İki müharibənin döyüşçüsü

post-img

Mirzə Musa oğlu Axundovun adı İkinci Qarabağ müharibəsində öz qanı ilə tarix yazan Azərbaycanın igid oğulları sırasında iftixarla çəkilir.

Ömrünün 36-cı ilində Vətən torpa­ğı uğrunda şəhidlik zirvəsinə ucalan, böyük bir xalqın qürur yerinə çevrilən igid Mirzə Lənkəran rayonunun Gə­giran kəndində anadan olmuşdu. O, halallıqla gün-güzəran keçirən, doğma yurduna bağli nəcib, xeyirxah insanlar­dan görüb-götürməklə yetkinlik yaşına çatır. 

1991-ci ildə el-oba yığışıb Mirzəni ordu sıralarına yola salır. Canından çox sevdiyi Vətəninə ləyaqətlə xidmət edir. Mərdlik, qəhrəmanlıq göstərərək dəfələrlə erməni dığaların Qarabağ torpaqlarını ələ keçirmək niyyətini ürəklərində qoyur. Yurdsevərliyi, Vətən torpağına əsl oğul məhəbbəti, dostlu­ğa sədaqəti Mirzənin xətrini komandir­lərin, əsgərlərin yanında həmişə əziz edir. Beləcə, o, hərbi xidmətini nöqsan­sız, alnıaçıq başa vurur.

Köksündə hədsiz dərəcədə vətən­sevər bir ürək çırpınan Mirzə əsgər­likdən sonra halal zəhmətdən yapışır. Özünə yaxşı həyat qurmaqla bərabər, cəmiyyətə layiqli vətəndaş olmağa, in­sanların işinə yarımağa səy göstərir. Və yaxşı əməlləri onu gözlərdə işığa, baxışlarda sevincə döndərir. Çox keç­mir, ürəyində qövr edən düşmənə nifrət hissi Mirzəni yenidən hərbiyə çəkir. 2004-cü ildə Azərbaycan Silahlı Qüv-vələrinin Zığ qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində müddətdən artıq xidmətə başlayır. Əsas amalı da Vətəninin şərəfini uca tutmaq, müba­rizliklə dığalara qalib gəlib Azərbayca­nın əzəli torpaqlarını azad etmək olur. Ağdamda, Tərtərdə xidməti zamanı erməni vandalların törətmək istədiyi fa­ciələrinin qarşısını alır. 2016-cı ilin Ap­rel döyüşlərində isə göstərdiyi hünər, düşmənə vurduğu zərbələr bir daha Mirzənin necə yurdsevər, torpağa bağ­lı bir oğul olduğunu göstərir. İgid əsgər kimi ölüm-dirim anlarında Vətəni qoru­mağı da bacarır. Həmişə də halal tor­paq naminə son döyüşə atılmaq üçün məqam gözləyir. 

Azərbaycan Ordusunun Hərbi Də­niz Qüvvələrinin miçmanı Mirzə Axun­dov 44 gün davam edən, şanlı zəfəri­mizlə başa çatan Vətən müharibəsində erməni cəlladlardan qisasını ala bilir. Müharibə başlanan andan kamil bir hərbçi kimi döyüşə atılır. Mirzə 30 ilə yaxın düşmən tapdağına dönən ulu yurd yerimiz Qarabağın bir çox yük­səkliklərinin və yaşayış məntəqələri­nin alınmasında fədakarlıq göstərir. Düşmənin texnikasını, canlı qüvvəsini məhv edir. Oktyabr ayının 2-də Ta­lış istiqamətində gedən ağır döyüşlər­də qəhrəmancasına şəhid olur. Şərəfli ölüm Vətənin qalib şəhidinə milyonla­rın ürəyində əzəmətli abidə ucaldır.

Müqəddəs amalla vətənləşən Mirzə Axundov ölümündən sonra Suqovuşa­nın, Laçının azadlığına görə və “Vətən uğrunda” medallarına layiq görülüb.

 

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sosial həyat