“Mən ədəbiyyatı çox sevən adamam...”

post-img

Vilayət QULİYEV,
professor

 I yazı

1997-ci il oktyabrın 30-da Bakıda Azərbaycan yazıçılarının X qurultayı keçirildi. Ölkə yazıçılarının ali məclisi iki cəhətdən yadda qaldı: ədəbiyya­tımızın böyük dostu və təəssübkeşi Heydər Əliyev qurultayda ilk dəfə müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi iştirak edirdi. Və təəssüf ki, X qurultay dövlət başçısının iştirakı ilə keçirilən sonuncu ümumrespublika ədəbi forumu oldu. Şübhəsiz, Heydər Əliyevin fiziki yoxluğu milyonlarla Azər­baycan vətəndaşının həyatında kədərli izlər buraxdı. Amma böyük itkinin ağır­lığını ən çox yaradıcı peşə sahiblərinin, ilk növbədə isə yazıçıların hiss etdiklə­rini söyləsəm, yəqin ki, yanılmaram.

Ölkədə problemlərin başdan aşdığı dövrdə yazıçılarla bir yerdə onların ali məclisində olmağı özünə borc sayan Prezident səmimi nitqində demişdi: “Mən çox sevinirəm və çox xoşbəxtəm ki, ilk dəfə Azərbaycan yazıçılarının qu­rultayında 27 il bundan əvvəl (1971-ci ildə keçirilən VI qurultay nəzərdə tutu­lur -V.Q) nitq söyləmişəm. O qurultayın iştirakçısı olmuşam və ondan sonrakı qurultaylarda da daim iştirak etmişəm və yazıçılarımızla, şairlərimizlə, mə­dəniyyət xadimləri ilə bir yerdə olmu­şam. Bu gün də sizinlə bir yerdəyəm. Bunun da səbəbi var. Birincisi, şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm. Bu gün sizə deyə bilərəm ki, şəxsən mə­nim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatım­da ədəbiyyatın, mədəniyyətin çox bö­yük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, ya­zıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unut­mamışam. Bəlkə bu əsərlərin bəzilə­rini ondan sonra oxumamışam. Ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam”, “unutmamışam” sözləri sadə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam. Mən 1971-ci ildə Azərbaycan yazıçılarının qurultayın­da ilk dəfə Azərbaycanın rəhbəri kimi iştirak edirdimsə, ondan əvvəlki qu­rultaylarda da kənarda olmamışdım. O zaman mən Azərbaycanın rəhbəri deyildim, başqa vəzifələr tuturdum. Ancaq yazıçıların qurultayını daim izlə­yirdim və imkan olanda gəlib salonda oturub yazıçıları dinləyirdim. Mən hər dəfə yazıçılarımızın görüşlərinə gedir­dim və onlarla görüşməyi özüm üçün böyük bir hadisə hesab edirdim”.

Yazıçılarla görüşü “həyatının böyük hadisəsi” sayan və bunu açıq şəkildə etiraf edən siyasətçilər, dövlət başçıları çox azdır. Üstəlik, Heydər Əliyev kimi zəngin bilik ehtiyatına və geniş təhlil qabiliyyətinə, hərtərəfli informasiyaya, dərin intellektə malik olan, ən müxtəlif qaynaqlardan məlumat alan bir siyasət ustasının yazıçı şəxsiyyətini, yazıçı əməyini belə yüksək qiymətləndirməsi özü “hadisə” sayılmalıdır. XX əsrin son qərinəsindəki Azərbaycan yazıçıları­nın, yaradıcı ziyalıların xoşbəxtliyi və uğurları həm də Heydər Əliyevin bö­yük ədəbiyyat sevgisini, qədirbilənliyini daim gündəlik şəxsi həyatlarında və yaradıcılıqlarında hiss etmələri idi.

Eyni zamanda əmək prosesinə dərindən bələdlik və peşə sahibinə yüksək diqqət yalnız yazıçılar üçün nəzərdə tutulmuş bir reqaliya, üstünlük deyildi.

