi də bacarır. Bəlkə də subliminal mesaj verir. Axı, müharibələr nəticəsində itirilən övladları doğan analardır. Erməni analarının əsrlərdir dünyaya gəlmiş övladlarına türklərin düşmən olduğunu beşikdəcə aşıladığı reallığı var. Əsrlərdir erməni xalqı adlandırılan qövm bu düşüncənin fəsadlarından əziyyət çəkməkdədir. Ancaq düşdüyü girdabı anlamayacaq dərəcədə xəstədir. Rus dissident yazıçısı, Nobel mükafatı laureatı Aleksandr Soljenitsin "Arxeopelaq QULAQ" əsərində repressiya törədən, minlərlə insanın qatilinə çevrilmiş insanları nəzərdə tutaraq, özünün məşhur ifadəsini işlətmişdi: Görəsən, onları hansı ana doğub?
Bəli, biz də soruşuruq ki, görəsən, Xocalıda yüzlərlə azərbaycanlını qanına-qaltan edən, onlara olmazın müsibətlər yaşadan və əməlləri ilə fəxr edən sarkisyanları, zori balayanları hansı analar doğmuşdu? Deməli, ilk növbədə analar, yəni onların timsalında ermənilərin genefondu dəyişməlidir ki, dünyaya belə cəlladlar gətirməsinlər. Elə Vardanyan kimilərini də, həmçinin. Yalnız belə olduğu təqdirdə Rubenin təbirincə desək, Ermənistanda qadınların bədbəxt olmadığını düşünənlər tapılacaq.
Digər tərəfdən, o da mümkündür ki, ruspərəst Vardanyan "biz hər şeyi etməliyik ki, gələcəkdə analar müharibələr nəticəsində övladlarını itirməsinlər" deməklə, hazırda rəsmi Moskva ilə daban-dabana zidd mövqe tutan, onu Cənubi Qafqazdan çıxarmaq istəyən qüvvələrin ruporuna çevrilmiş, Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı Roma Statunu ratifikasiya eməyə hazırlaşan Ermənistan hakimiyyətinə mesaj verir. Daha doğrusu, öz ağalarının mesajını çatdırır. Yəni, bizə qarşı çıxmağınız növbəti müharibədir və əgər müharibə olsa, ananız ağlayacaq. Nəzərə alaq ki, kriminal keçmişi olan Ruben məhz bu tipli mesajların verilməsi baxımından ən yaxşı vasitədir.
Ə.RÜSTƏMOV, “Xalq qəzeti”