ABŞ-ın demokratiya tərzi: sammit bölücülüyü və ikili yanaşma

post-img

Məşhur ingilis siyasi xadimi və publisisti Edmund Bleyk deyirdi ki, demokratiya dünyada ən biabırçı şeydir. Təbii ki, o, fikrini müasiri olduğu XVIII əsrə nəzərən ifadə etmişdi. Üzərindən neçə əsr keçdikdən sonra demokratiya anlayışının özündə ehtiva etdiyi çalarlar dərinləşdi. Müvafiq surətdə demokratik baxışlar da inkişaf dövrünü yaşadı. 

Lakin XXI əsrdə də biz klassik demo­katiyanın Bleykin baxışındakı “biabırçı­lıq” motivinə kökləndiyini söyləyə bilərik. Biabırçılığı inkişafmı doğurdu, ya necə, demək çətindir. Ancaq bu motiv özünü ikili standartlarda, yanaşmalarda, ay­rı-seçkilikdə göstərməkdədir. Biabırçılıq həm də demokratiyanın siyasi saxtakar­lıq predmetinə çevrilməsi cəhdlərinin ya­şanmasındadır. 

ABŞ-ın artıq ikinci dəfədir təşkil et­məyi planlaşdırdığı Demokratiya sammiti barədə də eyni sözləri söyləmək müm­kündür. Dünyada elə rəy formalaşdırılır ki, sanki, bu sammit siyasi kübarlığın rəmzidir və mövcud rəmz insan hüquq və azadlıqlarının qorunmasının prioritetliyini nəzərdə tutur. Əslində isə... 

Məlum olduğu kimi, Azərbaycan mar­tın 30-da keçiriləcək Demokratiya sam­mitinə dəvət olunmayıb. Əlbəttə, ölkəmiz toplantıya çağrılsaydı, bu yazı yazılmaya­caqdı. Ona görə yox ki, ora dəvət hədəf kimi qiymətləndirilir və hədəfə çatdınsa, sakit dayanmalısan. O səbəbdən ki, sa­dəcə, mövzuya diqqət yetirməyəcəkdik və sammiti Azərbaycanın maraq və mə­nafelərinin qorunmasına yönələn növbəti tribuna kimi qiymətləndirəcəkdik. Tədbir gedişindəki ayrı-ayrı çatışmazlıqlardan söz açacaqdıq. Müsbət cəhətlərdən də, həmçinin. 

Bəli, indiki halda Azərbaycan sam­mitə dəvət edilmiş 120 ölkənin sıra­sında yoxdur. Ancaq Ermənistanın adı var. Maraqlıdır ki, Gürcüstana dəvət də yarımçıqdır. Ölkənin yalnız prezidenti dəvətlidir, halbuki, Gürcüstan parlamentli quruluşa malik olduğundan belə ayrı-seç­kilik yolverilməzdir. Görünür, sammit təş­kilatçılarının fikrincə, Prezident Salome Zurabişvili demokratdır, baş nazir İrakli Qaribaşvili isə anti-demokrat. Yəni, orta­da belə bir absurd mənzərə var.

Ancaq ziddiyyətlər yalnız bunun­la məhdudlaşmır. Vurğulanmalı başqa məqamlar var. Məsələn, builki sammitə səkkiz yeni ölkə dəvət edilib. Bu sırada elə ölkələrin adlarına rast gəlirik ki, de­mokratiya sözü ilə onları yanaşı qoymaq olmaz. 

İlkin nəticəyə gəlirik ki, Demokratiya sammiti, orada hansı məsələlərin mü­zakirəyə çıxarılmasından asılı olmaya­raq, dünyanın, belə demək mümkünsə, özününkülərə və özündən olmayanlara bölünməsindən başqa bir şey deyil. Yəni, ayrı-seçkilik demokratiya adı altında apa­rılır və ən pisi də elə budur. Yoxsa, Ermə­nistan hara, demokratiya hara? Türkiyə də artıq ikinci dəfədir ki, sammitə dəvət almır. Necə dəvət alsın, axı, ölkə Prezi­denti Rəcəb Tayyib Ərdoğan müstəqil si­yasi xətt yürüdür və bu idarəçilik Qərbdə narazılıq doğurur. 

Əlbəttə, niyyətimiz yalnız Ermənis­tanda və sammitə dəvət olunmuş han­sısa digər ölkədə demokratiyanın səviy­yəsinin Azərbaycandan qat-qat aşağı olduğunu vurğulamaq deyil. Görünən dağa nə bələdçi? Bunu həm də ona görə demək istəmirik ki, dünyada demokratik kimi qəbul edilmiş bir sıra dövlətlərdə bəşəri dəyərlər çox kobud şəkildə pozu­lur, onlara qarşı son dərəcə ciddi etina­sızlıq az qala normaya çevrilir. Məsələn, Fransanı götürək. Ölkədə hökumətin pensiya islahatlarına qarşı etiraz edən xalq kütlələrinə nə müddətdir amansız di­van tutulur. ABŞ-ın özü də polis zorakılı­ğının tüğyan etdiyi dövlətlərdəndir. Ölkə­nin bir çox elə yerləri var ki, orada indi də insanların ağlara və qaralara bölünməsi yazılmamış qanunlarda əksini tapır və demokratiyanın rəhni sayılan qanunçu­luq bu “ənənənin” qarşısında acizdir. 