Doktorluq dissertasiyası üzərində­ki işimlə bağlı arxiv və kitabxanalarda çalışmaq məqsədi ilə 1986-cı ildə Ka­zana, uzunmüddətli elmi ezamiyyətə getmişdim. Şəhərin mərkəzindəki “Ta­tarstan” otelində qalırdım. Otaq yol­daşım (o vaxtlar mehmanxanada yer tapmaq böyük problem olduğundan hətta pulun olsa da, təkbaşına otaq tut­maq mümkün deyildi) savadlı, mədəni adam idi, Moskvada hansısa nazirlikdə işləyirdi. Mənim Azərbaycandan gəldi­yimi biləndə “Слушайте, ваш Алиев творит чудеса!” (“Qulaq asın, sizin Əli­yev möcüzələr yaradır”) – deyə həmin dövrdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Moskvada çalışan Heydər Əliyevin az vaxt ərzində işgü­zar, prinsipial, zəngin bilik və təcrübəyə malik rəhbər işçi kimi böyük nüfuz qa­zanmasından danışdı. Əksəriyyəti çıxışlarını kağızdan güclə oxuyan Si­yasi Büro üzvləri arasında intellekti, enerjisi, liderlik keyfiyyətləri, insanlarla dil tapmaq bacarığı ilə qeyri-adi istisna təşkil etdiyini dedi. 

Həmsöhbətim danışırdı ki, özü ixtisasca yol tikintisi mütəxəssisidir. Heydər Əliyevin bu sahə ilə əlaqədar keçirdiyi müşavirələri, çıxış və töv­siyələrini izləyəndə həmkar olduqlarını düşünüb. Amma kino sahəsində çalı­şan xanımı kinemotoqrafçıların qurul­tayında Heydər Əliyevə qulaq asandan sonra əri ilə mübahisə etməyə başla­yıb ki, səhvin var, heç şübhəsiz, yoldaş Əliyev ilk təhsilini kino üzrə alıb. Çünki kinonun problemlərini çox peşəkarca­sına bilir. Memar dostları isə ərlə-ar­vadın yanlışını düzəltməyə çalışaraq sovet memarları ilə görüşdə bu sahəyə yüksək səviyyəli bələdlik nümayiş et­dirən Əliyevin şəksiz memar olduğunu deyib...

Və yəqin ki, onların üçünü də müəy­yən dərəcədə haqlı saymaq mümkün­dür.

Bir dəfə söhbət elə gətirdi ki, bu ta­rixçəni Prezidentə danışası oldum. O, sona qədər qulaq asıb təqdiredici şə­kildə başını tərpətdi. 

– Bəli, – dedi. – Azərbaycanda da, SSRİ-nin müxtəlif yerlərində də sadə insanlar mənə həmişə rəğbətlə yana­şıblar. Çünki həyatım boyu devizim belə olub ki, gərək maraqlandığım, mə­suliyyət daşıdığım hər işi bütün incə­liklərinə qədər öyrənim. Öz peşəsinin həqiqi biliciləri olanlara da hər zaman böyük hörmət, ehtiram göstərməyə ça­lışmışam. İstəmişəm ki, onlara sadəcə əmr verməyim, yol göstərməyim, həm də həmkar kimi davrana bilim. Ona görə də neftçi mənim neftçi, inşaatçı isə inşaatçı olduğumu düşünüb. Bay­kal – Amur magistralının tikintisində bəzən ayaqlarımda uzunboğaz kirz çəkmələr, əynimdə kombinezon, ba­şımda şlem saatlarla mütəxəssislərlə birlikdə ən çətin, keçilməz sahələri gə­zib-dolaşmışam. 

