Fransa Korsikaya qarşı linqvistik ayrı-seçkilik siyasəti tətbiq edir.
AZƏRTAC xəbər verir ki, bunu “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans çərçivəsində QHT-lərin təşəbbüsü ilə keçirilən “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” adlı ictimai müzakirə zamanı Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə deyib.
O bildirib ki, tarixən Fransa korsikalıları fransız dilində danışmağa məcbur edib və onların dialektlərinin geniş rəsmi istifadəsini qadağan edib. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə, Fransa tərəf olduğu beynəlxalq sənədlərin tələblərini pozub. Bu sənədlər arasında 1789-cu il böyük Fransa İnqilabının ən mühüm sənədi olan və fərdi insan hüquqlarını müəyyən edən İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi var. Bastia məhkəməsinin son qərarı, eləcə də, Fransanın korsikalılara qarşı ayrı-seçkilik siyasəti, ilk növbədə, Bəyannamənin 11-ci maddəsinin pozulmasıdır.
Orduxan Qəhrəmanzadə deyib ki, Fransa hökumətinin həyata keçirdiyi müstəmləkəçilik və assimilyasiya siyasəti beynəlxalq hüquqa hörmət edən ictimaiyyət tərəfindən daha sərt pislənməlidir.