Qarabağda çəmbər daralır – torpaq yolda “erməni tozu” yoxdur

post-img

Son bir neçə ayda Cənubi Qafqazda sülh gündəliyi xeyli aktivləşmişdi. Ancaq Ermənistan tərəfindən buna zidd addımların atılmasının şahidi olurduq. Təsəvvür edin, dünyanın müxtəlif siyasətçilərinin, bölgə ilə maraqlı dövlətlərin liderlərinin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin bəyanat və açıqlamalarında Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ayrı-ayrı detallarına dair fikir mübadilələri gedir, pozitiv notlar gündəmə gəlir, ilk baxışdan, sülhün çox yaxın olduğu gözlənilir, ancaq İrəvan rəsmiləri bəyanatlar verərək od püskürür, açıq-aydın şəkildə Bakının yaratdığı reallıqlarla barışmayacaqlarını vurğulayırdılar. 

Üstəlik, Qarabağdakı qondarma er­məni rejiminin aktivləşdiyi hiss olunurdu. Separatçıların səsləndirdikləri fikirlərdən elə anlaşılırdı ki, sanki, 44 günlük mü­haribə olmayıb, rüsvayçı məğlubiyyət baş verməyib, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il tarixli, kapitulyasiya aktına bənzər, üçtərəfli Bəyanat imzalanmayıb. Hərçənd, erməni siyasi dairələrinin hə­min Bəyanatın ayrı-ayrı müddəaları ilə interpretasiyalara yol verdikləri, sənədi manipulyasiya predmetinə çevirdikləri də nəzərdən qaçmırdı.

Ermənistanın baş naziri Nikol Paşin­yan, xüsusən, ölkənin xarici işlər naziri Ararat Mirzoyan, təhlükəsizlik şurası­nın sədri Armen Qriqoryan, parlamentin spikeri Alen Simonyan müxtəlif bey­nəlxalq toplantılardakı çıxışlarında, ay­rı-ayrı görüşlərində Azərbaycanı aqres­siv davranışlarda ittiham edir, dünya ictimaiyyətində belə rəy formalaşdırırdı­lar ki, sanki, beynəlxalq aləmin Bakının təcavüzkar hərəkətlərinə qarşı biganə qalmaması vacibdir. 

Mövcud xüsusda Avropa İttifaqının müşahidə missiyasının regiona gətiril­məsi həyata keçirildi, eyni zamanda, Paşinyan administrasiyası BMT-nin də oxşar missiyasının Qarabağa cəlb edil­məsi niyyətini ortaya qoydu. Həmçinin, Laçın-Xankəndi yolunun açıq olmasına baxmayaraq, İrəvan rəsmiləri yolun bağlı saxlanıldığına dair fikirləri dünyaya tiraj­lamaqla Qarabağ ermənilərinin, guya, blokadada qaldıqları məntiqini inkişaf et­dirməyə, beynəlxalq ictimaiyyəti cəfəngi­yata inandırmağa qol çırmadılar.

Bəli, bütün bunlar dünya ictimaiyyə­tində Ermənistanın silaha sarılmasının vacibliyi qənaətini yaratmaq, Azərbay­cana qarşı istər hərbi, istərsə də mənəvi cəbhə formalaşdırmaq, özünə tərəfdar toplamaq məqsədinə hesablanmışdı. Əslində, alternativ yollarla – Xankən­di-Xəlfəli-Turşsu torpaq yolu ilə qanun­suz hərbi daşımaların reallaşdırılması da bundan xəbər verirdi.

***

Təbii ki, Azərbaycan dövlətinə və cə­miyyətinə 10 noyabr 2020-ci il tarixli üç­tərəfli Bəyanata zidd olaraq, Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin mövcudluğu məlum idi. O da məlum idi ki, Ermənistan onları bölgədən çıxarmaq niyyətində deyil. Laçın-Xankəndi yolun­dan hərbi təyinatlı yüklərin daşınmasının qeyri-mümkünlüyü şəraitində sözügedən torpaq yoldan hərbi məqsədlər naminə istifadə isə göstərdi ki, İrəvan özünün təcavüzkar, təxribatçı mövqeyində israr­lıdır, heç bir halda sülh istəmir. 

Onu da nəzərə alaq ki, həm Azərbay­can Prezidenti İlham Əliyev, həm də döv­lətimizin rəsmiləri çıxışlarında Ermənis­tanı tutduğu yoldan dönməyə, bölgədəki reallıqlara qarşı çıxmamağa çağırdılar, xəbərdarlıqlar etdilər. Son bir neçə ayda xəbərdarlıqların sayı artdı. Ancaq paralel olaraq Qarabağa erməni hərbi birləş­mələri üçün silah-sursat daşınmasının miqyası da genişləndi.

Bununla yanaşı, atəşkəsin pozulması halları yaşandı. Konkret olaraq, martın 20-də Zəngilan ərazisində azərbaycan­lı hərbçinin yaralanması deməyə əsas verdi ki, İrəvan yalnız Qarabağda deyil, bütün sərhəd boyu Azərbaycana hər­bi həmlələr etməyi planlaşdırır. Bakının bunu genişmiqyaslı təcavüzə hazırlıq kimi qiymətləndirməsi tam təbiidir. Daha bir məqama diqqət yetirək: qeyri-qanu­ni erməni silahlı dəstəsinin üzvləri Fü­zuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində kənd təsərrü­fatı işləri adı altında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazın­tılar aparmağa cəhd göstəriblər ki, bunun da qarşısı alınıb. 

