...Canını Vətənə sipər etdi

post-img

Milyonların vətən nisgilinə son qoyan oğullarımızdan biri yevlaxlı Toğrul Məmməd oğlu Bərxudarovdur. Yaxından tanıyıram bu ailəni. 33 yaşı vardı Toğrulun. 2001-ci ildə Yevlax şəhər 9 saylı tam orta məktəbi bitirərək təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmişdir. Rəhmətlik atası çox istəyirmiş ki, Toğrul hərbçi olsun, general olsun. O da atasının arzusunu həyata keçirmək üçün ömrünü qürurla hərb sənətinə həsr etmişdir. 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini motoatıcı ixtisası üzrə bitirərək, elə həmin il Təlim-Tədris Mərkəzinə daxil olmuş və 2009-cu ildə buranı müvəffəqiyyətlə başa vurmuşdur. 

Bu sənətə sevdalanan gənc Toğrul 2013-cü ilə qədər «N» saylı hərbi his­sədə, həmin ildən 2017-ci ilədək Hey­dər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı taqım komandi­ri, sonra bölük üzrə komandir-müəllim, başqa hərbi hissədə tabor komandiri­nin müavini, həmin hərbi hissədə tabo­run qərargah rəisi vəzifələrində xidmət etmişdir. 

Hər şey «Bir canım var, o da vətə­nimə qurban olsun!» deyimilə başla­yıb. Müharibənin ilk günündən ən ağır əməliyyatlara atılıb. Döyüş yoldaşları danışır ki, əsgərləri ruhlandırmaq üçün tankın üstündə ayaqüstə, dimdik gedir­di, özünü sipər edirdi, həm əsgərlərinə, həm vətəninə. Sonuncu dəfə qardaşı Bəxtiyarla danışıb: «Qardaş, mənə görə narahat olmayın, anamı da televi­zora baxmağa qoyma, ha...» demişdi. Görəsən, niyə? Ürəyinə dammışdı ki, şəhid olacaq?! Çox sevdiyi qardaşına bir də: «Mənə bir şey olsa, uşaqlarım sənə əmanət» – deyə tapşırmışdı. 

Sentyabrın 29-da anası Güllü xa­nımla danışıb, – hər şey çox əladır, ana, – deyərək, onu sakitləşdirib. Sa­bahı gün Tərtər–Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Hər dəfə Güllü xanımla görüşəndə onun həzin axan göz yaşlarına dözə bilmirəm. Bir qədər toxdayıb, iftixarla danışır oğlundan: «Toğrul əsgərlərini necə sevirdi, bir bilsəniz?! Öz balası, qardaşı kimi danışırdı onlar haqqın­da».

Keçmiş əsgəri Kamran Babayev komandirini böyük hörmətlə xatırlayır: «Mən tərxis olunanda cənab mayor kapitan rütbəsində idi, həm də bizim qərargahın rəisi. Kabinetini, sənədləri­ni mənə etibar edirdi. Tərxis olduqdan sonra zəng edib hal-əhvalını soruşur­dum. O da mənə gələcək işlərimdə uğurlar diləyir, tövsiyələr verirdi. Əsgər ikən atam rəhmətə getmişdi. Məni vağ­zala qədər öz maşını ilə apardı. O, tək­cə komandir deyil, bizə böyük qardaş idi. Tez-tez müharibədən danışardı: – Savaşın, qorxmayın, kaş ki, mən şə­hid olam, şəhidlik uca zirvədir, – deyər­di. Biz deyirdik ki, cənab mayor, siz ge­neral olacaqsınız. Allah sizi qorusun!»

Vətənimin azadlığı və bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Toğrulun əziz ruhu qarşısında baş əyir, qürur duyur və deyirəm: Müzəffər Ali Baş Komandan İlham Əliyev göstərdi­yin qəhrəmanlığa görə səni 3-cü dərə­cəli «Rəşadət» ordeni ilə təltif etmişdir, Toğrul! Qurtardığın vətən torpaqlarının hər dağında, daşında üçrəngli bayra­ğımız dalğalanır, şəhidim. Çox keçmə­dən o yerlərdə çiçəklər açacaq, alaca gözlü ocaqlar yanacaq, evlər tikiləcək. Yurddaşlarımız o yerlərdə xoşbəxt ya­şayacaqlar. 

Həkim və general görmək istədiyin övladların Əli ilə Güllü Bakının ən yaxşı liseyində təhsil alırlar, Toğrul. Arzuları­nı, xəyallarını gerçəkləşdirmək üçün sədaqətli ömür-gün yoldaşın Zəhra xa­nım onların üstündə yarpaq kimi titrə­yir, sənin görmək istədiyin kimi, sənə layiq yetişdirir. 

Bakıda yaşadığınız ev çox gözəl təmir olunub, həyətində uşaqlar üçün geniş meydança yaradılıb, sənin mər­mər lövhə üzərində barelyefin hazırla­nıb. Yevlaxdakı evinizə də getmişdim. Şəhadətinin il mərasimi idi. Canından çox sevdiyin Güllü anan, əziz qardaşın Bəxtiyar da övladların üçün əllərindən gələn hər fədakarlığı edir ki, sən rahat yatasan... 

«Hərbi xidmətlərə görə» və «Suqo­vuşanın azad olunmasına görə» me­dalları ilə də təltif olunmuşdur. Uğrunda canından keçdiyi Qarabağ Azərbay­candır! 

 

Əminə YUSİFQIZI,
“Kür” qəzetinin baş redaktoru

Sosial həyat