Ermənistan hakimiyyəti parlament terrorçusunu əfv etməyə hazırlaşır

post-img

Ermənistan hakimiyyəti ölkədə 1999-cu il oktyabrın 27-də baş vermiş parlament terrorunda təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Karen Hunanyanı əfv etməyə hazırlaşır. Bunu “Ayeli” (“Güzgü”) mətbuat klubunun rəhbəri Anjela Tovmasyan deyib.

A.Tovmosyan bildirib ki, 1999-cu ildə parlamentin de­putatı olmuş bir neçə şəxs Ermənistanın Ədliyyə Nazirli­yinə məsələ ilə bağlı məktub ünvanlayıb. Məktubda hələ­lik söhbətin K.Hunanyandan getdiyi bildirilir. Amma ola bilsin ki, Karenin iş ortağı Na­iri Hunanyan da sonra əfvə düşsün. 

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də Nairi Hu­nanyan və onunla əlbir olan bir neçə şəxs (qardaşı Ka­ren Hunanyan, dayısı Vram Qalstyan, həmçinin Derenik Becanyan, Edik Qriqoryan və Aşot Knyazyan) Ermənis­tan parlamentinə daxil olaraq baş nazir Vazgen Sarkisyanı güllələyiblər. Onlar, həmçi­nin, Milli Assambleyanın spi­keri Karen Dəmirçyanı, sədr müavinləri Yuri Baxşyanı və Ruben Miroyanı, əməliyyat məsələləri üzrə nazir Leo­nard Petrosyanı, deputatlar Armenak Armenakyanı, Hen­rix Abramyanı və Mikayel Ko­tanyanı qətlə yetiriblər.

Qeyd edək ki, qətlə yeti­rilənlərdən baş nazir Sarkis­yan və spiker Dəmirçyanın islahata meyilli koalisiyası həmin ilin mayında keçirilən parlament seçkilərini səs çox­luğu ilə qazanmış və praktiki olaraq 1998-ci ildə prezident postuna yiyələnmiş Robert Koçaryanı siyasi səhnədən kənarlaşdırdılar. Onların fiziki cəhətdən məhvi isə ölkənin siyasi mənzərəsində ciddi də­yişikliklərə səbəb oldu. 

Hadisənin şahidi olmuş jurnalistlərin dediyinə görə, silahlılar baş nazir Sarkisya­na tərəf gedərək “yetərincə qanımızı içdin” deyə qışqıran­da, Sarkisyan sakitcə cavab vermişdi: “Hər şey sizin və uşaqlarınızın gələcəyi üçün edilir” – deyə dillənmişdi. Bu, onun son sözləri olmuşdu.

İstintaq Köçəryanı Hu­nanyanın silahlı qrupu ilə əlaqələndirən heç bir əhəmiy­yətli dəlil tapmasa da, bir çox erməni siyasətçi və təhlilçi hesab edir ki, V.Sarkisyanın və digər aparıcı siyasətçilə­rin qətlinin arxasında prezi­dent Robert Köçəryan və Milli Təhlükəsizlik naziri Serj Sar­kisyan (sonradan prezident oldu) durur. 

Onu da bildirək ki, Er­mənistanın ilk prezidenti Le­von Ter-Petrosyan dəfələrlə R.Köçəryanı və S.Sarkisyanı, bu şəxslərin cinayətkar-o­liqarxik sistemini parlament hücumunda ittiham edib. 2008-ci il prezident seçkiləri ərəfəsində o, açıq şəkildə bil­dirmişdi ki, “əgər fevralın 19-da Serj Sarkisyana səs ver­səniz, Nairi Hunanyana səs verəcəksiniz. Serj Sarkisyanı seçənlər Karen Dəmirçyan və Vazgen Sarkisyanın ruhlarını alçaldacaqdır”.

2009-cu ildə Ter-Petrosya­nın rəhbərlik etdiyi Erməni Milli Konqresi parlament terroru­nun 10-cu ildönümü ilə əlaqə­dar açıqlamasında Köçəryanı və Sarkisyanı bir daha sözü­gedən terrorda günahlandırdı. Qurumun açıqlamasında deyi­lirdi: “27 oktyabr terror yolu ilə iqtidarın zorla ələ keçirilməsi idi. Bununla da terrorizm re­jimin iqtidara yapışmaq və özünü göstərmək üçün əsas vasitəsinə çevrildi”. 

Bir məqamı da xatırladaq ki, 2005-ci il aprel ayının son­larında Rusiyanın sabiq məxfi xidmət agenti Aleksandr Lit­vinenko Azərbaycan qəzeti olan “Realni Azerbaijan”a müsahibəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsini Dağ­lıq Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq üçün Ermənistan par­lamentində terror aktını təşkil etməkdə suçladı. 2013-cü ilin mart ayında isə Vazgen Sar­kisyanın kiçik qardaşı Aram Sarkisyan da R.Köçəryan və S.Sarkisyanı məlum qanlı olayda təqsirli bildi. 

 

R.AMİN

Siyasət