Hayastan 180 dərəcəlik bucaq altında

post-img

“Gəzdi Avropanı, İranı, Hindistanı, - doğma bildi Rusiyanı”. Bu epik improvizənin bizim məşhur aforizmə birbaşa dəxli olmasa da, fikrimizcə, son vaxtlar “yerində addımla”yan Ermənistan siyasi isteblişmentinin kəskin “geriyə dön”məsini özündə dəqiq ehtiva edir. Hayastanın baş naziri Nikol Paşinyanın gec-tez üzünü Şimala çevirəcəyini proqnozlaşdıran siyasi ekspertlər yanılmadılar. İrəvanın son bir həftədə sərgilədiyi bir-birinə zidd siyasi mövqeyi onun kənardan yönəldilən marionet dövlət olduğunun növbəti dəfə isbatıdır. Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə verdiyi bəyanata məhz kənardan, konkret olaraq, Kremldən edilən siyasi təzyiqlərin nəticəsi kimi baxmaq daha düzgün olardı. 

Reallığı qəbul et, İrəvan! 

Azərbaycan Xarici İşlər Nazirliyinin İrəvanın 18 mart 2023-cü il tarixli bəya­natına cavabı kifayət qədər arqumentli və tutarlı oldu: “Ermənistan Xarici İş­lər Nazirliyinin bəyanatı daxil olmaq­la bu ölkənin siyasi rəhbərliyinin son vaxtlar daha da kəskinləşən ritorikası, təcavüzkar mahiyyətli bəyanatları, xü­susilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini birbaşa hədəf alan hərəkətləri Ermənistanın növbəti dəfə sülh üçün yaranmış tarixi fürsətdən istifadə etmək niyyətində olmadığını nümayiş etdirir”. 

Ermənistanın Azərbaycanın bey­nəlxalq qurumlarla əməkdaşlığına mü­daxilə cəhdlərinin dərhal dayandırma­lı olduğunun vurğulandığı bəyanatda beynəlxalq təşkilatların respublikamızın ərazisində fəaliyyətinin məhz Azərbay­canın qanunvericiliyi çərçivəsində davam edəcəyi və ölkəmizin daxili işlərinə mü­daxiləyə heç zaman imkan verilməyəcəyi bildirilib. Yəni, İrəvanın diqqətinə bir daha çatdırılır ki, o, reallığı qəbul etməli, utopik revanşist siyasətindən əl çəkməli, əks təqdirdə, bunun hansı aqibətlə sonucla­nacağını beyninə yaxşı-yaxşı yeritməli­dir. Hayastanın baş naziri Nikol Paşin­yanın Twitterdə son paylaşımına diqqət yetirin: “Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacaq və bu, ən yüksək səviyyədə verilən rəsmi bəyanatlara əsaslanacaq. Yeni eskalasiya olmayacaq”. 

Ermənistan XİN-in Azərbaycan əley­hinə yaydığı məlum bəyanatla Paşinya­nın bu açıqlaması arasındakı vaxt fərqi cəmi 5 gündür. Baş nazirin ardınca xa­rici işlər naziri Ararat Mirzoyan Misirin “Al Khair news” nəşrinə müsahibəsində nik­bin notlu açıqlama verib: “Bakı və İrəvan arasında müzakirələrin fərqli kompo­nentləri var. Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açıl­ması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir”. Kommunikasiya məsələsində mövqelə­rin üst-üstə düşdüyünü deyən Mirzoyan sülh müqaviləsi ilə bağlı danışıqların davam etdiyini vurğulayıb. Doğrudan­mı, İrəvanın avantürist siyasi ritorikadan yumşaq diplomatiyaya keçməsi, ağlını başına toplaması üçün cəmi beş gün kifayət edib, yoxsa, bu, gözə külüfürmə, yaxud arxalandığı güclərdən aldığı növ­bəti qulaqburmasının nəticəsidir? İkinci versiya daha ağlabatandır. Amma artıq dabbaqda gönünə bələd olduğumuz hay­ların növbəti dəfə nala-mıxa vurması göz qabağındadır. Avropalı “tərəfdaşları”n­dan, asiyalı “dost”larından əli tamamilə üzülən İrəvan indi mövqeyini 180 dərəcə dəyişərək Rusiyaya arxalandığını, sülh sazişindən boyun qaçırmadığını bəyan etməklə, yeni diplomatik riskin altına girir. Azərbaycana qarşı saxta ittihamlardan, sülhə aparan yolu əngəlləməyə hesab­lanmış bəhanələrdən əl çəkdiyi görün­tüsünü yaradan N.Paşinyan beynəlxalq ictimaiyyətə barışa hazır olması mesajını ötürməyi də unutmur. Hansı bucaqdan baxsaq da, onun sonuncu açıqlaması düşdüyü çarəsizlik uçurumundan çıxmaq üçün vurnuxmanın əlamətidir. Nikolun son açıqlamasında nə qədər səmimi ol­masının üzə çıxması üçün uzağı bir həftə yetər. Düşünürük ki, Hayastan liderinin bu dəfə fərqli “cinahdan” endirilə biləcək diplomatik zərbənin qarşısında ağ bay­raq qaldırmasına göstərdiyimiz müddət kifayətdir. İrəvanı qarşıda gözləyən və qəbul etməyə məcbur olacağı yeni real­lığın çağırışı isə belədir: sən sadəcə sülh prosesini deyil, III Qarabağ savaşını da uduzacaqsan! 

