Qoşulmama Hərəkatı: Qlobal problemlər Bakıda çözülür

post-img

Regional və qlobal miqyasda önəmi günü-gündən artan Azərbaycanın fəal xarici siyasət yürütməsi günün reallığıdır. Ölkəmiz ikitərəfli və çoxtərəfli diplomatiyanı təşviq edərək xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığını, o cümlədən Qoşulmama Hərəkatına sədrliyini uğurla davam etdirir. 

Azərbaycan BMT-yə üzv olduğu 31 ildə əksər dövlətlərin uzun onilliklər ər­zində keçdiyi yolu qısa zamanda qət edərək, beynəlxalq arenada söz sahibinə çevrilməyi bacarıb. Ölkəmizin üzvü oldu­ğu beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüslər, bir qayda olaraq, böyük dəstək tapır. Bu da təsadüfi deyil. Çünki Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyev qlobal dünya nizamına təhdid yaradan məsələləri mütəmadi qa­bardır, müasir çağırışların diqqətə alın­masının vacibliyini nüfuzlu tribunalardan səsləndirir. Bu baxımdan, BMT ilə yana­şı, dünyanın digər aparıcı təşkilatları – Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, AŞ PA da ölkəmizlə əməkdaşlıqda maraqlıdırlar və buna strateji önəm verirlər.

Azərbaycanın üzvü olduğu təşkilat­lar arasında Qoşulmama Hərəkatı ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir və qırmızı xətlə keçir. Qoşulmama Hərəka­tının önəmi ilə bağlı sadəcə, bir statistik məlumatı qeyd etmək onun nə dərəcədə önəmli olduğunu vurğulamaq baxımın­dan yerinə düşər. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə ən böyük univer­sal təşkilat olan BMT-dən sonra dünyada ikinci qurumdur. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Qoşulmama Hərə­katının 120 üzvü, 19 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.

1955-ci il aprelin 18-24-də İndone­ziyanın Bandunq şəhərində Asiya və Afrikanın 28 ölkəsinin dövlət başçısının iştirak etdiyi konfransın sonunda əra­zi bütövlüyünə hörmət, bütün xalqların və irqlərin bərabərliyini tanımaq, digər ölkələrə müdaxilədən və daxili işlərə qa­rışmaqdan imtina da daxil olmaqla, dinc yanaşı yaşamağın 10 prinsipini əhatə edən Bandunq Bəyannaməsi qəbul edil­di. Yeri gəlmişkən, 2020-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assamble­yasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformat­da çıxış edən Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev bu haqda öz fikirlərini bildirdi. Döv­lət başçımız qeyd etdi ki, biz bu il həm BMT-nin yaranmasının 75 illiyini, həm də beynəlxalq əməkdaşlığın təşviqini özündə ehtiva edən Bandunq Bəyannaməsinin qəbul olunmasının 65 illiyini qeyd edirik.

 

Azərbaycan təşkilatın sonuncu üzvü olsa da...

 

Bu məqamda diqqəti Azərbaycanın Qoşulmama Hərəkatının sonuncu üzvü olmasına yönəltmək istərdik. Ölkəmiz 2011-ci ildə üzv dövlətlərin yekdil dəstəyi ilə hərəkata tamhüquqlu üzv qəbul olu­nub. Ancaq qısa müddət ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsi­sat daxilində böyük nüfuz və etimad qa­zanıb. 2016-cı ilin sentyabrında hərəkata üzv ölkələrin dövlət və hökumət başçıla­rının Venesuelanın Marqarita adasında keçirilən XVII zirvə görüşündə növbəti sammitin Bakıda keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Bu da Qoşulmama Hərəkatının ta­rixində istisna hallardan biridir ki, hərə­kata sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, 2021-ci ilin iyul ayında hərəkata üzv olan dövlətlər yek­dilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul ediblər. Bu, bilavasitə Azərbaycanın hərəka­ta uğurlu və səmərəli sədrliyinə verilən qiymətin təzahürüdür. Azərbaycan Qo­şulmama Hərəkatının müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir.

 

Təşəbbüslər ölkəmizdən gəlir

 

Taleyin qismətidir ki, ölkəmizin hərə­kata sədrliyi COVID-19 pandemiyası dövrünə təsadüf etdi. Ölkəmiz yaranmış yeni reallığa – qlobal dünya nizamına təhdid yaradan bu bələya qarşı özünün sədrlik gündəmini formalaşdırdı. Bu da Prezident İlham Əliyevin yaranmış çağı­rışlara adekvat cavab vermə bacarığının, siyasi iradəsinin, təşəbbüskarlığının və əzminin daha bir göstəricisi oldu. Məhz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq ictimaiyyətin səy­lərini qlobal bəla ilə mübarizəyə yönəlt­məyə nail oldu. Bu xüsusda Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə yüksək səviyyəli Tə­mas Qrupunun təsis edilməsini, 2020-ci il mayın 4-də onun virtual formatda sammit səviyyəli görüşünün keçirilməsini, QH-nin sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının CO­VID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsini qeyd etmək olar. Bu xüsusi sessiya pan­demiya ilə mübarizə sahəsində ən qlo­bal tədbir hesab olunur. Həmçinin dövlət başçımızın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Azərbaycan sədrliyi tərəfin­dən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addım­lar ölkəmizin və hərəkatın beynəlxalq nü­fuzunu əhəmiyyətli dərəcədə gücləndirib. Rəsmi Bakının hər bir məsələyə ədalətli­lik prinsipindən yanaşması bu məsələdə də özünü göstərdi. Azərbaycan peyvənd­lərin ədalətli bölüşdürülməsi məsələsi­ni qaldıran və bu istiqamətdə qətnamə qəbul edilməsinə nail olan ilk və yeganə ölkədir.

 

Bakı Qoşulmama Hərəkatı üçün doğma məkandır

 

Bakı yenidən Qoşulmama Hərəkatı tədbirinə ev sahibliyi edir. Martın 1-dən başlayan Qoşulmama Hərəkatının CO­VID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü martın 3-dək da­vam edəcək. Dünyanın postpandemiya dövrünü yaşadığı indiki mərhələdə də ölkəmizin uğurlu sədrliyi ilə Qoşulma­ma Hərəkatı öz aparıcı rolunu saxlayır. Qoşulmama Hərəkatının yaradılmasının 60-cı ildönümü ilə əlaqədar 2021-ci il ok­tyabrın 11-12-də Belqradda yüksək sə­viyyəli yubiley tədbirində Prezident İlham Əliyev postpandemiya dövrünün müza­kirə edilməsi məqsədilə QH ölkələrinin yüksək səviyyəli görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi. Buna uyğun ola­raq, martın 1-3-də ölkəmizdə Qoşulma­ma Hərəkatının postpandemiyaya həsr olunmuş sammit səviyyəli görüşü keçi­rilir. Tədbirdə bir sıra Qoşulmama Hərə­katı ölkələrinin, müşahidəçi dövlətlərin və qonaq qismində dəvət edilən ölkələrin dövlət və hökumət başçıları, digər rəs­milər, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Tədbirin əsas məqsədi postpandemiya dövründə aktu­allaşan məsələlərin müzakirə edilməsidir. Yəni, mövzu təkcə pandemiya məsələsi deyil, daha çox pandemiyadan sonrakı dünya məsələləridir. Hazırda yeni dünya düzəni formalaşır. Bu kontekstdə bey­nəlxalq sülh və təhlükəsizlik, beynəlxalq hüququn işləməməsi, beynəlxalq təşki­latların səmərəsiz fəaliyyəti, Şərq-Qərb ziddiyyətlərinin artması, “Soyuq müha­ribə” mentalitetinin hökm sürdüyü yeni dünya düzənində Qoşulmama Hərəkatı ölkələrinin yerinin müəyyənləşdirilməsi əsas müzakirə mövzuları olacaq.

Bundan əlavə, sammit zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səylərin gücləndirilməsi, ər­zaq təhlükəsizliyi və iqlim dəyişikliyi kimi məsələlərin müzakirəsi planlaşdırılır. Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bəzi Qoşulmama Hərəkatı ölkələri ərzaq təhlükəsizliyi sahəsində daha ciddi təh­didlərlə üzləşməyə başlayıblar.

Qoşulmama Hərəkatına üzvlük bey­nəlxalq sülh, təhlükəsizlik və əməkdaş­lıq proseslərinə ölkəmizin daha yaxın­dan cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inki­şaf etdirilməsi üçün əlverişli imkan yara­dır. Əminliklə demək olar ki, Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü də Azərbaycanın qlobal miqyasda nüfuz və söz sahibinə çevrilməsinin bariz nü­munəsidir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”

Siyasət