Bu meyarla yanaşdıqda, birinci katib və prezident kimi Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ədəbiyyat və sənət adamları arasında da Heydər Əliyevi “özününkü” hesab edənlər az deyildi və bu fikrə şərik çıxanları tam haqsız saymaq olmazdı... Şairlər onun şeir yazdığını, bəstəkarlar musiqi bəstələdiyini, rəssamlar gözəl tablo­lar çəkdiyini güman edirdilər. Çünki bütün bu yaradıcılıq sahələri ilə bağlı elə peşəkar, işin içindən xəbər verən mülahizələr yürüdürdü ki, başqa cür düşünmək mümkün deyildi. Hələ xalq mahnılarını necə ürəkdən, ilhamla ifa­də edirdi...

Şübhəsiz, Heydər Əliyevin müxtə­lif sahələrdə geniş, əsaslı bilik sahibi kimi tanınması danılmaz faktdır. Yalnız Azərbaycan deyil, keçmiş Sovet İttifaqı miqyasında da ədəbiyyat və mədəniy­yət məsələlərinə yaxından bələdliyi, yüksək diqqəti ilə seçilirdi. Keçmiş So­vet İttifaqında müxtəlif millətlərdən olan qələm adamları, rəssamlar, bəstəkar­lar arasında çoxlu dostları vardı. Sovet Azərbaycanına rəhbərlik etməyə baş­layandan az sonra Heydər Əliyev Ba­kını həqiqi mənada keçmiş SSRİ-nin ədəbiyyat və sənət paytaxtlarından bi­rinə çevirdi. Həmin vaxta qədər əksər rus şair və yazıçıları, habelə onların müttəfiq respublikalardan olan həm­karları “Qafqaz” deyəndə ilk növbədə “günəşli Gürcüstanı” və tarixi saxtalaş­dırmaqla özünə “qədim Ermənistan” imici qazanan düşmən dövləti nəzərdə tuturdular. Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində ümumsovet ədə­bi-mədəni elitası qısa müddət ərzində Qafqazı yalnız diribaş qonşuların deyil, tarix, mədəniyyət, ictimai fikir baxımın­dan daha zəngin, humanist ənənələrə malik Azərbaycanın timsalında da tanı­maq imkanı qazandı. 

Bu baxımdam 1980-ci il 27-31 oktyabr tarixlərində Bakıda keçirilən beynəlxalq miqyaslı “Ədəbiyyatların dostluğu - xalqların dostluğudur” kon­fransını ayrıca xatırlatmaq istərdim. Tək keçmiş SSRİ-dən deyil, dünyanın bir sıra ölkələrindən şair və yazıçıların iştirak etdiyi bu mühüm tədbirdə əsas məruzəçi Siyasi Büro üzvlüyünə na­mizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev özü idi. Həm də o, ədəbiyyat və partiya məmurlarının hazırladığı hazır məruzəni üzündən oxumurdu. Xalqları və millətləri bir-bi­rinə yaxınlaşdıran Sözün yüksək bor­cu və amalı haqqında necə deyərlər, “sinədən” danışır, əzbərdən şeirlər deyir, kluarlardakı söhbətlər zamanı sovet və dünya ədəbiyyatı timsalında ədəbi prosesi necə həssaslıqla izlə­diyini nümayiş etdirirdi. Təsadüfi deyil ki, bir çoxlarında, ilk növbədə isə xarici qonaqlarda elə təsəvvür yaranmışdı ki, Azərbaycanın birinci şəxsi şair, yaxud yazıçıdır...

Heydər Əliyevi ədəbi mühitdə ilk dəfə 1981-ci ildə görüb yaxından mü­şahidə etmək imkanı qazanmışdım. İn­diki Şəhriyar adına klubda Azərbaycan yazıçılarının VII qurultayı keçirilirdi. O zaman EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı idim. İttifaqın üzvü deyildim, amma dəvətnamə tapıb getmişdim. Həmin dövrdə Bakıda hər kəsin heysiyyət və milli hisslərini təhqir edən bir şayiə dolaşırdı. Söhbət İraqın Kərbəla şəhərində dəfn olunmuş dahi şairimiz Məhəmməd Füzulinin məza­rına sayğısızlıqdan gedirdi. Hamı bu barədə danışırdı. Məsələyə aydınlıq gətirən isə yox idi. İndi təəccüblənirəm ki, məgər şayiənin həqiqətə uyğun olub-olmadığını SSRİ-nin həmin ölkə­dəki səfirliyi, yaxud məşhur DTK va­sitəsi ilə dəqiqləşdirmək mümkün de­yildimi? 

Doğrusu, billmirəm. Amma çayxa­nalardan tutmuş elmi idarə və yara­dıcılıq təşkilatlarına qədər hər yerdə danışırdılar ki, guya, magisrtal yol çə­kilişi zamanı şairimizin məşhur İmam Hüseyn ziyarətgahı yaxınlığındakı mə­zarı dağıdılıb, cənazəsinin qalıqları isə hansısa məscidin zirzəmisinə atılıb. (1994-cü ildə Füzulinin 500 illik yubile­yi münasibəti ilə İraqda olanda bu şa­yiənin əsassızlığına bir daha inandım. Həyatını İmam Hüseyn məqbərəsinin mücövrü - baxıcısı kimi başa vuran və məqbərənin kölgəsində torpağa tapşı­rılmağı arzulayan şair binanın daxilin­də, əsas giriş qapısından sağ tərəfdə dəfn edilib və məzarı indi də ziyarət­gahdır).

Qurultayda çıxış edən tanınmış yazıçı və şairlərdən Mirzə İbrahimov, Süleyman Rüstəm, Bəxtiyar Vahazadə əslində sona qədər araşdırmadıqları, aydınlıq gətirilməsinə heç bir təşəb­büs göstərmədikləri bu məsələdən çox əsəbi şəkildə bəhs etdilər, birinci ka­tibdən kömək istədilər. Sonuncu natiq danışanda deyəsən, Heydər Əliyevin hövsələsi tamam tükəndi. Bəxtiyar müəllimin sözünü yarımçıq kəsib:

– Şairsiniz, alimsiniz, universitet professorusunuz, - dedi. - Bu yaxın­larda sizi Akademiyanın müxbir üzvlü­yünə də seçmişik. Kifayət qədər tanı­nırsınız. Gərək birinci katibdən kömək istəməmişdən qabaq özünüzdən soru­şaydınız: Mən öz tərəfimdən nə iş gör­müşəm? İndiyə qədər hara, hansı bey­nəlxalq təşkilata müraciət etmişəm? Kimə məktub yazmışam, teleqram vurmuşam? Siz Mirzə İbrahimov, Asiya və Afrika Ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədrisiniz. Tez-tez dünya­nın müxtəlif ölkələrində, müxtəlif yığın­caq və konfranslarda olursunuz, böyük auditoriyalar qarşısında çıxış edirsiniz. Nə zaman dünya ictimaiyyətinin diqqə­tini indi haqqında danışdığınız vanda­lizm aktına yönəltdiniz, tanınmış yazıçı və şairləri, ictimai xadimləri köməyə çağırdınız? Niyə İraq prezidentinə, İraq elm və mədəniyyət xadimlərinə birba­şa müraciət etmədiniz? Siz, Süleyman Rüstəm! Böyük vəzifəniz var. Azərbay­can SSR Ali Sovetinin sədrisiniz. Niyə etiraz notası göndərmədiniz, xalqın sə­sini çatdırmadınız? Yazıçılar İttifaqı ilə İraq konsulluğunun arası 500 addım­dır. Nə vaxt konsulun yanına getdiniz, yaxasından yapışıb şairimizin xatirəsi­nin təhqir olunması ilə bağlı cavab istə­diniz? Olmaya qorxdunuz? Qorxma­yın, Heydər Əliyev hər vəziyyətdə sizi müdafiə eləməyə hazırdır. Amma siz də əzizlərim, başa düşün: hər şey birin­ci katibdən asılı deyil. Hər şeyi partiya, hökumət həll etmir. Elə məsələlər var ki, onu yazıçılar, alimlər, mədəniyyət xadimləri qaldırmalıdırlar. Füzulinin qır­mızı sovet pasportu yoxdur ki, gedim yapışım İraq rəhbərliyinin yaxasından, deyim ki, niyə vətəndaşımın ruhuna, xatirəsinə hörmətsizlik edirsən? Qon­şulara baxın, erməni həmkarlarınızdan nümunə götürün. Livanda ara qarışan kimi oradakı ermənilərin müdafiəsinə qalxdılar. SSRİ rəhbərliyini, dünyanı ayağa qaldırdılar. Son nəticədə istədik­lərinə çatdılar. Bəs siz burada danış­maqdan, məndən kömək istəməkdən başqa nə iş görübsünüz?

Təbii ki, yuxarıdakı sətirlərlə yarım saatdan çox çəkən məntiqli, kəskin, yanğı dolu monoloqun, sadəcə, ümumi ab-havasını yaratmağa çalışdım. Ya­dımdadır ki, qurultaya Moskvanın nü­mayəndəsi kimi SSRİ Yazıçılar İttifaqı­nın katibi, köhnə bakılı Oleq Şestinski gəlmişdi. Deyəsən, rəyasət heyətində oturanlardan kimsə söhbətin nədən getdiyini izah edirdi. Çünki Heydər Əli­yev sözünü qurtaranda Şestinski ye­rindən sıçrayıb var gücü ilə əl çalmağa başladı. Ardınca bütün salon ayağa qalxdı. 

Bəlkə də bu çıxışın təsiri altında sonralar bir qədər qeyri-ardıcıl şəkildə də olsa, Heydər Əliyevin ədəbiyyata münasibəti, onun zəngin nəzəri irsində ədəbiyyat və mədəniyyət məsələlə­rinin araşdırılması ilə məşğul oldum. 1990-cı illərin sonlarında ədəbi-mədə­ni tədbirlər və sənət adamları ilə gö­rüşlərdəki çıxış, məruzə, müsahibələri əsasında tərtib etdiyim 500 səhifəlik “Ədəbiyyatın yüksək borcu və ama­lı” kitabı Milli Məclisin üzvü, Heydər Əliyevin birinci katib kimi respublikaya rəhbərlik etdiyi dövrdə Naxçıvan MS­SR-nın mədəniyyət naziri vəzifəsində çalışmış MM üzvü Fəttah Heydərovun müqəddiməsi ilə çapdan çıxdı. Yadım­dadır ki, artıq nazir kimi rəhbərliyi altın­da işlədiyim dövrdə bir dəfə bu toplu haqda haqda söhbət düşdü. Prezident kitabın sanbalına, əhatəli mündərica­tına baxıb “Deyəsən, sovet vaxtı mən partiya-təsərrüfat işindən çox ədəbiy­yat məsələləri ilə məşğul olmuşam”- deyə gülümsədi.

Yenə də 1990-cı illərin ikinci yarı­sında, Nizami adına Ədəbiyyat İnstitu­tunda kollektiv nəşr kimi düşünülmüş “Heydər Əliyev və Azərbaycan ədə­biyyatı” kitabı çapa hazırlanırdı. Mənə Heydər Əliyevin klassik ədəbi irsə münasibəti ilə bağlı fəsil yazmaq tək­lif olundu. Materialları toplamağa baş­larkən ölkə başçısının bu istiqamətdə gördüyü işlərin genişliyi, ədəbi-siyasi tutumu, ən başlıcası isə gələcəyə he­sablanması məni çox heyrətləndirdi. Hamının kommunist lideri saydığı bu insanın Azərbaycan xalqının klassik ədəbi-mədəni irsinə münasibətinin arxasında nə qədər incə və uzaqgörən milli, siyasi, tarixi, geopolitik motivlər dayanıbmış! Klassik ədəbi irsdən tarixi həqiqətləri gündəliyə gətirmək, mil­li maraq və mənafelərimizi qorumaq, mənəvi üstünlüyümüzü ortaya qoymaq üçün necə yaradıcı şəkildə istifadə edi­libmiş!

Sosial həyat