Moskva yenə ikibaşlı oyuna girişib 

Əli həm okeanın o üzündən, həm də bu üzündən - Avropadan, böyük ümidlər bəslədiyi Asiyadan üzülən Paşinyan ha­kimiyyətinin Şimala uzatdığı imdad əli, deyəsən, son ünvanda hələlik sıxılma­yıb. Qarabağ münaqişəsinin yekun həlli mərhələsində, eləcə də bölgədə yenidən söz sahibi olmağı hədəfləyən Kremlin bu uzunömürlü problemi üçtərəfli formatda çözə biləcəyi daha inandırıcı görünmür. Çünki onun bölgədə sülh yaratmaq üçün müvəqqəti yerləşdirdiyi kontingentin “üzərinə düşən vəzifə borcunu yerinə yetirməməsi bölgədə gərginliyin art­masına zəmin yaradır”. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda aydın şəkildə o da qeyd olu­nur ki, “sülhməramlı kontingentin mü­vəqqəti yerləşdiyi Azərbaycan ərazilə­rində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələri qanunsuz fəaliyyətlərini davam etdirir”. 

Sülhməramlı komandanlığın və Xo­cavəndi yenə “Martuni” kimi yazan Ru­siya Müdafiə Nazirliyinin aşkar görünən “sülhyaratmaz” davranışı ən azı Kremlin 10 noyabr Bəyanatına atdığı öz imzası­na hörmətsizliyidir. Bu cür ikibaşlı oyun­çunun, məkrli vasitəçinin Bakı və İrəvan arasında ədalətli sülh müqaviləsinin ha­zırlanmasına verəcəyi dəstəyin tərəfsiz və obyektiv olacağına kim inanar? 

Əgər hər şeyi öz adı ilə çağırmalı ol­saq, açıq şəkildə deyilməlidir ki, bu gün Cənubi Qafqaza sülhün və əmin-aman­lığın gəlməsini istəməyən, bütün va­sitələrdən istifadə etməklə bölgədə silahlı qarşıdurmanın yaranmasına çalışan, bu məqsədlə çeşidli təxribatlar törətməyə cəhdlər edən məhz rus-erməni ortaqlığı­dır. 

