İran və öküzsayağı konservasiya

post-img

Ruslarda məsəl var, tərcüməsi təxminən belədir: öküzlük öküzü konservasiya olunmaq aqibətindən qorumur. İranın qırıcı təyyarə “şousu” da, obrazlı desək, öküzlükdür. Əlbəttə, ipə-sapa yatmamaq bu heyvanı kanservə çevrilmə perspektivindən sığortalamır. Əmmaməli öküzlərin bunu düşünməsi mütləqdir. Hərçənd, adı üstündədir – öküz necə düşünürsə – düşünsün elə öküz olaraq qalır.

İrana məxsus hərbi təyyarənin Azərbaycanla sərhəddəki manevrləri, heç şübhəsiz, Bakıya mesajdır. Hesab edirik ki, Azərbaycanın Müdafiə Nazir­liyinin və Xarici İşlər Nazirliyinin yay­dığı birgə bəyanatda bu mesajın anla­şıldığına dair fikirlər var. Nəzərə alaq ki, qırıcı təyyarənin iki ölkə arasındakı dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə sərhədin tam üstü ilə uçduğunun vurğulandığı sənəddə bu halın beynəlxalq qaydalara zidd olduğu, eyni zamanda, münasibətləri daha da gərginləşdirməyə xidmət etdiyi əksini tapmaqla yanaşı, kifayət qədər konkret ifadə də var: “...işğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hər­bi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır”. 

Qeyd edək ki, 2020-ci il oktyabrın 22-də Zəngilanın Ağbənd qəsəbəsi­nin azad edilməsi ilə Azərbaycanın və İranın 132 kilometrlik dövlət sərhədi tam nəzarətə götürülmüşdü. Prezident İlham Əliyev həmin gün özünün rəsmi Twitter səhifəsində paylaşım etmiş və bu münasibətlə Azərbaycan və İran xalqını təbrik etmişdi. Deməli, hazırda, bir qədər əvvəl diqqət yetirdiyimiz sitat­dakı “işğaldan azad edilmiş Azərbaycan əraziləri” fikri heç də təsadüfi deyil. Belə nəticəyə gəlirik ki, ölkəmiz Tehranı iş­ğalçı olmamağa, 30 il müddətində tor­paqlarımıza qəsb etmiş Ermənistanın yerini tutmamağa çağırır. Bu fikir İrana “təyyarə şousunun” yetərincə dərk edil­məsi mesajının verilməsidir. Bəli, molla rejimi özünün erməni təəssübünü bir daha ortaya qoyur. Bir növ, Ermənis­tan yoxdur, biz varıq, – demək istəyir. Əlbəttə, belə bir eyhamda olan ölkəni hərəkətləri qeyri-dost davranış kimi qiy­mətləndirilməlidir və qiymətləndirilir də. 

***

İranın konkret olaraq məhz indi Azərbaycana əzələ nümayişi nə ilə bağ­lıdır? Suala cavab verməzdən öncə bil­dirək ki, bu il fevralın 8-də Ermənistanın Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırdı­ğına dair məlumatlar yayılmışdı. Planın hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusu­nun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupunun iştirak edəcəyi bildi­rilmişdi. Trend İnformasiya Agentliyinə diplomatik mənbələrdən daxil olan mə­lumatda o da deyilmişdi ki, SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diver­siya qrupu Ermənistan-Azərbaycan sər­hədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirilir və burada Er­mənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupu­nun rəhbəri adı Azərbaycan hökumə­tinə məlum olan SEPAH generalıdır. Bu şəxs uzun müddət Suriyada hərbi əmə­liyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Daxil olan məlumatda o da bildiril­mişdi ki, təxribat qrupu Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan Ordusunun postlarından birinə ilk hü­cumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirməli imiş. Azər­baycan Ordusunun əsgərləri formasın­da olan ikinci qrup isə erməni postla­rından birinə hücuma keçərək, oradakı bütün əsgərləri məhv edəcəkmiş. Eyni zamanda, erməni əsgərlərinin öldürül­məsi səhnələri, eləcə də Azərbaycan di­lində danışıq videosu çəkiləcəkmiş. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb olunmalı və Azərbaycan Ordusunun post və mövqelərinə hü­cumlar həyata keçirilməli imiş.

***

Deməli, verdiyimiz suala cavab da məlumdur. Diqqət yetirək: Ermənistan son vaxtlar Azərbaycana qarşı xüsusilə fəallaşmaqdadır. İrəvan hərəkətləri ilə sülh istəmədiyini sübut edir, öhdəliklə­rini yerinə yetirməyərək, Bakının səbr kasasını daşırır. 

İndiki durumda görünən mənzərə budur ki, Azərbaycan dövləti öz qanuni ərazilərində hüquqi hakimiyyətini bərpa etmək naminə anti-terror əməliyyatına başlamalıdır. Şübhəsiz, bu, Ermənista­nı da aktiv hərbi əməliyyatların iştirak­çısına çevirəcəkdir. İran isə ötən ildən Ermənistanın ərazi bütövlüyünün özü üçün “qırmızı xətt” olduğunu bəyan et­mişdi. 

İndi isə Tehran İrəvanın anti-Azər­baycan hərəkətlərinin qarşı tərəfin, yəni Bakının kəskin reaksiyasını doğuraca­ğı qənaətindədir. Buna görə müharibə perspektivi üçün, belə demək müm­künsə, öz tərəfini müəyyənləşdirdiyi­ni ortaya qoyur. Bu dəfə daha konkret şəkildə. Mesaj aydındır – Ermənistana qarşı sərt hərəkətlər İranın da adekvat addımlarını doğuracaqdır. Qırıcı təy­yarənin ölkəmizin sərhədlərində peyda olmasının anlamı bu idi. 

Nəzərə alaq ki, Tehranın siyasi da­irələrində, hətta, Qarabağdakı separat­çı rejimin mövcudluğunun İranın dövlət maraqları baxımından vacibliyinə dair fi­kir və düşüncələr çox yayılıb. Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, Er­mənistanın 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətinin İİR üçün fə­lakət məntiqini qabardan elmi-tədqiqat mərkəzləri, siyasi şərhçilər və analitiklər də yetərincədir. Görünür, molla rejimi elə buna görə Qarabağdakı separaçılı­ğın tam aradan qaldırılmasına yönələn hərəkətlərə münasibətdə əzələ nümayi­şi göstərməkdədir.

Heç şübhəsiz, molla rejiminin bu sa­yaq erməni təəssübkeşliyi Azərbaycanı tutduğu yoldan döndərə bilməyəcəkdir. Ölkəmiz Prezident İlham Əliyevin qətiy­yəti və iradəsi ilə başladığımız işi uğurla başa çatdıracaqdır. Öküz xislətli molla­lar isə qeyri-adekvat addımları, əzələ nümayişləri ilə, özlərinin konservasiya olunmaq perspektivlərini yaxınlaşdır­maqdadırlar. 

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət