Vətən müharibəsində igidliklə həlak olmuş iki şəhidin ailəsi öz əbədiyyət yolçularının doğum gününü qeyd etdilər. Bir qədər həzin, kövrək duyğularla, amma həm də qürur hissi ilə, fəxrlə. Çünki həmin igidlər az yaşasalar da, ailələrinin, el-obalarının, millətlərinin adına şərəf gətiriblər, ölməzlik qazanıblar. Həyat və döyüş yolları da, demək olar ki, eynidir.
Tankçı baş gizir Vahid Abbas oğlu Alıyev 1989-cu ildə Daşkəsəndə doğulub. Anası onun boyunu sevə-sevə böyütmüşdü ki, yurda düşmən çəpəri olsun, zamanı gələndə el-obasını qorusun.
Əsgərliyi 2007-ci ildə cəbhə bölgəsindəki hərbi hissələrdən birində keçib. Sonra yenidən orduya qayıdıb, gizirlik kursunu bitirib və xidmətə göndərilib. Komandirlərin bütün əmrlərinə məsuliyyətlə yanaşıb, təlimlərdə fəal iştirak edib, bilik və bacarığını gənc əsgərlərə böyük həvəslə öyrədib. Bilib ki, qisasın alınacağı, torpaqlarımızın işğaldan təmizlənəcəyi gün tezliklə gələcək.
İkinci Qarabağ müharibəsi başlananda Vahid iki oğul balasını həyat yoldaşı Sona xanıma tapşıraraq döyüşlərə yollanıb. “Dəmir at”ının çevik cövlanları ilə hücum tapşırıqlarının öhdəsindən məharətlə gəlib. Müharibənin dördüncü günü Vahidin evə telefon zənglərinin arası kəsilib. Sentyabrın 30-da onun ailəsinin qapısını ölüm xəbəri döyüb. Məlum olub ki, Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalıb.
Hücum əmri veriləndə o, düşmənin müdafiə xəttini yaran ilk cəsur döyüşçü olub. Tankçılar heyəti ilə qarşıdakı yüksəklikləri atəşə tutaraq düşmənə göz açmağa imkan verməyib. Son mərmisi və son nəfəsinədək döyüşüb. İgid tankçı “Azərbaycan Bayrağı” ordeni və medallarla təltif edilib.
...İbrahim Etibar oğlu İbrahimov Vahiddən üç il sonra, onunla eyni gündə Naxçıvan şəhərində anadan olub.18 yaşında həqiqi hərbi xidmətə yollanıb və Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsində olub. Sonra ailə həyatı qurub. 2020-ci ildə yenidən ordu sıralarına qayıdıb. 18 oktyabrda Xüsusi Təyinatlı Qoşunların əsgəri kimi Qarabağda aparılan hərbi əməliyyatlara qatılıb. Cəbrayıl, Zəngilan, Füzuli və Xocavənd uğrunda döyüşlərdə daim öndə gedib, igidlik nümunələri göstərib.
İbrahim digər silahdaşları ilə Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid komandirinin cənazəsini neytral zonadan çıxarmaq üçün düşmən üzərinə əks-hücuma keçərkən qəhrəmancasına şəhid olub. Dörd gün sonra doğma yurdu Naxçıvanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fərqləndiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli sərəncamına əsasən, İbrahim İbrahimov ölümündən sonra “Vətən uğrunda” və on gün sonrakı növbəti sərəncamla “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Manya Səxavətqızının müəllifliyi ilə hazırlanaraq çap edilmiş “Vətən fədailəri – Naxçıvan şəhidləri” kitabında onun da haqqında təsirli sətirlər yer alıb. Bu yaxınlarda isə Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində şəhər ümumtəhsil məktəblərinin komandaları arasında şəhid İbrahim İbrahimovun xatirəsinə həsr olunmuş baskebol birinciliyi keçirilib. Bütün bunlar hər kəsə nikbinlik aşılasa da, əzizləri onun adı ilə fəxr etsələr də, özündən sonra övlad yadigarının qalmamasına təəsüflənirlər.
Bəli, Vahidlə İbrahim eyni gündə cismən anadan olublar. Amma hər ikisinin şəhidlik zirvəsinə ucaldıqları gün onların yeni doğum tarixi sayılır. Bu, heç bir təqvimə və şəhadətnaməyə sığmayan əbədi bir tarixdir.
Əli NƏCƏFXANLI, “Xalq qəzeti”