Su həyatdır, hər damlasının qədrini bilək!

post-img

“Susuz həyat yoxdur” deyimini müasir dövrdə dünyanı bürümüş təbii fəlakətlər fonunda daha aydın dərk etmək olar. Bu gün – martın 14-ü Beynəlxalq Çaylar Günündə ekoloqların uca səslə bu mövzuda danışmaları, müxtəlif tədbirlər, aksiyalar vasitəsilə cəmiyyəti maarifləndirmələri təsadüfi deyil. Zəngin meşə ərazilərinə, su və təbii ehtiyatlara malik ölkəmiz üçün Beynəlxalq Hərəkat Günü kimi də qeyd edilən belə bir əlamətdar təqvim böyük əhəmiyyət daşıyır. 

Azərbaycanda Xəzər dənizi hövzə­sinə aid olan çay şəbəkəsi 8 min 350-dən çox çaydan ibarətdir ki, bunların da ikisinin uzunluğu 500 kilometrdən çoxdur. Əksər çayların uzunluğu isə 10 kilometr­dən azdır. 

Yalnız Kür hövzəsinin çayları istisna olmaqla, digər qruplara aid çaylar sərbəst olaraq Xəzər dənizinə tökülür. Çaylarımız yağış, qar, buzlaq və yeraltı sularla qida­lanır. Yüksək dağlıqdan başlayan, qar və buzlaqla qidalanan Qusarçay, Dəmirapa­ran, Qudyalçay və s. kimi çaylar yazda və yayın əvvəllərində bol sulu olur. Orta dağlıqdan başlayan Lənkərançay, Ataçay yeraltı su, yağış və qismən qar suları, al­çaq dağlıqdan başlayan Ceyrankeçməz, İncəçay ancaq yağış suları ilə qidalanır­lar. Onlar azsulu olub yayda quruyurlar.

Ölkəmizdəki su ehtiyatlarının təqri­bən 20 faizini işğaldan azad olunan əra­zilər təşkil edir. 

Bölgənin ən gursulu çayları Araz ça­yının qolları olan Bərgüşad və Həkəri he­sab olunur. Öz başlanğıcını Bazarçay adı ilə Kəlbəcər rayonu ərazisindən götürən Bərgüşad çayı Ermənistan ərazisindən keçir və Qubadlıda Həkəri çayla birləşir, Zəngilanda Araz çayına tökülür. Bu çayın uzunluğu 158 kilometrdir. 

Laçın rayonu ərazisindən öz başlan­ğıcını götürən Həkəri çayı isə Bərgüşad çayının qolu hesab edilir, uzunluğu 113 kilometrdir. Zabux çayı Həkəri çayının ən böyük qoludur.

Həkəri və Bərgüşad çaylarının üzə­rində su anbarlarının tikilməsi ilə bağlı layihələr hazırlanması da xüsusi qeyd edilməlidir. 

Azərbaycanın işğaldan azad olun­muş ərazilərində su hövzələrinin, atmos­fer havasının çirklənməsi, biomüxtəlifliyin kəskin azalması, torpaqların eroziyaya uğraması və s. çatışmazlıqlar böyük eko­loji problemlər yaradıb. 

Ölkəmizdə son illərdə ekoloji vəziyyə­tin yaxşılaşdırılması istiqamətində atılan addımlar, həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasına öz töhfələrini verməkdədir. 

 

Nazim MƏMMƏDOV, 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi 

 

Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən respublikamızda istər daxi­li, istərsə də transsərhəd çaylarda, mütəmadi olaraq monitorinqlər keçi­rilir. Belə ki, daxili çaylarda keçirilən monitorinqlər ayda bir dəfə olmaqla bütün təbii su hövzələrimizi əhatə edir. Transsərhəd çaylarında isə ayın hər ongünlüyündə, yəni ayda 3 dəfə ol­maqla təkrarlamaq intervalı ilə həyata keçirilir. 

Son dövrlərdə transsərhəd çayla­rımızdan olan Oxçuçay mütəmadi ant­ropogen təsirlərə məruz qalır. Azər­baycan Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, onun ekosistemi üçün gözlənilən ekoloji risklər barədə mə­lumatlandırma və çirklənmənin qarşı­sının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.

Qonşu Ermənistan tərəfindən Azərbaycana daxil olan bu çay həmin ölkənin formalaşan mis-molibden sə­nayesinin istehsalı nəticəsində forma­laşan bütün növ sənaye suları, eyni zamanda çayətrafı fəaliyyət göstərən fermaların, həmçinin kənd təsərrüfatı sahələrinin tullantı sularının çirklən­məsinə məruz qalır. Ölkəmizə daxil olduqdan sonra bu çayda aparılan monitorinqlər nəticəsində götürülmüş su nümunələrinin təhlili göstərir ki, ça­yın tərkibindəki ağır metalların –mis, molibden, manqan, dəmir, sink, xrom və s. kimi ağır metalların miqdarının normadan dəfələrlə yüksək olması müşahidə olunur. Bu ekoloji terror ar­tıq illərdir ki, davam edir.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində keçirilən mo­nitorinqlər ətraf mühitə təsirlərin qiy­mətləndirilməsi və mövcud ekoloji və­ziyyətin nəzarət altında saxlanılması məqsədilə aparılır. 

Bundan başqa, Xəzər dənizinə qo­vuşan çaylarımızdan şimal bölgəsində Qudyalçayı çirklənməyə məruz qa­lanlardan hesab etmək olar. Ətrafda yerləşən yaşayış evlərinin, kəndlərin, qəsəbələrin çirkab suları təəssüflər olsun ki, mərkəzləşdirilmiş kanalizasi­ya şəbəkəsinin olmaması səbəbindən çaya axıdılır və çirkləndirilir. 

Sumqayıt şəhərində Sumqayıt­çay bir çox sənaye müəssisələrinin ərazisindən keçir və həmin sənaye müəssisələrində formalaşan bütün növ sənaye, tullantı suları həm çayın, həm də Xəzər dənizinin çirklənməsinə səbəb olur. 

Cənub bölgəsində Lənkərançay, Girdəni kanalı, Kələdəhnə kollektoru qeyd etdiyim faktorlarla çirklənməyə məruz qalır ki, bu da Xəzər dənizinin su mühitinə mənfi təsir edir. 

Monitorinqlərin kompleks şəkil­də təşkil olunmasını da xüsusi qeyd etməliyəm. Belə ki, proses zamanı atmosfer havasının keyfiyyət göstəri­ciləri, eyni zamanda, həmin bölgədə radiasiya fonunun ölçülməsi işləri, tor­pağın çirklənmə vəziyyətinin paralel olaraq öyrənilməsi həyata keçirilir.

 

Leyla QURBANOVA

12-4.jpg

Ekologiya