Fransanın etnik korsikalıları yox etmək siyasəti son həddə çatıb

post-img

Fransa yenə də “fərqlənib”. Bu dəfə rəsmi Paris Korsika adasında fransız dilini rəsmi dövlət dili elan edib. Ermənistana böyük məhəbbət və qayğı göstərən, hər fürsətdə Azərbaycanı etnik qrupların hüquqlarına hörmətlə yanaşmağa çağıran Fransa rəhbərliyi öz vətəndaşlarına qarşı ayrı-seçkilik nümayiş etdirib. Fransanın bu qərarı nəinki Korsikada, hətta, bütün dünyada mənfi reaksiya doğurub. Birləşmiş Millətlər Təşkilatının azlıqlar üzrə xüsusi məruzəçisi Fernand de Varennes Fransa Məhkəməsinin adadakı dövlət idarələrində Korsika dilinin istifadəsinin qanunsuz olduğuna dair qərarını pisləyib. Ada sakinləri də mərkəzi hakimiyyəti korsikalıları xalq olaraq məhv etməyə cəhddə günahlandırırlar.

Fransa Məhkəməsi Korsika ada­sının dövlət müəssisələrində korsika dilindən istifadə olunmasını qadağan edib. Fransız hakimlər hesab edirlər ki, Korsika dilindən istifadə kons­titusiyaya ziddir. Siyasi şərhçilərin sözlərinə görə, bu qərar Emmanuel Makron administrasiyasının Korsi­kaya daha çox muxtariyyət verilməsi üçün yerli siyasətçilər ilə danışıqlar aparmasının nəticəsidir. Məlumat verilir ki, iddia adadakı mərkəzi hö­kumətin ən yüksək vəzifəli şəxsi olan Korsika prefekti tərəfindən qaldırılıb. Qeyd edək ki, YUNESKO-nun mə­dəniyyət agentliyi italyan dilinə bən­zəyən və təxminən, 150 min insanın danışdığı Korsika dilini təhlükə altın­da hesab edir. 

Mərkəzi hökumətin məlum qəra­rı korsikalıların böyük narazılığına səbəb olub. Adada etirazların baş qaldırdığı bildirilir. Siyasi mütəxəs­sislərin sözlərinə görə, Fransa insan haqları məsələsinə öz həqiqi, ikiüz­lü münasibətini bir daha nümayiş etdirir. Bu, tipik ayrı-seçkilik və bey­nəlxalq hüququn pozulması halıdır. Birləşmiş Millətlər Təşkilatının azlıq­lar üzrə xüsusi məruzəçisi Fernand de Varennes Fransa Məhkəməsinin adadakı dövlət idarələrində korsika dilinin istifadəsinin qanunsuz oldu­ğuna dair qərarını pisləyib: “Korsi­kada yalnız fransız dilinin istifadə oluna biləcəyi qərarı ayrı-seçkilik və beynəlxalq hüququn pozulmasıdır. Çünki ingilis dili, hətta, dövlət univer­sitetlərində də tez-tez istifadə olunur, lakin Korsika dili qadağandır...”

Xatırladaq ki, bundan əvvəl Fransa Məhkəməsi adada dövlət qurumlarında Korsika dilinin istifa­dəsinin qanunsuz olması barədə qə­rar çıxarmışdı. Məhkəmə, həmçinin qeyd edib ki, “Korsika xalqı” anlayı­şının mövcudluğu Fransa Konstitusi­yasına ziddir. 

Korsika xüsusi koloritə malik, az öyrənilmiş bölgədir. Lakin onun füzunkar mənzərələrinin arxasında xalqın narazılığı gizlənir. 1970-ci illə­rin ortalarından ada üçün daha böyük muxtariyyət axtaran korsikalı qruplar şiddətlə döyüşüb, Fransa işğalının simvolu sayılan polis məntəqələrini və inzibati binaları partladıblar. 2014-cü ildə fəallar silahlarını yerə qoysa­lar da, yerli əhalinin dil, mədəniyyət və kimliklərinə qarşı ayrı-seçkilikdən şikayətləndiyi üçün adada iğtişaşlar səngimir. Lakin onların tələblərinin heç biri, o cümlədən Korsika di­linə rəsmi statusun verilməsi indiyə qədər Fransa hökuməti tərəfindən nəzərə alınmayıb. Əksinə, son qəra­rı ilə rəsmi Paris etnik azlığın hüquq­larını heçə saydığını göstərdi. 