Düzdür, Azərbaycanın əlində istər Rusiyaya, istərsə də Ermənistana qarşı istifadəyə tam yararlı əks-təsir vasitələri var və belə əşyayi-dəlillər kifayət qədər­dir. Ən əsas sənəd-sübut isə 10 noyabr üçtərəfli Bəyanatı və onun Ermənistan ordusunun tör-töküntülərinin Azərbayca­nın Qarabağ iqtisadi rayonundan çıxa­rılmasını nəzərdə tutan 4-cü bəndidir. Hər şeydən göründüyü kimi, bu bənddə göstərilən şərti Azərbaycan Ordusu icra etməli olacaq. “Dəmir yumruq”lu ordu­muzun bu vəzifənin öhdəsindən uğurla gələcəyinə isə heç kəs şübhə eləmir. Sülh sazişinə münasibətdə Rusiyanın mövqeyinin hansı siyasi maraq və mən­tiqdən qaynaqlandığı aydındır. Bakının siyasi məntiqi isə onu deyir ki, əgər Kreml Cənubi Qafqazda sülhün bərqərar olma­sında maraqlıdırsa, onda bu prosesdən kənara çəkilməlidir. Bu mənada Azərbay­can üçün ABŞ-ın sülh prosesinə yönəlik mövqeyi daha sağlam və effektlidir. Bakı Birləşmiş Ştatların və Qərbin bitərəf va­sitəçilik missiyasını dəstəklədiyini gizlət­mir. Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə açıqlamasında demişdi ki, sülh sazişinin mətninin hazırlanması prosesində müəyyən pozitiv irəliləyişlər mövcuddur. 

Xəbərdarlıq limiti tükəndi

Son bir həftə ərzində istər Azər­baycan XİN-in, istərsə də Müdafiə Na­zirliyinin İrəvana və Moskvaya yönəlik bəyanat və xəbərdaqlıqlarına adekvat reaksiyanın şahidi olmadıq. Əgər xə­bərdarlıq kara gəlmirsə, onda son sözü demək səlahiyyəti ordumuzun öhdəsinə buraxılmalıdır. Anlaqsızı başa salmaq məqamı yetişib və bu addımı atmaq üçün Bakının əlində kifayət qədər əsas və sübut toplanıb. Martın 24-də növbə­ti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə Rusiya sülhməramlı kontingen­tinə məxsus 1 ədəd "ZTR-82A" döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli "KamAZ" və üzərində yanacaq çəni olan 1 ədəd "KamAZ" avtomobilinin hərəkə­ti texniki müşahidə vasitələrimiz tərə­findən qeydə alındı. Martın 25-də isə Azərbaycan MN Laçın yolunun şimalın­dakı torpaq yolla Ermənistandan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qey­ri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınma­sının intensivləşdiyi barədə informasiya yaydı. Vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qar­şısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri lokal zəruri nəzarət tədbirləri həyata keçirdi. Həm Xankən­di-Xəlfəli-Turşsu marşrutu üzərində, həm də separatçıların ondan şimalda çəkdik­ləri qanunsuz iki torpaq yolda ordumuzun nəzarət postları yaradıldı. 

Həmin gün Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığında Rusiya sülhməram­lı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə Ermənistan tərə­findən silah-sursat və şəxsi heyətin da­şınması prosesinin hələ də həyata keçi­rildiyini bildirib. Cənab Prezident İrəvanın təhlükəli və eskalasiyaya yönəlmiş rəsmi açıqlamalarına da diqqət çəkib. 

Artıq ox yaydan çıxıb. Yuxarıda yaz­dığımız kimi, hay həyasızlığının cavabı­nı növbəti “Qisas” əməliyyatı və “dəmir yumruq”la verməkdən başqa yol qalma­yıb. 

Əgər Bakıya gəlməsələr...

Rəsmi Bakı Xankəndi və ətraf böl­gələrdə yaşayan erməni sakinlərlə danı­şıqların məkanını dəyişməkdə qərarlıdır. Növbəti görüşün birbaşa, vasitəçisiz, ələlxüsus da Rusiya sülhməramlı qüv­vələrinin qərargahında deyil, Bakıda təş­kil etmək niyyətində olduğunu açıqlaması məhz siyasi qətiyyətin nümayişidir. Aydın məsələdir ki, nə Kreml, nə də rəsmi İrə­van indiki mərhələdə hadisələrin bu məc­rada inkişafından məmnundur. 

Bu “ayrılmaz ikiliy”in son vaxtlar Ba­kının birmənalı və qətiyyətli çağırışlarına şərikli müqavimət göstərmək səyləri kə­nar müşahidəçinin gözündən yayınmır. Elə Nikol Paşinyanın Vladimir Putinə ekstern telefon zəngi təsadüfi sayıla bilməz. V.Putin “Qarabağda yaranmış problemlərin rus sülhməramlıları ilə tə­mas qurmaqla, konstruktiv şəkildə həll edilməsinin vacibliyini” vurğulayıb. 

