Dünya istiqamətini xeyli dəyişib. Aparıcı qüvvələr, özünü dünyanın ağası, sahibi hesab edən ölkələr artıq bəşəriyyəti nüvə silahı ilə hədələməyə başlayıblar. Bu hədələr son günlər, həftələr ərzində artıb və bunu səsləndirənlər özlərinin bəşəriyyət qarşısında məsuliyyətlərini, demək olar ki, unudublar.
Söhbət, təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində qarşıdurmalardan gedir. Qarşıduran tərəflər, əlbəttə, məlumdur – ABŞ və Rusiya. ABŞ özünün elan etdiyi kimi, Ukrayna böhranı ətrafında 50 ölkəni qanadları altına alaraq Rusiyanı çökdürməyə çalışır. Məqsəd çoxdan elan olunub, təzə məsələ deyil – təkqütblü, bir mərkəzdən idarə olunan dünya yaratmaqdır! Buna hazırda mane olan böyük güc Rusiyadır. İndiyədək dünya sosializm sistemi, eləcə də SSRİ dağılıb və bu sistemlərdəki ölkələr, demək olar ki, əsasən Qərbin – ABŞ-ın tərəfinə keçib. İndi məsələnin qalan hissəsi Ukraynada həll olunur. Qərb bu keçmiş sovet ölkəsinə istədiyi qədər silah-sursat verir, milyardlarla vəsait xərcləyir. Və açıq şəkildə elan edilir ki, Rusiya məğlub olmayınca Ukrayna müharibəsi başa çatmayacaq.
Rusiyada isə buna istehza edirlər: görünür, ABŞ sonuncu ukraynalı ölüncə geri çəkilməyəcək.
Məsələ bundadır ki, Rusiya özü də geri çəkilmək fikrində deyil. O, birqütblü dünya düzəni ilə razılaşmır. O, ikiqütblü dünya istəyir. Dünyanın iki mərkəzdən – ABŞ-dan və Rusiyadan idarə olunmasında israrlıdır. Rusiya Ukraynada məğlubiyyətlə də razılaşmır. O, Ukraynanı özünün bir parçası, ukraynalıları özünün milləti hesab edir və bir millət arasına nifaq salanlarla barışmır. Ukraynanı özünün təsir dairəsində saxlamaq istəyir. Bunun üçün Rusiya hər şeyə hazırdır. Hətta nüvə silahından istifadə etməyə, yəni dünyanı məhv etməyə də. Moskvada bu barədə açıq bəyanatlar da səslənir. Rusiya Prezidenti Vladimir Putin xeyli əvvəl demişdi ki, Rusiya olmayacaqsa, dünya da olmayacaq.
Bu günlərdə RF XİN başçısının müavini Sergey Ryabkov da eyni fikirləri səsləndirib. O deyib ki, Rusiya və ABŞ münaqişənin qaynar fazasına daxil olublar. ABŞ Rusiyaya qarşı ən müxtəlif istiqamətlər üzrə hibrid müharibəyə cəlb olunub və bu müharibənin bəzi formaları əvvəllər tarixdə olmamış analoqsuz xarakter daşıyır. Nazir müavini nüvə müharibəsi barədəki söhbətlərə də aydınlıq gətirərək deyib ki, Rusiya bu müharibədə qalibin olmayacağını dəfələrlə bildirib, ona görə də buna yol vermək olmaz. Onun sözlərinə görə, ABŞ heç nəyi nəzərə almadan eskalasiyanı davam etdirir, onlar Rusiyanı strateji məğlubiyyətə uğrada biləcəkləri inamından kor olublar. Diplomat Vaşinqtonun, sözün həqiqi mənasında, odla oynadığını qeyd edib. Ryabkov deyib ki, Rusiyanın hər cür tədbir görməkdə qətiyyətli olduğunu və öz suverenliyini, ərazi bütövlüyünü, dövlətçiliyini qorumaq üçün bütün vasitələrdən istifadə edəcəyini qiymətləndirməməsi ABŞ üçün dəhşətli səhv olacaq.
