BDU-da “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə dinlənilib

post-img

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda mühazirə oxuyub. Bu barədə BDU-dan məlumat verilib.

Fakültənin dekanı dosent Elçin Məmmədov ulu öndər Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində apardığı islahatlar, banisi olduğu azərbaycançılıq ideologiyası, Azərbaycan dili və ədəbiyyatının inkişafına verdiyi əvəzolunmaz töhfələr barədə danışıb.

Sonra akademik Muxtar İmanov ulu öndər Heydər Əliyevin böyük xilaskarlıq rolundan, xalqımızın milli-mənəvi dəyərləri və ədəbi-bədii nümunələrinin qorunması, tariximizin daha da dərindən öyrənilməsi, ana dilimizin cəmiyyətdəki nüfuzunun artırılması istiqamətində apardığı məqsədyönlü siyasətdən bəhs edib. Bildirilib ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsi, mədəni və sosial-siyasi həyatda layiqli yer tutması ulu öndərin ana dilinin inkişafına göstərdiyi qayğı və diqqətin nəticəsində mümkün olub.

M.İmanov ümummilli lider Heydər Əliyevin ədəbiyyat və elm xadimləri ilə görüşləri zamanı dahi rəhbərin onlara ana dilimizin, ədəbi irsimizin, mədəniyyətimizin qorunması, zənginləşdirilməsi və təbliği ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin dövlətçiliyimizin və ideoloji düşüncənin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

“Xalq qəzeti”

BDU53.jpg

Son xəbərlər