Cüdoçularımızın Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışı davam edir. Azərbaycan cüdo Federasiyasının məlumatına görə, hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir.
Təlim-məşq toplanışına Azərbaycanın cüdo üzrə böyüklərdən ibarət yığma komandasının 23 üzvü və gənclərdən ibarət millisinin 14 üzvü qatılıb.
Cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla performans direktoru Mark van der Ham, böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın məşqçi Elçin İsmayılov gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı 7-13 may tarixlərində Qətərin paytaxtı Dohada təşkil ediləcək böyüklər arasında Dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışı sabah başa çatacaq.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

