Dünən Pekində İran və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Feysəl ibn-Fərhan arasında görüş keçirilib. İki ölkə öz aralarında diplomatik müasibətləri bərpa etdikləri barədə bəyanat veriblər. Bəyanata əsasən, səfiliklər və konsulluqlar qarşılıqlı olaraq yaxın iki ay ərzində açılacaq. İki ölkənin xarici işlər nazirlərinin Çinin vasitəçiliyi ilə görüşündə belə bir nəticə əldə olunub. Bu, İran və Səudiyyə XİN başçıları arasında ilk birbaşa görüş olub. Məlumatı “Euronews” verib.
Qeyd edək ki, bu ölkələr arasında münasibətlər 2016-cı ildə pozulub. O vaxt Tehran və Ər-Riyad Yəməndəki münaqişə ilə bağlı bir-birinə zidd mövqe tutublar. Səudiyyə Ərəbistanında terrorizmə dəstək verməkdə ittiham olunan şiə din adamı öldürülüb və Tehranda isə krallığın səfirliyi hücuma məruz qalıb.
“Əl-Ərəbiyyə”nin məlumatına görə, iki ölkənin xarici işlər nazirləri birgə bəyanatda uçuşların və vizaların verilməsinin bərpa olunduğunu, səfirlik və konsulluqların yenidən açılması prosesinin başladığını bildiriblər. Birgə bəyanatda rəsmilər və ikitərəfli nümayəndə heyətləri arasında görüşlərin davam etdiriləcəyi və 2001-ci ildə imzalanmış təhlükəsizlik sazişinin bərpa olunacağı elan edilib.
Xatırladaq ki, bir bu il fevralın 15-də İran Prezidenti İbrahim Rəisi də Çində səfərdə olub və çinli həmkarı Si Cinpinlə görüşüb. Görüşdə iki ölkə liderləri dostluq münasibətlərini davam etdirmək, ticarət-iqtisadi əlaqələri dərinləşdirmək barədə razılıq əldə ediblər.
İran, eyni zamanda, keçən ilin sentyabrında Çin, Rusiya, Pakistan və Hindistanın üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq üçün ərizə verib.
“Xalq qəzeti”

