Səudiyyə Ərəbistanı Azərbaycanın dostudur

post-img

Xəbər verildiyi kimi, bu yaxınlarda bir qrup Azərbaycan jurnalisti Səudiyyə Ərəbistanında səfərdə olub, müxtəlif tədbirlərdə iştirak edib. Səfər zamanı iki ölkənin media qurumlarları və təmsilçiləri arasında əlaqələrin sistemli hal alması üçün razılıq əldə edilib. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov qəzetimizə açıqlamasında bildirdi:

– Səudiyyə dövlətinin yaranması­nın ildönümü münasibətilə təşkil olun­muş silsilə tədbirlərdə, özəlliklə də ölkə jurnalistlərinin forumunda iştirak etmək üçün dəvət olunmuş dost ölkələrdən biri də Azərbaycan idi. Səudiyyə Ərəbistanı dövlətinin İnformasiya Nazirliyinin dəvəti, onun Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Xudeyrin təşkilatçılığı ilə başda Mətbuat Şurası­nın sədri Rəşad Məcid, səfirliyin Bakıda­kı əməkdaşı Rasim Abdullayev olmaqla 10 nəfərlik heyətlə Səudiyyə torpağının qonağı olduq. 

Çox zəngin, maraqlı proqram təşkil olunmuşdu. Paytaxt Ər-Riyaddakı tarixi abidələri – milli muzey, qədim şəhər qala­sı, milli kitabxana, Kral Abdulla tərəfindən salınmış şəhər içində şəhərcik olan möh­təşəm biznes mərkəzi, dünyaca məşhur “Bulvar” istirahət mərkəzi ilə tanış olduq. Şəhərin küçələrində gəzərkən, ərəblərin ölkəmiz haqqında xoş sözlər söyləməsin­dən qürur duyduq. 

Yubiley münasibətilə təqdim edilən, bədəvi ərəblər dönəmindən dövrümüzə­dək Səudiyyə Ərəbistanının keçdiyi əf­sanəvi yolu əks etdirən tamaşaya da baxdıq. Cahilliyə dövründə susuz səhra­da yoxsul həyat sürmüş ərəblərin bu gün modern şəhərlər salıb, müasir binalarda yaşamasını əks etdirən tamaşanın sse­narisi, rejissor işi, səs və işıq amilləri us­talıqla icra olunmuşdu. 

İndi bu ölkədə duzlu okean suları­nı şirinləşdirib borularla quru səhralarla vururlar. Şəhərlər yeniləşdirilir, bütün yaşayış məskənləri gecələr işığa qərq olur. Gəmilərlə xarici ölkələrdən torpaq daşınaraq səhrada parklar salınır. Səhra­da əkilən taxıl ölkənin ehtiyacını ödəyir. Ölkədə böyük tikinti işləri aparılır. Yol ti­kintisi, digər abadlıq işləri və kommunika­siya yüksək səviyyədədir. 10–15 il öncə Səudiyyə Ərəbistanına səfərim zamanı gördüyüm Ciddə–Məkkə yolunun sağ və sol hissəsi quru səhra, daşlıq və təpələr­dən ibarət idi. İndi isə həmin yerlərdə ya­şayış və ticarət obyektləri tikilir, yaşıllıqlar salınır. 

İslamın beşiyi olan bu ölkədə Azər­baycana münasibətdən danışan Fazil müəllim söylədi ki, Səudiyyə Ərəbis­tanı Krallığı yeganə dövlətdir ki, ötən əsrin 90-cı illərindən Ermənistan adlı dövləti tanımır və onunla heç bir dip­lomatik əlaqələri yoxdur: 

– Bunun da əsas səbəbi, onun Azər­baycan torpaqlarını işğal etməsi, əsrin fa­ciəsi olan Xocalı soyqırımını törətməsi və Azərbaycan müsəlmanlarına qarşı etdiyi təcavüzkarlıqlardır. Qoy oxucular özünü İslam dövləti adlandıran İranın və Səu­diyyə Ərəbistanının bizə olan münasibə­tinin fərqini bununla müqayisə etsinlər. Səudiyyə Ərəbistanında bizə göstərilən münasibət həm dövlət, həm də xalq sə­viyyəsində yüksəkdir. Səudiyyə Ərəbis­tanı Azərbaycanın dostudur, lakin onun düşməni ilə dost deyil.

Ölkəmizin tanınmasında kommunist dövlətinin liderlərindən olmuş ulu öndər Heydər Əliyevin ilk olaraq müqəddəs Məkkə şəhərini və burada yerləşən Kəbə evini ziyarət etməsi İslam dünyasında çox böyük rezonans doğurdu. Həmçinin, əvəzsiz dövlət başçısı, Müzəffər Ordu­muzun Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə 44 gün davam edən II Qa­rabağ savaşında qazandığımız qələbənin ölkəmizin tanınmasında çox güclü təsiri oldu. Qeyd edim ki, bu qələbə tək Azər­baycanda deyil, son yüz ildə digər İslam ölkələrində “Səlib yürüşü” təşkil edənlər üzərində qələbə kimi də dəyərləndirilir. 

Sonda deyim ki, Səudiyyə Ərəbistanı da Azərbaycan dövlətinin xarici siyasətin­də prioritet ölkələrdən biridir. Tarix boyu ərəb dünyasında aparıcı qüvvə olmuş Qürreyşlərlə bizim ilkin İslam dönəmlərin­dən şəxsi əlaqələrimiz olub. Bu münasi­bətlər günümüzdə də davam edir.

 

Hazırladı:
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”

Sosial həyat