Aİ qeyri-qanuni miqrantlara qarşı iki müdafiə layihəsi həyata keçirir

post-img

Aİ-də sığınacaq üçün müraciətlərin sayının kəskin artması fonunda Avropa dövlətləri qeyri-qanuni miqrasiyanı məhdudlaşdırmaq niyyətindədir. 

Avropa Komissiyası martın 20-də elan edib ki, Avropa İttifaqı sərhədləri qeyri-qanuni miqrant axınından qorumaq üçün iki pilot layihə həyata keçirməyə başlayıb. 

Layihələrdən biri Bolqarıstan və Türkiyə sərhədinin nəqliyyat vasitələri, idarə olunan yollar, müşahidə kameraları və müşahidə qüllələrinin köməyi ilə mühafizəsini əhatə edir. Bundan əlavə, layihə çərçivəsində Aİ sığınacaq verilməsi və qeyri-qanuni miqrantların geri qaytarılması üçün sürətləndirilmiş prosedurlara başlamağı planlaşdırır.

Fevralda bildirildiyi kimi, layihə Aİ fondları, Bolqarıstanın özünün büdcəsi və digər Aİ ölkələrinin ianələri hesabına maliyyələşdirilə bilər. AK-nin dəqiq rəqəmlər təqdim etməyən bəyanatında deyilir: "Avropa Komissiyası Bolqarıstanın Türkiyə ilə  sərhəd zonasında sərhəd nəzarətini gücləndirmək üçün ona maliyyə dəstəyi verəcək".

Fevral ayında eyni vaxtda elan edilən ikinci pilot layihəyə daha əvvəl, martın 17-də start verilib. Bu layihə Rumıniyada həyata keçirilir və həmçinin miqrantların qeydiyyatı üçün yeni alətlərin tətbiqini, sığınacaq müraciətləri ilə bağlı daha sürətli qərarların qəbul edilməsini və imtina edilmiş qaçqınların geri qaytarılmasını nəzərdə tutur. "Rumıniya Serbiya, Ukrayna və Moldova ilə həmsərhəd olan strateji coğrafi mövqeyinə görə bizim ümumi xarici sərhədimizin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır", - Avropa Komissiyasının bəyanatında deyilir.

Yanvar ayında Aİ Komissiyası Avropada artan qeyri-qanuni miqrantlarla yeni deportasiya strategiyası ilə məşğul olmaq niyyətində olduğunu açıqlamışdı. Avropa komissarı Ylva Johansson bildirmişdi ki, beynəlxalq müdafiəyə ehtiyacı olmayanlar öz ölkələrinə qayıtmalıdırlar. Onun sözlərinə görə, 2022-ci ildə Aİ-yə 300 mindən çox qeyri-qanuni miqrant gəlib. Onların əksəriyyətinin qanuni sığınacaq hüququ yoxdur. Ümumilikdə, 2022-ci ildə Aİ ölkələrində sığınacaq üçün müraciətlərin sayı 2021-ci illə müqayisədə təqribən bir yarım dəfə artaraq 924 000 müraciətə çatıb.

Almaniya 2022-ci ildə sığınacaq üçün müraciətlərin sayına görə Aİ ölkələri arasında lider olaraq qalır. 190 000-dən çox insan Berlindən sığınacaq istəyib. Bu, ötən il ilə müqayisədə 57 faiz çoxdur. Müraciətlərin sayına görə ikinci yerdə Fransa (115 mindən çox), ikinci yerdə İspaniya (111 min), Avstriya (106 min) və İtaliya (78 min) gəlir.

"Xalq qəzeti"

Dünya