***

Onu da düşünək ki, son zamanlar Er­mənistan hakimiyyəti və ayrı-ayrı siyasi dairələri Azərbaycana qarşı hərbi ritori­kanı gücləndiriblər və mövcud xüsusda, hətta, təhqiramiz fikirlər də gündəmə gə­tirməkdədirlər. Belə nəticə hasil olur ki, İrəvan daxili ictimai rəyi sülhə deyil, yeni müharibəyə hazırlamaq yolu tutur, möv­cud olan, aradan qalxmayan düşmənçilik münasibətlərini daha da körükləyir, köv­rək sülh perspektivini əngəlləyir. Paşin­yan administrasiyası belə yanaşması ilə Qarabağ ermənilərinin Azərbaycanın di­gər bölgələrindəki qeyri millətlərdən olan sakinlər kimi, ölkəmizə inteqrasiyasına sədd çəkir. 

Əlbəttə, mövcud durumda Azərbay­can seyrçi mövqedə qala bilməz. Nə də daimi şəkildə Ermənistanın sülh müqa­viləsi bağlamağa hazır olacağını, bizim­lə problemlərini həll etmək üçün özündə cəsarət tapacağını gözləməliyik. Eyni zamanda, Qarabağdakı Rusiya sülhmə­ramlılarının da faktiki olaraq, fəaliyyətsiz­liyinə, silah-sursat, mina və digər hərbi təyinatlı yüklərin daşınmasına qarşı çıx­mamalarına, əksinə, buna şərait yarat­malarına dözməli deyilik. Odur ki, Azər­baycan Ordusunun Laçın dəhlizindən şimalda yerləşən yolları – Xankəndi–Ko­salar–Mirzələr–Turşsu, habelə, Xankən­di–Xəlfəli–Turşsu yolunu nəzarətə götür­məsi tam qanunauyğundur.

*** 

Görünür, elə buna görə Azərbaycan Prezidenti İlham Əliyev martın 25-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Rusi­ya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Er­mənistan tərəfindən silah-sursat və şəx­si heyətin daşınması prosesinin həyata keçirildiyini diqqətə çatdırıb. Dövlətimizin başçısının bu fikri həm də Azərbaycan ordusunun əks həmləsinin məntiqiliyinin əsaslandırılmasıdır. 

Ölkəmizin liderinin 2023-cü il martın 20-də Avropa İttifaqı missiyasının yerləş­diyi Ermənistan–Azərbaycan dövlət sər­hədi istiqamətində, Ermənistanın növbəti təxribatı zamanı Dövlət Sərhəd Xidmə­tinin hərbi qulluqçusunun yaralandığını vurğulaması isə sözügedən missiyanın da İrəvanın təxribatçı niyyətinin qarşısı­nı almadığını diqqətə çatdırmaqdır. Yəni, Ermənistanın əndazəyə sığmayan dav­ranışlarına görə məsuliyyət daşıyan həm də Qərb dairələridir. 

Məlum olduğu kimi, Ş.Mişel martın 25-də Ermənistanın baş naziri Nikol Pa­şinyanla da telefon danışığı aparıb, onun cəfəngiyatlarına qulaq asıb. Cənab İlham Əliyevlə telefon danışığında Aİ-nin Azər­baycanla Ermənistan arasında sülhə nail olmağa kömək üçün güclü öhdəliyinin mövcudluğunu təsdiqləyən Ş.Mişel belə mövqe səsləndirərkən, Paşinyanın deyil, dövlətimizin başçısının bildirdiklərini dü­şünməlidir. 

Aİ Şurasının Prezidenti nəzərə alma­lıdır ki, Ermənistanın beynəlxalq hüquqla təsdiqlənmiş suveren Azərbaycan torpa­ğı olan Qarabağda gərginlik yaratdığı, ümumən, Cənubi Qafqaz regionunda hərbi əməliyyatlar riskini artırdığı, sül­hə maneçilik törətdiyi hazırkı durumda Prezident İlham Əliyevin Bakının, İrə­van tərəfindən dalana dirənmiş, Brüssel prosesini dəstəklədiyini dilə gətirməsi sıradan məsələ deyil, bütövlükdə, Qərb vasitəçiliyinə böyük jestdir. Erməni ambi­siyalarını və avantürizmini bu jestdən üs­tün tutmaq isə Şarl Mişelin təmsil etdiyi cinahın seçimidir. 

Bəli, indi həm də seçim anıdır. Ya Ermənistana "dur" deyilməli, ya da ona "dur" deyilməsinə seyrçi mövqedə daya­nılmalı, hər hansı riyakarlığa, Azərbayca­na münasibətdə qarayaxma kampaniya­larına, xaricdəki ermənipərəst qüvvələrin anti-Azərbaycan təbliğatlarına meydan verilməməlidir. Prinsipial yanaşma budur və belə də olmalıdır.

***

Bəli, Laçın yolunun şimalındakı tor­paq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla, vəziy­yətin gərginləşməsinin və potensial təx­ribatların törədilməsinin qarşısının alın­ması son dərəcə vacibdir. Azərbaycan ordusu bunu etdi. İrəvan nəticə çıxarma­lıdır. Əgər nəticə çıxarmayacaqsa, bu, Cənubi Qafqazda yeni hərbi toqquşmalar yaratmaq niyyəti kimi qiymətləndiriləcək və ölkəmiz tərəfindən zəruri əks addımla­rın atılması qaçılmaz reallığa çevriləcək­dir. Buna cavabdehlik tamamilə Ermənis­tanın siyasi rəhbərliyinin üzərindədir.

 

"Xalq qəzeti"nin analitik qrupu

Siyasət