Digər yandan, demokratiya həm də sabitlikdir. Sabitlik və əmin-amanlıq olmadan onu təsəvvürə gətirmək qey­ri-mümkündür. Toplantıya dəvət almış bir sıra Afrika ölkələrində insanlar axşam düşəndən sonra küçələrdə rahat gəzə bilmirlər. Belə misalların sayını kifayət qədər artırmaq mümkündür. Sadəcə, buna lüzum görmürük. 

Bildirmək istədiyimiz budur ki, de­mokratiya adı altında dünya dövlətləri arasında bölücülük etmək heç bir norma­ya sığmır. Birincisi, demokratiya dəyər­dir, o, mahiyyət etibarilə bölgü yaradan faktor rolunda çıxış etməməlidir. İkincisi, demokratiya adı altında tədbir keçirilirsə, bu, nəzəri baxımdan birləşdirici rol oyna­malıdır. Çünki demokratiya bəşəri təbiət­lidir. Prinsip etibarilə məqsəd onunla bağ­lı hansısa faydalı mesaj vermək olmalıdır. Elə isə bu mesajı, hətta, demokratik kimi qarşılanmayan ölkələrin də qəbul və əxz etməsi vacib deyilmi? Əlbəttə, vacib­dir. Aydındır ki, sammit təşkilatçılarının məqsədi bu vacibiyyəti nəzərə almaqdan çox-çox uzaqdır.

Digər tərəfdən, Demokratiya sammiti, əslində, keçmişə qayıdışdır. XXI əsrdə belə bir tədbirin təşkili insanlığı, ən azın­dan, "soyuq müharibə" illərinə qaytar­maqdır, dünyanı yenidən qütbləşdirmək, daha doğrusu, saxlanılmaqda olan qütb­ləşməni dərinləşdirmək cəhdidir. Bu isə qorxulu tendensiyalara yol açır. Əslində, hazırda dünya bu cəhdin Rusiya–Ukray­na müharibəsi kimi qlobal təzahürü ilə baş-başa qalmaqdadır. Hər nə qədər Ru­siya suveren Ukraynanın ərazisinə daxil olub işğalçılıq həyata keçirsə də, faktiki olaraq, müharibə maraq və mənafelər davası olmaqla, haqqında söz açdığı­mız qütbləşmənin acı təzahür formasıdır. Bunun nəticəsidir ki, tərəflər demokrati­yanı deyil, yalnız öz həqiqətlərini üstün tuturlar. Nəzərə alaq ki, Rusiya elə-belə­dən Ukraynaya hücum çəkməmişdi. Öz haqqını əsas götürmüşdü. Deməli, çilili diktator Auqusto Pinaçet də “mən de­mokratam, ancaq bu sözü özümün başa düşdüyüm kimi” deyərkən haqlı idi. 

Dünya faşizminin banilərindən olan Benito Mussolini isə deyirdi: Həqiqət bu­dur ki, insanlar demokratiyadan beziblər. Fikrimizcə, o, müəyyən mənada, haq­lı idi. Ona görə ki, bəşəriyyət xüsusən də XX əsrin əvvəllərində demokratiya adı altındakı təqdimatların Birinci dünya müharibəsi kimi insanlıq bəlasını doğur­duğunu görmüş və bezmişdi. Nəticədə nasional-sosializm populyarlaşmış və İkinci dünya müharibəsi baş vermişdi. Görünən budur ki, hazırda məqsədli şə­kildə insanlığı demokratiyadan bezdirmə prosesi gedir. Heç şübhəsiz, bu prosesin növbəti bəlaya yol açma ehtimalı böyük­dür. Çünki bütün qeyri-ordinar hərəkət və davranışlar insanların iyrənməsi zamanı baş verir. 

Qərb, konkret olaraq ABŞ belə sam­mitlər təşkil etməklə, guya, demokratiya təbliğatını apardığını göstərməklə, əslin­də, dünyanı demokratiyadan bezdirmək­dən başqa məqsəd güdmür. Bu yerdə XX əsr Amerika ictimai fikrinin görkəmli nümayəndəsi, filosof və publisist Noam Homski də haqlıdır. O deyirdi ki, demok­ratiya naminə təbliğat totalitar hakimiy­yətin qurulması üçün təhrikdir. Görünür, Birləşmiş Ştatlar administrasiyası da dünyada totalitarizmin qurulmasında ma­raqlıdır. 

Bəli, ABŞ-da yaxşı anlayırlar ki, Azər­baycan müstəqil siyasi xətt yürütdüyün­dən, onu hər hansı çərçivəyə salmaq mümkünsüzdür. Belə olan halda, təbii ki, ölkəmiz Demokratiya sammitindən kə­narda qalmalıdır və qalır da...

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət