Son vaxtlar Tehrandakı fars-molla rejiminin nüvə silahını əldə etməyə yaxınlaşması ilə bağlı eşidilən həyəcan siqnalları, onun “Yer üzündən silməyə hazırlaşdığı sionist yuvası” İsrailin ərəb dünyası ilə intensivləşən dialoq və əməkdaşlığı Qərbyönlü bəzi ekspertlərdə hətta bu qarşıdurmanın 56 il əvvəl Misir və İsrail arasındakı “altıgünlük müharibə” həddinə çatmaq ehtimalını yaradıb.
1967-ci ildə Misirin İsrailə qarşı başladığı, cəmi altı gün çəkən və birincinin biabırçı məğlubiyyəti ilə başa çatan “altıgünlük müharibə” mövzusu yenidən gündəmdədir. Söhbət uranın zənginləşdirilməsi üzrə İranın proqramının son mərhələyə qədəm qoymasından və bunun ABŞ başqa olmaqla Qərbdə və İsrail rəhbərliyində ciddi təşviş və narahatlıq yaratmasından gedir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) peykdən apardığı son yoxlamaların nəticələri bu narahatlığı pik həddə çatdırıb. İranın bu təyinatlı hərbi obyektlərinin müşahidə-yoxlamaları təsdiqləyib ki, Tehran rejimi uranın zənginləşdirilməsi prosesini 84 faizə çatdırıb. Yəni, bu ölkə nəinki nüvə silahını, hətta onun daşıyıcısını əldə etməyin bir addımlığındadır.
Təhlükə rəqibləri də birləşdirir
İsrail gözlənilən və başının üstünü ala biləcək təhlükəni qabaqlamaq üçün hətta yüzillik düşməni Fələstinlə dialoqa getməyə başlayıb. Ötən bazar günü İordaniyanın Aqaba şəhərində İsrail və Fələstin rəsmiləri arasında keçirilən görüş həmin dialoqun daha da intensivləşməsindən xəbər verir. Bu da təbiidir, çünki ərəb dünyası İranın nüvə təhdidlərini həm də özlərinə qarşı təhlükə hesab edir. Uzun illər ərzində belə yüksək səviyyədə görüşməyən, heç bir məsələdə ortaq məxrəcə gələ bilməyən Tel-Əviv-Ramallah dialoqunun bərpası məhz bu zərurətdən doğub. ABŞ, İordaniya, Misir rəsmilərinin də iştirak etdiyi Aqaba görüşündə tərəflər qarşılıqlı etimadın bərpası, mövcud problemlərin dialoq yolu ilə həll edilməsi üçün birgə tədbirlər görmək barədə razılığa gəliblər. Yaranmış vəziyyətdə İsrail-Fələstin dialoqunun bərpası Təl-Əvivlə yanaşı, Ağ ev üçün də böyük əhəmiyyət kəsb edir. Vaşinqtonun fars-mollİa rejiminin nüvə silahının bir addımlığında olması sarıdan ciddi narahatlıq keçirməsi İsrail-İran toqquşmasının qaçılmaz olması ehtimalı ilə bağlıdır. Əslində, neçə illərdir davam edən “kölgələrin müharibəsi”nin gec-tez əyani toqquşmaya keçməsinin simptomları artıq göz qabağındadır. Və bu toqquşmanın, adlarını sadaladığımız narazı tərəflər kimi, Azərbaycan da əleyhinədir. Təhlükəli ehtimal-proqnozun reallaşması bizə yaxşı heç nə vəd eləmir.
Nüvə dövləti xəstəliyi
İranın atom bombasına yiyələnməsi yalnız Yaxın Şərqin deyil, bütövlükdə, dünyanın böyük oyunçularının əllərindəki uduşlu kartların təzədən, yeni qutudan paylanmasına gətirib çıxara bilər. Bəli, obyektiv və subyektiv səbəblərdən dünyanın supergücü ABŞ bu regionda nüvə silahına malik bir ölkəni – İsraili tanımaq istəyir. Aşkar görünən başqa bir həqiqət isə ondan ibarətdir ki, Tehranın ardınca bölgənin buna gücü və imkanı çatan ölkələri də nüvə silahına sahib olmaq yarışına girişəcəklər. Səudiyyə Ərəbistanı, Türkiyə, yaxud Misirin İrandan nəyi əskikdir? Fəqət, hələlik fərziyə statusunda yer alan müharibədə iştirak edib-etməməklə bağlı Vaşinqtonun siyasi rəhbərliyində də yekdil fikir yoxdur. Axı Ağ evin həm də Avropa və Asiyadakı nəhənglərlə problemləri kifayət qədərdir.
Baş vermiş xoşagəlməz olayların fonunda Azərbaycanın İranla münasibətlərinin hazırkı vəziyyəti hamıya məlumdur. Amma Azərbaycan – İsrail və Azərbaycan – Fələstin münasibətlərinə gəldikdə isə Bakı bu müstəvilərdə balanslaşdırılmış diplomatiyaya üstünlük verir. Bu kontekstdən yanaşanda Prezidentin köməkçisi Şahmar Mövsümovun, Kənd təsərrüfatı naziri İnam Kərimovun İsrailə səfərlərini rəsmi Bakının həm indiki durumda, həm də bölgədə baş verəcəyi ehtimal olunan proseslərin gedişində öz yerini və mövqeyini müəyyənləşdirmək tədbirləri kimi də dəyərləndirmək mümkündür.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”