Həm daxildə, həm də xaricdə üzləşdiyi ictimai-siyasi böhrandan çıxa bilməyən, beynəlxalq təcridə salınması reallaşmaqda olan İranın tərs fars-molla rejimi həm bölgəyə, həm də dünyaya yaxşı heç nə vəd etmir.
Sahə ekspertlərinin gəldiyi qənaətə görə, uranın zənginləşdirilməsi üzrə Tehranın gizli davam etdirdiyi proqramı son mərhələyə qədəm qoyub. Şovinist molla rejiminin cari ilin sonunadək bu kütləvi qırğın silahına yiyələnəcəyi beynəlxalq gündəmdən düşməyən mövzulardan biridir. İranın nüvə silahı əldə etmək ərəfəsində olmasından təkcə “sionistlər və imperialistlər” deyil, eyni zamanda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) də həyəcan təbili çalır. AEBA-nın peykdən təşkil etdiyi vizual monitorinqin nəticələri qətiyyən ürəkaçan olmayıb. Yəni, İranın uranı zənginləşdirmək üzrə qapalı obyektlərinin kosmosdan yoxlanması üzə çıxarıb ki, Tehran rejimi bu zəncirvari prosesin nə az, nə çox, 84 faizini icra edib. Artıq bu ölkə nüvə başlıqlarını daşımağa qadir raketlər istehsal etmək barədə düşünür.
Tehranın nüvə proqramı artıq ərəb dünyasını da ciddi narahat etməyə başlayıb. Yəni, bu təhlükənin bu gün olmasa da, sabah onları da sara biləcəyini yaxşı anlayan ərəb dövlətləri, hətta, indiyədək düşmən kimi baxdığı və məsafə saxladığı İsraillə əməkdaşlıqdan çəkinmir. Martın əvvəlində ABŞ, İordaniya, Misirin yüksək çinli rəsmilərinin də qatıldığı Aqaba görüşü bu əməkdaşlığın praktiki xarakter aldığını göstərir. Bu ölkələr məhz fars-molla rejiminin atom təhdidlərinə qarşı birgə tədbirlər görmək barədə razılığa gəliblər.
“Tehranın nüvə proqramına qarşı mübarizə və İnqilab Keşikçiləri Qvardiyasının (“SEPAH”) terrorçu təşkilat elan olunması kimi məsələləri müzakirə etdik”. Bunu İsrailin Xarici işlər naziri Eli Kohen İtaliya XİN başçısı Antonio Tacani ilə dünən keçirdiyi görüşdə müzakirə etdikləri məsələlər barədə “Twitter” səhifəsində yazıb. E.Kohen italiyalı həmkarı ilə qlobal böhranı nəzərə alaraq enerji sahəsində əməkdaşlıq etmək barədə razılığa gəldiklərini də söyləyib: “İtaliyanın Xarici işlər naziri də açıq şəkildə bildirdi ki, İranın İsraili yer üzündən silmək tələbi antisemitizmin yeni formasıdır və onunla mübarizə aparılmalıdır”.
Əslində, molla rejiminin nüvə silahına sahib olması, bütövlükdə, dünyanın böyük təhlükə ilə üzləşə biləcəyi ehtimalını yaradır.
“Əgər İran rejimi, doğrudan da, bu qədər pisdirsə, onda nüvə bombasının belə bir rejimin əlinə keçməsinin qarşısını almağa çalışmalıyıq”. Bu sözlərin müəllifi isə Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borreldir. Cənab Borrel Tehranın nüvə proqramı üzrə 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planını reallaşdırmağın ən düzgün yol olduğunu vurğulayıb.
* * *
İki ay bundan əvvəl müttəfiqlərin Birgə Hərtərəfli Fəaliyyət Planının işə salınmasının şahidi olduq. İsfahan şəhərinə dron hücumu təşkil edildi, İranın məlum təyinatlı hərbi obyektlərində ən azı dörd partlayış baş verdi. İsrailin “Jerusalem Post” qəzeti kəşfiyyatın məlumatlarına söykənərək yazdı ki, İsfahanda nüvə silahının işlənib hazırlanmasını həyata keçirən obyektdə dörd partlayış baş verib: “Bunu sosial şəbəkələrdə yerləşdirilən xəbərlər də sübut edir. Həmin obyektlərə dəymiş ziyan İranın iddia etdiyi “damın kiçik zədələnməsindən” daha böyükdür”.
Tehran rejimi ənənəsinə sadiq qalaraq, hərbi obyektlərə ciddi ziyanın dəydiyini əvvəlcə təkzib etməyə çalışdı. Amma hadisədən bir müddət keçəndən sonra molla rejimi dəymiş ziyanın miqyasını açıqladı. Bu açıqlamanın özü dəyən ziyanın effektivliyini təsdiqləyən və hakimiyyətin ilkin rəsmi versiyasını təkzib edən peyk şəkillərinin ictimai baxışa qoyulandan sonra baş verdi.
On gün bundan əvvəl isə Vaşinqtonda ABŞ və İsrail rəsmilərinin görüşü İranı regionda düşmənçilik fəaliyyətindən çəkindirməyi nəzərdə tutan Bəyanatın imzalanması ilə başa çatıb.
Ağ Evin rəsmi saytında dərc olunan birgə bəyanatda deyilir:
“Rəsmilər İranın nüvə proqramının irəliləyişini böyük narahatlıqla təhlil ediblər və İsrail ilə ABŞ arasında təhlükəsizlik sahəsindəki çoxillik tərəfdaşlığının daha da gücləndirilməsinin qarşılıqlı məqsədini bir daha təsbit ediblər. Bununla bağlı vəzifəli şəxslər İranın nüvə silahı əldə etməsinin qarşısını almaq və İranı regionda düşmənçilik fəaliyyətindən çəkindirmək üçün tədbirlərin koordinasiyasını gücləndirməyi öhdələrinə götürüblər”.
Bu sənədi ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan, İsrailin Strateji planlaşdırma naziri Ron Dermer və bu ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Saxi imzalayıblar.
İranın təkidlə davam etdirdiyi nüvə proqramı ilə bağlı hərbi hədəflərə belə hava hücumlarının yenə təşkil ediləcəyi istisna olunmur. Artıq bıçaq sümüyə dirənib. Yazımızın əvvəlindəki fikrimizi sonda bir də təkrarlamaq istərdik... Ciddi daxili siyasi, eləcə də su, enerji sahələrində böhran da daxil olmaqla, çeşidli problemlərin girdabında çapalayan fars-molla rejimi yalnız region üçün deyil, bütün dünya üçün yeni gərginlik ocağına çevrilib.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”