2020-ci ilin 27 sentyabrından başlanan və 44 gün davam edən Vətən müharibəsində Sumqayıt şəhəri də neçə-neçə oğlunu şəhid verib.
Sumqayıtın Vətən müharibəsində qurban verdiyi gənclər Mahir Muxtar oğlu Xələfli və Tərlan Rövşad oğlu Rzayev ilk şəhidlərdən sayılır.
Mahir Xələflinin ata-babası Qubadlı rayonunun Qiyaslı kəndindəndir. Özü isə 2001-ci ildə Sumqayıtda dünyaya gəlib. Hələ kiçik yaşlarından hər kəsin sevimlisi olan, qorxmaz, vətənpərvər Mahirin hərbi sahəyə böyük marağı olub. İyulun 9-da həqiqi hərbi xidmətə yolanıb və Gəncə şəhərində N saylı hərbi hissədə xidmətə başlayıb. Sonra Daşkəsəndə yerləşən hərbi hissələrdən birində hərbi xidmətini davam etdirib. 27 sentyabr ikinci Qarabağ müharibəsi başlanan günü Mahir Xələfli döyüşlərə qatılır və Kəlbəcər rayonu istiqamətində, Murovdağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Dövlət başçısının sərəncamları ilə Mahir Xələfli ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medallarına layiq görülüb.
Mahir subay idi, qönçə-qönçə arzuları vardı. Amma Vətən eşqini hər şeydən üstün tutaraq döyüşlərə atıldı və şəhadətə ucaldı. İlk sevgisi ilə bərabər, arzularını da özü ilə cənnətə apardı. Atasının dedikləri: “Sentyabrın 25-i gecə mənə zəng elədi, dedi “hər şey yaxşıdır, mənə görə narahat olmayın, darıxmayın, mən darıxmıram”. Sentyabrın 27-si, saat 9-da məlumat gəldi ki, Mahir yaralanıb. Hərbi hissəyə getdik və bizə Şəhid olması xəbəri verildi...
Vətən müharibəsinin ən erkən şəhidlərindən biri də əsgər Tərlan Rzayevdir.
Tərlan Rzayev 2001-ci ildə Sumqayıtda anadan olub. Orta təhsilini bu şəhərdəki 27 nömrəli orta məktəbdə alıb. 18 yaşı tamam olanda hərbi xidmətə yollanıb. Sentyabrın 27-də müharibə başlayan gün 1 il 3 ay idi ki, hərbi xidmət edirdi. Ali Baş Komandanın hücum əmrindən dərhal sonra əsgər yoldaşları ilə irəliyə atılıb. Füzulinin 4 kəndinin alınması uğrunda döyüşüblər. Əsgər yoldaşları mühasirəyə düşüb. İki saatlıq mühasirədən sonra Tərlangilə səddi yarmaq əmri verilib. Mühasirəni yarıb yoldaşlarını oradan çıxarıb. Elə bu vaxt ermənilər top atıblar, mərmisi Tərlana tuş gəlib və bunun da nəticəsində o, şəhid olub.
Anası Simnarə xanım heç onun döyüşlərə qatıldığını bilməyib. Atası Rövşad kişi deyir: “Əsgərlikdən sonra gəlib kompüter üzrə oxumaq, sonra da yenidən hərbi sahəyə qayıtmaq istəyirdi. Ancaq qismət olmadı, şəhidlik yazıldı alnına. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin!”
Son damla qanını belə Vətəndən əsirgəməyən Tərlan Rzayev ölümündən sonra “Vətən uğrunda” və “’Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. O da məzarıstanda ilk şəhid Mahir Xələfli ilə yanaşı uyuyur.
Ə.ƏLİYEV, “Xalq qəzeti”