Putin İrəvana gəlsə, həbs olunacaqmı?

post-img

Məlum olduğu kimi, bir neçə gün öncə Ermənistan konstitusiya məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair orderini konstitusiyaya uyğun olaraq tanıyıb. Bu isə o deməkdir ki, Kreml rəhbəri Ermənistana daxil olacağı təqdirdə, həbslə üzləşəcək. Belə bir qərarın verilməsi, şübhəsiz, siyasi xarakterlidir və onun onsuz da gərgin olan Moskva–İrəvan münasibətlərini daha da gərginləşdirəcəyi birmənalıdır. Əslində, Ermənistan–Rusiya münasibətlərində qəribəlik də var. Bir tərəfdən, problemlər göz qabağındadır, iki dövlətin ayrı-ayrı rəsmi nümayəndələri, hətta, bir-biri haqqında qeyri-müəyyən bəyanatlar verirlər. Digər yandan, rəsmilərin görüşlərində diametral əks bəyanatlar eşidilir, tərəflər, sanki, ciddi fikir ayrılıqlarının olmadığını vurğulayır və müttəfiqliyə sadiqliklərinin nümayişinə çalışırlar. Ancaq onların qeyri-müəyyən vəziyyəti uzun müddət saxlaya biləcəklərinə şübhələr də az deyil.

Ziddiyyətlərin əyani təsdiqinin bir bucağını Ermənistanın üzv olduğu və Rusiyanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Təşkilatına münasibəti təş­kil edir. İrəvan qurumun respublikadakı monitorinq missiyasına etinasız yana­şır. Belə ki, baş nazir Nikol Paşinyan, ölkə parlamentinin sədri Alen Simonyan, eləcə də digər dövlət rəsmiləri dəfələrlə KTMT-ni, habelə, Qarabağdakı Rusiya sülhməramlılarını çox sərt tənqid edib­lər. Yeri gəlmişkən bildirək ki, bir müddət əvvəl Ermənistan qurumun baş katibinin müavini kvotasından imtina edib. Martın 14-də keçirdiyi mətbuat konfransında bu qərarı şərh edən N.Paşinyan “biz KT­MT-dən çıxmırıq, KTMT Ermənistanı tərk edir” fikrini bir daha təkrarlayıb.

KTMT-nin Azərbaycanla sərhəddəki müşahidə missiyasına gəlincə, təşkila­ta üzv dövlətlər ötən ilin noyabrındakı İrəvan sammiti zamanı Ermənistanın Bakının təcavüzü kimi qiymətləndirdiyi sentyabr hərbi toqquşmasını pisləmək­dən imtina etdilər. Bundan sonra Paşin­yan administrasiyası Avropa İttifaqının monitorinq missiyasını regiona çağırmaq qərarına gəldi. Ermənistan Aİ-nin missi­yasının mülkiliyi üzərində dayansa da, Moskva bunu anti-Rusiya addımı kimi qiymətləndirdi və dəfələrlə İrəvanın qəra­rına qarşı sərt mövqe səsləndirdi.

***

Amma diqqətçəkən məqam odur ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan martın 20-də Moskvaya səfəri zamanı Ermənistan hakimiyyətinin əv­vəlki mövqeyinə zidd fikirlər səsləndirib. Məsələn, Mirzoyan Rusiyanın xarici iş­lər naziri Sergey Lavrovla birgə mətbuat konfransında Ermənistanın KTMT missi­yasını ölkədə yerləşdirməkdən imtinası məsələsini belə əsaslandırıb: “...Yəqin, sualın ifadəsi düzgün deyil. Çünki Er­mənistan heç vaxt belə bir missiyadan əl çəkməyib. Üstəlik, bu qərar layihəsi müzakirə olunur, onun üzərində iş gedir. Bizim üçün əsas o idi ki, təəssüratımıza görə, KTMT-nin məsuliyyət zonası aydın deyil. Fikrimizcə, bu, bir qədər problemli­dir. Amma bir daha deyirəm, qərar layihə­si masa üzərindədir, iş davam edir”.

