Taekvondo üzrə Azərbaycan millisi aprelin 8-də Rumıniyanın paytaxtı Buxarestdə start götürəcək üçüncü Avropa Oyunlarına lisenziya xarakterli təsnifat turnirində iştirak edəcək.
Baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında Səyyad Dadaşov (54 kq), Xanoğlan Kərimov (63 kq), Ələsgər Əliyev (80 kq) və Həmidreza Bədriəliabadi (+87 kq) yarışda qüvvələrini sınayacaqlar.
Turnirdə hər çəki dərəcəsinin qalibi Krakov-2023-də iştirak hüququ qazanacaq.
Qeyd edək ki, Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında Azərbaycanın 7 taekvondoçusunun iştirakı artıq təsdiqlənib. Reytinqə əsasən, Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-ə vəsiqə əldə ediblər. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.
Qeyd edək ki, dünən Rumıniyaya yollanan taekvondoçular aprelin 10-da Bakıya qayıdacaqlar.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

