Ekofəallar: Laçın yoluna nəzarət qanuni haqqımızdır

post-img

Laçın–Xankəndi yolunda ekofəallar şərəfli missiyalarını davam etdirirlər. Heç şübhəsiz ki, erməni mətbuatında yolun bağlı olması ilə bağlı yer alan saxta bilgilər Azərbaycanın əleyhinə hesablanmış növbəti avantüradır. Onların bu çirkin kampaniyalarına baxmayaraq, Xankəndi-Laçın yolunda sərbəst hərəkət edən hər bir nəqliyyat vasitəsinin maneəsiz keçidi yolun humanitar məqsədlər üçün açıq olmasına sübutdur.

Novruz bayramı günlərində Xankən­di-Laçın yolunda etiraz aksiyasının keçi­rildiyi yerdə bayram tonqalı çatılıb. Bay­ram simvolu sayılan səməninin təsviri quraşdırılıb. Eyni zamanda, aksiya işti­rakçıları üçün Novruz süfrəsinin təam­larından olan şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hazırlanıb. Orada quraşdırılan bayram çadırında Azərbay­canın milli mətbəxinin xörəkləri bişirilib.Bununla yanaşı, ərazidə musiqi səhnəsi quraşdırılıb, tanınmış müğənnilərdən Hiss, Nuri Sərinləndirici, Jane və Röya Ayxanın ifasında mahnılar dinlənilib.

***

Ötən günlərdə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı zamanı Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyəti də müzakirə olu­nub. Dövlətimizin başçısı qeyd edib ki, yolun, guya, blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatı­dır. Azərbaycan Prezidenti onu da vur­ğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdi­rildiyi ərazilərimizdə qanunsuz hərbi da­şımalar, şəxsi heyətin rotasiyasını həya­ta keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın La­çın yolunun Ermənistanla sərhədinin son nöqtəsində nəzarət-keçid məntəqə­sinin yaradılmasının labüdlüyünü xüsu­silə vurğulayıb.

Qeyri-qanuni erməni silahlı dəstələ­ri tərəfindən bəzi dağlıq və torpaq əra­zilərdən keçməklə bir neçə marşrut üzrə yeni yolların çəkilməsi, həmçinin köhnə cığırların genişləndirilməsi üzrə işlər həyata keçirirdilər. Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqavilə əsasında hərbi xidmətə cəlb olunmuş şəxslərdən və yerli sakinlərdən istifadə edilirdi.

Yaranmış vəziyyət nəzərə alınaraq, Laçın yolunun şimalındakı torpaq yol­larından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfin­dən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribat­ların törədilməsinin qarşısının alınma­sı məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib.

Ermənistanın Azərbaycan ərazisində­ki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin son günlər törətdikləri təxribat­lar onu deməyə əsas verir ki, rəsmi İrə­van sülh müqaviləsinin imzalanmasından boyun qaçırır. Ermənistanın eskalasiyaya can atması, habelə Azərbaycanın Qara­bağ bölgəsinə qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı va­sitələrin daşınmasının intensivləşməsi onu göstərir ki, bu terror dövləti xislətin­dən əl çəkənə oxşamır. Ekofəallar Laçın yolunda nəzarət-keçid məntəqəsinin ya­radılmasını qanuni haqları hesab edirlər. Həmçinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımalar və Ru­siya sülhməramlı kontingentinin onları müşayiət etməsi, mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolu­nun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycan tərəfindən sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zərurətə çevirib.

Ermənistan mətbuatında Azərbayca­nı üçtərəfli razılaşmanın bəndlərini poz­maqda ittiham edən bu ölkənin “başbilən­ləri” hər dəfə siyasi rəhbərliyinin necə simasız və ikiüzlü olduğunu göstərir. Rəsmi İrəvan təkcə Azərbaycanla Ermə­nistan arasında müxtəlif platformalarda əldə edilən razılaşmalara qarşı çıxmır, sərhəddə atəşkəsi tez-tez pozur, təxribat­lar törədir. Ermənistanın narahatlığının başqa bir səbəbi odur ki, Laçın yolu va­sitəsilə Xankəndiyə və ətraf rayonlara si­lah-sursat, hərbi texnika daşıya bilmirlər. 

 

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Siyasət