Sumqayıtda yerli ziyalılar, paytaxtdan və xaricdən gəlmiş qonaqlar tanınmış şair İbrahim İlyaslının anadan olmasının 60 illiyini sevgi-sayğı ilə qeyd etdilər.
Onun yubileyinə gedərkən xatırladım ki, İbrahim İlyaslı həmişə üstündə qələm gəzdirən şairlərdəndir. Bu, yəqin ki, qələmin onun üstündə böyük haqqı olmasından irəli gəlir. Axı şair duyğu-düşüncələrin bağlı qapısını məhz qələmi ilə açıb. Elə qələmindən çıxan şeirləri ilə də sevilə-sevilə gəlib ömrün 60-na çatıb. Qələmi fənər kimi yolunu işıqlandırıb. Şair dostum üçün qələm halallıq çeşməsidir:
Bu şeirdə şeytan barmağı varsa,
Məni bu qələmdən qoru, İlahi!
Bu poetik duadan təsirlənərək düşündüm ki, İbrahimin şeir dünyası da elə halallıq bulağından süzülüb, göllənib. Bu əhvalla sənət dostumu təbrik elədim.
İbrahim İlyaslı on illərdir ki, Sumqayıt Poeziya evinə rəhbərlik edir. Prezident təqaüdünə ilk layiq görülənlərdəndir. “Tərəqqi” medalı ilə təltif olunub. Azərbaycan Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəridir. Türk Ədəbiyyatı Vəqfının fəxri üzvüdür. Nüfuzlu “Qızıl kəlmə” mükafatçısıdır. Türk ölkələrindən də dəyərli təltifləri var. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Texniki Universitetin çoxtirajlı qəzetində dərc edilib. Bu uğurlu yolun davamında istedadlı, sözü urvatlandıran şair kimi tanınıb.
Sumqayıt Dövlət Dram Teatrında keçirilən mərasimdə şeir xiridarları bütün bunlar barədə geniş söz açdılar. Şəhər rəsmiləri, deputatlar, şair dostları, poeziyasevərlər yubiliyarı səmimi təbrik etdilər. Bir şairin ömür hesabatı bir şəhərin sənət bayramına çevrildi.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