Lavrov Mirzoyanın fikirlərini dərhal dəstəkləyib: “Mən Mirzoyanın indicə de­diklərindən, yəni, Ermənistanın KTMT missiyasının yerləşdirilməsi ilə bağlı qə­rarı imzalamaqdan imtina etməməsindən məmnun olduğumu bildirmək istərdim. Bu, 2022-ci il noyabrın 23-də Mirzoyanın sədrliyi ilə İrəvanda, KTMT-nin sammiti ərəfəsində, saatlarla aparılan danışıqla­rın mövzusu olub. Məsələ bütün nazir­lər tərəfindən razılaşdırılıb. İndi kiçik bir şey var: dövlət və hökumət başçıları da öz imzalarını atsınlar. Bu ehtimal qalır. KTMT buna hazırdır. Biz bu hazırlığı bi­lirik. Şadam ki, Ermənistan regionda təh­lükəsizliyin təminatı maraqlarına cavab verən fürsətdən imtina etmədi”.

Maraqlıdır ki, həmin mətbuat konfransı zamanı Rusiyanın XİN rəhbəri Paşinyanın “Dağlıq Qarabağ sakinlərinin təhlükəsizliyinin, hüquqlarının təmin edil­məsi məsələləri həll edilməlidir” mövqe­yini dəstəklədiyini də bəyan etmiş və Qarabağ ermənilərinin hüquq və azadlıq­ları məsələsinin Bakı ilə İrəvan arasında imzalanacaq sazişdə əksini tapmalı oldu­ğunu da dilə gətirmiş, hətta bildirmişdi ki, bunu etmək, göründüyü qədər də çətin deyil. 

Həmin vaxt çoxları Lavrovun bu fikir­lərini Moskvanın danışıqlar prosesində mövqeyini dəyişməsi kimi qiymətləndir­sə də, onun gətirdiyi misalları ya erməni tərəfinin Qarabağ münaqişəsinin həllinə yanaşmasını sıradan çıxarmaq cəhdi, ya da xəbərdarlıq niyyəti olaraq da dəyər­ləndirənlər tapılmışdı. Belə ki, Qarabağ ermənilərinin hüquqlarından danışan Ru­siya diplomatiyasının rəhbəri, nədənsə, Donbas üzrə Minsk razılaşmaları və Ko­sovoda serblərin hüquqlarına dair razı­laşma üzərində dayanmışdı. 

Bildiyimiz kimi, Minsk razılaşmaları Kiyev tərəfindən yerinə yetirilmədi və Ru­siyanın Donbasda rusları qorumaq üçün Ukraynaya qarşı hərbi əməliyyatlara baş­lamasına gətirdi. Eynilə Kosovo hakimiy­yəti Belqrad və Priştina arasında Kosovo Serb Bələdiyyələri İcmasının yaradılma­sına dair saziş üzrə öhdəliklərinə əməl etmədi. Yeri gəlmişkən, Minsk razılaşma­larında və Kosovo üzrə sazişdə vasitəçi mövqeyində dayanmış Avropa ölkələri də Kiyevi və ya Priştinanı öz öhdəliklərini ye­rinə yetirməyə, milli azlıqların hüquqlarını pozmamağa çağırmaq məqsədilə heç bir addım atmadılar. Belə bir durumda ermə­ni hakim siyasilər də Lavrovun fikirlərini manipulyasiya kimi qiymətləndirdilər, onu ciddiyə almadılar. Əslində, haqlı idilər. Çünki, Kremlin burada da spekulyativ rol oynadığı məlumdur. 

***

Bəli, Ermənistan hakimiyyəti Rusi­yaya inanmamaq yolu tutur və bu yol həm də Moskva ilə qarşıdurmaları də­rinləşdirmək xəttidir. Mövcud anlamda Ermənistan Konstitusiya Məhkəməsinin, belə demək mümkünsə, Putinin həbsi­ni dəstəkləyən qərarı heç də təəccüb doğurmamalıdır. İndi maraqlı vəziyyət yaranır. Ermənistanda mütəmadi olaraq Vladimir Putinin iştirakı ilə KTMT və ya Avrasiya İttifaqının üzvü olan ölkələrin liderlərinin sammitləri keçirilir. Belə çıxır ki, Rusiya Prezidenti İrəvana səfər etsə, həbslə üzləşəcək. Daha bir sual: bütün mövcud problemlərə baxmayaraq, Pu­tinə, təhlükəsizlik, iqtisadiyyat, energe­tika və sair məsələlərdə Rusiya ilə sıx bağlı olan Ermənistanda, arzuolunmaz qonaq olduğu deyiləcəkmi?

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət