Bayramın və baharın mübarək, Azərbaycan!

post-img

Xalqımız son otuz ilin ən möhtəşəm novruzlarından birini qarşıladı.

 

Üçüncü dəfədir ki, Azərbaycan xalqına Novruz təbriklərimi doğma Qarabağ diyarından deyirəm. Bu, böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman şəhidlərimizin əziz xatirəsini bu gün biz hörmətlə yad edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu xoşbəxtliyi bizə bəxş edən qəhrəman Azərbaycan hərbçilərini buradan səmimiyyətlə salamlayıram. Onların canı-qanı bahasına biz doğma torpaqlarımıza qayıtmışıq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Tərtər, 18 mart 2023-cü il. 

 

Doğrudur, ərazilərimizi qəsb etmiş düşmən ölkənin işğalçı ordusunu darmadağın edərək, torpaqlarımızı yağı tapdağından azad etdiyimiz 2020-ci ildən sonra iki dəfə möhtəşəm Novruz bayramı qeyd etmişik. Qələbədən sonrakı il dövlət başçımızın Şuşada Novruz tonqalı yandırması müasir tariximizin ən yaddaqalan səhifələrindən biri idi. Ancaq builki Novruz tədbirlərinin möhtəşəmliyini artıran bəzi məqamlar bizi daha da qürurlandırırdı. 

İlk məqamla  Azərbaycan  Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevanın  martın 18-də Tərtər rayonunun Talış kəndinə səfərindən hazırlanan televiziya materialında tanış olduq.. Dövlət başçımız tonqal başından xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi. 

Ali Baş Komandan  qeyd etdi ki, biz bu gün doğma Qarabağ torpağında, doğma Zəngəzur torpağında dayanmışıq və burada əbədi yaşayacağıq. Azərbaycan xalqı haqlı olaraq qürur hissi ilə yaşayır. Bizim hər birimiz, xaricdə yaşayan azərbaycanlılar da daxil olmaq şərtilə iki il yarım müddət ərzində qürur hissi ilə yaşayırıq: “Hər kəsə, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq və ərazi bütövlüyünü öz gücümüzə bərpa edən ölkə kimi bundan sonra da ancaq və ancaq irəliyə gedəcəyik. Necə ki, Vətən müharibəsində 44 gün ərzində irəliyə getmişiksə, müharibə başa çatandan sonra bütün sahələr, bütün istiqamətlər üzrə irəliyə gedirik və gedəcəyik”.

Tədbirin ən yaddaqalan məqamları həm cənab Prezidentin, həm də Birinci vitse-prezidentin otuz ildən sonra öz ata-baba yurduna qayıtmış kənd sakinlərinin sevincinə şərik olduqları məqamlar idi. Şəxsən mən bir vətəndaş kimi həmin səhnələrdəki səmimiyyətdən məmnun oldum. Kənd sakini Əyyub Əkbərov işğaldan əvvəlki illəri yada salaraq dedi ki,  o vaxt burada işləyirdim, təsərrüfatda. Kəndimizin əhalisi üzümçülüklə məşğul olurdu: 

“Əyyub Əkbərov: – Çox qorxa-qorxa yaşayırdıq. İndi heç kimdən qorxmuram, heç kimdən qorxmuruq.

Prezident: – İndi bizdən qorxurlar.

Əyyub Əkbərov: – Bəli, əlbəttə, indi bizdən qorxurlar... İndi maraqlı bir şey deyim. Qardaşım Almaniyadadır. Oradan danışır, orada onun bir yeməkxanası var. Mənə deyir ki, o küncdə oturan 8 nəfərə bax, ermənilərdir,  Talışı izləyirlər. Deyirlər ki, o uçuq yerlərə bax, o biz, o da Azərbaycan. Baxın, görürsünüz, özləri də bunu deyirlər”.

Bəli, məmnunluq gətirən məqamdır. Məkrli havadarları Ermənistan rəhbərliyini yeni təxribatlara sövq etməyə çalışsalar da, erməni xalqı, xüsusən, Avropada yaşayan haylar Azərbaycanla Ermənistanın fərqinı anlayırlar. 

Yada salmaq istədiyimiz ikinci məqam isə Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində Novruz bayramının  xüsusi coşqu ilə, təntənəli şəkildə qeyd olunması idi.  Ağalı sakinləri uzun illərdən sonra nəhayət ki, baharın gəlişini doğma yurdlarında qarşılaya bildilər. KİV məlumat verir ki, ölkəmizin ilk ağıllı kəndində təşkil edilən konsert proqramı, səslənən milli musiqi və ifa olunan rəqslər böyükdən kiçiyə hər kəsə əsl bayram ab-havası bəxş edib. Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilanın Ağalı kəndində,  ümumilikdə,  420 nəfərdən ibarət 86 ailə məskunlaşıb.

Bu fakt işğaldan azad edilmiş ərazilərimizdə Novruz bayramı qeyd olunan yaşayış məntəqələrimizin  genişlənməsi kimi daha çox yadda qalacaq. 

Üçüncü məqam: Builki  Novruzu Qələbədən sonra qeyd etdiyimiz iki bayramdan fərqləndirən başqa bir cəhət isə təbii sərvətlərimizi talan edən düşmənin qarətçi əməllərinə etiraz edən ekofəallarımızın təşkil etdiyi təntənə idi. Doğrusu, mən fikirləşirdim ki, biz evdə oturub bayram edəndə  gecəli-gündüzlü ayaq üstdə olan həmin gənclər bayram edə bilməyəcəklər. Çox şükür ki, onların bayramı daha şən, daha şux daha əlamətdar oldu. Bu fakt onların tərcümeyi-halına yazıldı. 

Telekanallarda gördüm ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllülər, gənclər və ekoloqlar tərəfindən Laçın –Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyasının iştirakçıları baharı Laçın –Xankəndi yolunda qarşılayıblar. Özü də təntənəli şəkildə, yüksək səviyyədə. 

Bildirilir ki, ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub. Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.

Ən əsası odur ki, dövlət başçımız Tərtərdən düşmənlərimizə də nələrisə xatırlatdı: “Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqelərimiz var və güclü iradəmiz var. Müharibə dövründə və müharibədən sonrakı dövrdə biz bunu nümayiş etdirmişik”. 

Bayramın və baharın mübarək, AZƏRBAYCAN!

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti”. 

Siyasət