1990-cı il Paris Xartiyasında “milli azlıqlara mənsub şəxslərin hüquq­larına Ümumdünya İnsan Hüquqla­rının bir hissəsi kimi tam riayət edil­məlidir” deyildiyi halda, korsikalıların ictimai həyatda əsas azadlıqları hə­yata keçirməsi çətindir. Çünki Fransa hökuməti, demək olar ki, həmişə ada sakinlərinin istəklərinə kobud güclə cavab verir. Bu, gərginliyin və zorakı­lığın artmasına səbəb olur. Sonuncu dəfə belə hadisələr 2022-ci ilin mar­tında baş verib. Tənqidçilər tez-tez etirazçıların qeyri-qanuni saxlanma­sına və Fransa hakimiyyətinin həb­sxanalarda fiziki güc tətbiqinə, öldü­rülməsinə və şikəst edilməsinə işarə edirlər. Adanın yerli sakinlərinin izti­rabları 2022-ci il dekabrın sonunda azərbaycanlı deputatların Fransanı korsikalıların hüquqlarını dəfələrlə pozduğuna görə qınayanda bir daha qeyd olunub. 

Politoloqlar bildirirlər ki, Korsika­nın müstəqilliyi uğrunda yüksələn azadlıq hərəkatı 300 min nəfərlik ada­da Parisin mədəni və siyasi hökm-ranlığına qarşı yönəlib. Korsika iki əsrdən çox fransızlar tərəfindən idarə olunsa da, heç də fransız oldu­ğunu hiss etmir. Korsikalıların italyan mədəniyyəti ilə əlaqəli öz dilləri var. Korsikalı siyasətçi, “Azad Korsika” partiyasının lideri Jan-Gi Talamoni deyir ki, adanın Fransaya mənsub olunması barədə tarix boyu rəsmi Parisin da xalqına qarşı ilhaqçı və imperiya mahiyyətli siyasət yürüdüb. İndiki şəraitdə belə, fransız imperi­alizmi heç yana getməyib. İstənilən vicdanlı filoloq və ya etnoqraf deyə­cək ki, korsikalılar fransız deyillər. Jan-Gi Talamoninin sözlərinə görə, burada nəyisə sübut etməyə ça­lışmaq əbəsdir: “Siyasi xətt var, o, Fransa imperiyası və respublikası tarixində eyni-imperiya mahiyyətli olub. Bu siyasi xətt tanınmış korsi­kalıları böyük fransızlar qismində birləşdirdi. Bonapartın nümunəsi hamıya məlumdur. Lakin bu xətt bi­zim xalqı birləşdirmədi, onu adətlə­rindən, ənənələrindən və dilindən məhrum etdi”.

Fransa beynəlxalq konvensiya­ları pozaraq, korsikalıların hüquqla­rını məhdudlaşdırır, onlara ana di­lində danışmağı belə qadağan edir. Parisin bu qədər anti-demokratik davranışından fərqli olaraq, Azər­baycanın öz ərazisində yaşayan bütün xalqlara münasibəti eynidir. Onların mədəni hüquqlarına, ana dilində danışmaq hüququna hörmət edir. Buna görə də, birmənalı şəkildə demək olar ki, Fransa etnik qrupların hüquqlarının təmin edilməsi məsələ­sində Azərbaycanin təcrübəsini öy­rənməlidir. Xaricdəki separatçıları hərtərəfli dəstəkləyən Paris titulsuz etnik qrupa mənsub vətəndaşlarının problemlərinə biganə yanaşır. Necə deyərlər, özünə rəva görmədiyini başqasına tövsiyə edir.

 

S.ELAY, “Xalq qəzeti”

Siyasət