10 noyabr 2020-ci il tarixli Bəyanat­dan keçən iki il beş ayda dəfələrlə döv­riyyəyə buraxılan bu köhnə və faydasız siyasi tezisi eşitməkdən yorulduq. Rəsmi Bakı Qarabağ iqtisadi rayonundakı er­məni icmasına ikinci görüşü paytaxt Ba­kıda keçirməyi təklif edib. Əgər ermənilər reintiqrasiya da daxil olmaqla, mövcud problemlərin həllində maraqlıdırlarsa, görüşə razılıq verməlidirlər. Yox, əgər onlar Bakı görüşündən imtina edərlərsə, onda Rusiya sülhməramlılarının himayə­si altında dialoqu manipulyasiya etdik­ləri öz təsdiqini tapacaq. Bundan sonra Azərbaycan beynəlxalq hüququn ölkələ­rin suverenliyi və ərazi bütövlüyü prinsi­pi çərçivəsində real əməli addım ataraq bölgəyə tam nəzarətini və hakimiyyətini həm də erməni əhalisinin hüquqlarının qorunması adı altında legitimləşdirəcək. Azərbaycan XİN-in İrəvanın 18 mart bə­yanatına cavabında bu mövqe də aydın şəkildə ortaya qoyulub:

“Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətən­daşlığı hüquqla yanaşı, bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq”.

Uzaq və ən yaxın tariximiz bu aksi­omu dəfələrlə qarşımıza çıxarıb: İstər qonşuluq münasibətlərində, istərsə də diplomatiyada haylardan nə desəniz göz­ləmək olar. Əgər İrəvan 180 dərəcəlik “geriyə dön”mədən sonra bir daha 360 dərəcə “yerində fırlanaraq” başlanğıc və­ziyyətə qayıdarsa, onun aqibətinin “xəstə hinduşka sindromu” olacağını indidən təxmin etmək mümkündür. Bu sindromun mahiyyəti ondan ibarətdir ki, sağalmaz xəstəliyə düçar olmuş hind toyuğunun, digərlərini yoluxdurmaması üçün başını üzüb atırlar... 

Rasim MUSABƏYOV,

Milli Məclisin deputatı, politoloq

Bakı həm Qarabağ ermənilərinin separatçı xuntasına, həm də Rusiya sülhməramlılarının komandanlığına dəfələrlə xəbərdarlıq etmişdi: Azər­baycan öz ərazisinə Ermənistandan qanunsuz hərbi yüklərin daşınma­sına yol verməyəcək! Amma onlar sözümüzü eşitmədilər və qanunsuz fəaliyyətlərini davam etdirdilər. Hətta onlara Qarabağa silah-sursat daşı­yan hərbi kolonların video-görün­tülərini belə təqdim etməyimizə bax­mayaraq, yenə də adekvat reaksiya görmədik. Bu səbəbdən Azərbaycan həmin yollara və cığırlara nəzarəti özü təşkil etməyə məcbur oldu. İndi lap dəridən-qabıqdan çıxsalar da, harada istəyirlər hay-küy qaldırsalar da xeyri yoxdur. Azərbaycan Ordusu öz torpağımızda tutduğu mövqelər­dən bir addım belə geri çəkilməyə­cək. 

Biz hələ buna qədər Fərrux kən­dində oxşar əməliyyat keçirmişdik və haylar bu faktı qəbul etməyə məcbur oldular. Daha sonra, ötən ilin yayın­da Sarıbaba və digər yülsəklikləri nə­zarətə götürdük və orada möhkəm­ləndik. İndi də Azərbaycan tutduğu mövqelərdən geri çəkilməyəcək. İrə­van bu barədə bəyanatlar verməyə, haralarasa yazmağa başlayıb. Bu, artıq onların və onları himayə edən xarici qüvvələrin öz işləridir. 

Bəli, Azərbaycan reallığı özü də­yişir və bu reallıqla hamı hesablaş­malı olacaq.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

rasi.jpg

Siyasət