Budur, bu bəyanatda da məğlub olmamaq üçün “hər cür tədbir” görüləcəyi, lazım gələrsə, nüvə silahına əl atılacağı sətiraltı ifadə olunur. Bəs indi necə olsun? Bu gedişlə, bu dirənişmələrlə dünyanın taleyi necə olsun? Bəlkə bu cənablar əl saxlasınlar! Bəlkə hələ bütün dünyanı nüvə silahı ilə məhv etməkdən daha yaxşı nə isə fikirləşmək mümkündür, cənablar! Bəlkə hər iki tərəf “Bir boynu olsaydı bəşəriyyətin, Onu bir qılıncla vurardım yəqin” iddiasından geri çəkilsin! Axı bəşəriyyətin məhv olmasındansa, kəllələşən güclərin hansısa kompromislər ətrafında razılığa gəlməsi daha yaxşı olar!
Dünən Türkiyı Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın da bununla bağlı narahatlığı bildirib: “Rusiya və ABŞ nüvə müharibəsi riski qarşısında razılığa gəlməlidirlər. Döyüşlərin güclənməsi və genişlənməsi ilə nüvə insidentləri riski də artır”.
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da Ukraynada münaqişənin çox tezliklə başa çatmasına çalışdıqlarını bildirib. O, dünən NATO ölkələri XİN başçılarının iclasından sonra keçirilmiş brifinqdə deyib: “Yaz hücumlarına hazırlıqların şahidi oluruq ki, bu da yeni qan tökülməsinə səbəb olacaq. Bu, bizi narahat edir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiya və Ukraynanın sülh əldə etməsi üçün böyük səylər göstərib. O, savaşda tərəf tutmadığını, sadəcə qan tökülməsinin qarşısını almağa çalışdığını qeyd edib: “Rusiyanın, yoxsa Ukraynanın daha üstün olduğunu düşünmürəm. Yeganə arzumuz bu müharibənin sülhlə başa çatmasıdır. Cənab Putinə də, Zelenskiyə də tövsiyəm, onlardan xahişim budur. İnsanların ölümü ilə nəticələnən müharibənin qalibi olmaz. İndiyədək Ukraynadan 3 milyona yaxın taxıl ixrac olunub. Taxıl ixracı məsələsində yeganə arzum məhsulların inkişaf etmiş yox, az inkişaf etmiş və ya kasıb ölkələrə daşınmasıdır”.
Son vaxtlar Çin də Ukrayna münaqişəsinin nüvə müharibəsinə çevrilməsinin get-gedə reallığa çevrilə biləcəyini nəzərə alaraq, məsələnin həllinə özünün töhfələrini verməyə can atır. Çin lideri Si Cinpinin Moskvaya səfərindən sonra Qərbdə bu ölkənin Rusiyaya silah verəcəyi ilə bağlı ajiotaj yaransa da, əslində məqsəd sülh yaradılması, dünyanın böyük nüvə fəlakətindən xilas edilməsidir. Qərbdə nüvə təhdidləri barədəki bəyanatlara zarafat kimi yanaşılsa da, Çində məsələ ciddi qəbul edilir.
Çinin Avropa İttifaqındakı səfiri Fu Çun isə “New York Times” qəzetinə müsahibəsində Qərbin ölkəsi ilə bağlı bütün şübhələrini alt-üst edib. Onun “Çin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləmir, Krımı və Donbası Rusiya kimi tanımır” – bəyanatı Qərbdə bomba effekti yaradıb.
Fu Çun Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Rusiya Prezidenti Vladimir Putinin Çinə səfər etməsini, Moskva ilə Pekin arasında qəbul olunan “hüdudsuz dostluq” haqqında bəyanatı da şərh edərək deyib ki, “hüdudsuz dostluq” ritorikadan başqa bir şey deyil”.
Lakin Çin diplomatı bildirib ki, ÇXR Rusiyanın Ukraynaya hücumunu pisləmir, çünki Moskvanın NATO-ya qarşı müdafiə olunmaqla bağlı tezislərini anlayır və buna görə də əsas səbəblərin Qərb liderlərinin dediklərindən daha mürəkkəb olduğuna inanır.
Fu Çun Çinin Rusiyaya silah vermədiyini və verməyəcəyini söyləyib, ABŞ televiziya kanallarını yalan xəbər yaymaqda günahlandırıb.
Demək, sülh bütün iddialardan, bütün müharibələrdən yaxşıdır. Ona görə də hamı sülh üçün çalışmalıdır. Elə Qərb də...
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

