Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə ictimai müzakirə keçirilib.
AZƏRTAC xəbər verir ki, “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri Səadət Bənənyarlının moderatorluğu ilə keçirilən müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Asim Mollazadə son vaxtlar Fransada baş verənlərin təhlükəli vəziyyət yaratdığını deyib. Bildirib ki, bu, Avropa dəyərlərinin və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Belə ki, əhalisi 150 min nəfər olan əhali xalq adlanmaq hüququnu itirib.
Deputat qeyd edib ki, korsikalıların öz dillərində danışmaq hüququ var. Korsikalılar öz hüquqlarını qorumağa çalışacaqlar. Mümkün deyil ki, Avropanın mərkəzində belə bir vəziyyət olsun. “Fransa hökuməti bu məsələ olduğu halda, hansısa qondarma “artsax” məsələsi ilə məşğul olmaq istəyir. İnanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyətdən çıxış yolu tapacaq. Bu, Fransa Respublikasının azadlıq və qardaşlıq prinsiplərinin pozulmasıdır”, - deyə A.Mollazadə diqqətə çatdırıb.
İctimai müzakirədə çıxış edən “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Ayaz Mirzəyev deyib ki, Korsika dilinin qadağan edilməsi Fransanın təcavüzünün daha bir bariz göstəricisidir. Bu qərar təkcə korsikalılarda deyil, beynəlxalq hüquqa hörmət edən Avropa ictimaiyyəti arasında da haqlı etirazlara səbəb olub. Fransanın Şimali Afrika və ərəb ölkələrində tarixən törətdiyi cinayətləri yadına salmaq lazımdır. Fransa tarixi müstəmləkəçilik iddialarından ayrılmaq istəmir. Bu ölkə beynəlxalq hüquq normalarına əməl etməli, mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Korsika dilinin qadağan edilməsini bəşəriyyət üçün rüsvayçı hadisə kimi qiymətləndirib. Diqqətə çatdırıb ki, Fransa dünyada ən çox müstəmləkəçilik siyasəti yürüdən ölkədir. Dünyada buna son qoyulsa da, Fransa yeni müstəmləkəçilik siyasətini davam etdirir.
“Təəssüf ki, Fransa bu gün, sözün həqiqi mənasında, dini müstəmləkə siyasətinin mərkəzi kimi çıxış edir. Fransanın milli azlıqlara qarşı əsas prinsipləri pozması, bu yöndə cinayətlərin törədilməsi geniş vüsət alıb. Hesab edirəm ki, Korsika məsələsi məhz bu yöndə həyəcan təbilidir. Bütün bunların fonunda Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın suveren ərazisində qondarma bir “dövlət”in qondarma “haqlarını” müdafiə edir. Fransa ölkələrin daxili işlərinə qarışır. Fransa bu gün Qarabağda yaşayan ermənilərin də separatizmə meyl etməsi üçün dəstək verir”, - Milli Məclisin deputatı bildirib.
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə diqqətə çatdırıb ki, Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti yürüdür. Tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib və onların dialektlərinin rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələblərini pozub. Bu sənədlər arasında 1789-cu il böyük fransız inqilabının ən mühüm sənədi olan və fərdi insan hüquqlarını müəyyən edən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastia Məhkəməsinin son qərarı, eləcə də Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti ilk növbədə Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır.
O.Qəhrəmanzadə deyib ki, Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən ictimaiyyət tərəfindən daha sərt şəkildə qınanmalıdır.
Milli Məclisin deputatı Kamal Cəfərov Fransanın Korsikaya qarşı qeyri-insanı siyasət yürütdüyünü söyləyib. Qeyd edib ki, Korsikalılar öz dilində danışmaq istəyir, lakin fransızlar tərəfindən buna icazə verilmir. Fransa korsikalıların bu davranışını özlərinə zidd hesab edirlər. Korsika dili 150 min insan tərəfindən danışılır. İngilis dilində təhsil almağa icazə verilir, lakin Korsika dilinə icazə yoxdur.
Tədbir müzakirələrlə davam etdirilib.