Təkid yoxdur... Cənubi Qafqazda yeni siyasi düzən var

post-img

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri ilə bağlı təhlil apararkən, bir sıra vacib nəticələrə gəlmək mümkündür. Əlbəttə, əsas məqamlardan biri Moskvanın Azərbaycan–Ermənistan nizamlamasına hazırkı yanaşmasıdır. Hesab edirik ki, mövcud xüsusdakı həlledici faktor Lavrovun səsləndirdiyi aşağıdakı fikirdir: “Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə köməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək”.

 

Kremlin baş diplomatının bəyanatı nədən xəbər verir? Axı Moskva indiyədək aktiv vasitəçiliyə can atırdı. Bu vasitəçiliyi Cənubi Qafqazda öz maraq və mənafelə­rinin təminatı baxımından, bir növ, sipərə çevirirdi. Obrazlı desək, silah niyə yerə qoyuldu, yaxud qoyuldumu? Bəlkə Rusiya regiondakı maraqlarının müdafiəsindən daşınıb? 

Əlbəttə, demək olmaz ki, Moskva Cə­nubi Qafqazda fəal qlobal aktor olmaq istəmir. Bu, heç bir halda mümkün deyil, o, sadəcə, yanaşmasını dəyişir. Belə gö­rünür, indiyədək Ermənistana münasibət­də “səni sevəcəyəm, sən sevməsən də” məntiqinə üstünlük vermiş Rusiya mövqe­yində müəyyən korrektələr aparıb. Əslin­də, Lavrovun Bakı səfərinin ən maraqlı məqamı da elə budur. 

Belə nəticəyə gəlmək mümkündür ki, Rusiya Cənubi Qafqaz siyasi akvatoriya­sına yanaşmasında Qərbin ona ünvanlan­mış və ənənəvi anti-təbliğat seqmentinə çevrilmiş “regional despot” ritorikasına qarşıdır. Daha doğrusu, ölkə həmin rito­rikanın genişlənərək, özünün beynəlxalq təcridini dərinləşdirəcək miqyas almasını önləyir. 

***

Digər tərəfdən, Moskva Ermənistan və havadarlarının Cənubi Qafqazda Ru­siyanın arzuolunmazlığı təbliğatını sıra­dan çıxarmağa girişib. Nəticədə onun bəyanatları bərabərtərəfli münasibətlərə, mütərəqqiliyə və konstruktivliyə əsaslan­mağa başlayıb. Bu baxımdan Lavrovun Azərbaycan Prezidenti İlham Əliyevlə gö­rüşdə səsləndirdiyi fikirlər də diqqət çək­məkdədir: “Hörmətli İlham Heydər oğlu, Sizin vurğuladığınız kimi, heç şübhəsiz, regional təhlükəsizlik bizim həm ikitərəf­li, həm də çoxtərəfli münasibətlərimizdə olduqca aktual mövzu kimi qalır. Bizim beynəlxalq həmkarlarımızın çoxu, o cüm­lədən bu regiondan uzaqda yerləşənlər Azərbaycan ilə Ermənistan arasında mü­nasibətlərin nizamlanması yolunda irəlilə­yişə şərait yaratmağa böyük maraq göstə­rirlər. Prezident Putinin dəfələrlə dediyi kimi, biz vəziyyətin sabitləşməsi, bu regi­onda yerləşən bütün ölkələrin normal, qar­şılıqlı hörmət və qarşılıqlı fayda əsasında öz ölkələrinin və xalqlarının mənafeləri na­minə əməkdaşlıq etmək imkanları olması üçün şərait yaradılmasına yönəlmiş bütün səyləri alqışlayırıq”.

Bəli, Rusiya Cənubi Qafqazdakı ma­raq və mənafelərinin təminatında Azər­baycanın irəli sürdüyü regional təhlükə­sizlik amilinə əsaslanmaq yolu tutur. Bu əsaslanma Ermənistana nəyinsə təkid edilməsi prizmasından uzaqdır. Görünür, Moskva İrəvanın şıltaqlıqlarından bezib. 

O da mümkündür ki, Kreml indiyədək təkid etdiyinin fərqindədir və regionda Qərb oyunçularının görünməsi şəraitində bu təkidin təzyiq kimi qiymətləndiriləcəyini və adekvat davranışa səbəb olacağını gö­rür. Nəzərə alaq ki, Ermənistana təəssübkeşlik notlarına köklənmiş Qərb Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına can atır. Moskvada gedişa­tı duyurlar və korrektələr də bundan irəli gəlir. 

***

Azərbaycan tərəfdən məsələyə pozi­tiv yanaşma var. Prezident İlham Əliyevin fikirləri bu yanaşmanın səmimi ifadəsidir: “Bunlar onu göstərir ki, münasibətlərimiz tamdəyərli şəkildə inkişaf edir, çox mühüm məsələlər həll olunur və düşünürəm ki, biz bu ilə yaxşı təməl ilə qədəm qoyuruq. İlin əvvəlində bizə səfər etməyiniz də bu il qarşılıqlı fəaliyyətimizə xüsusi dinamika verəcək”.

Dövlətimizin başçısının Lavrovla gö­rüşdə səsləndirdiyi fikirlər Azərbaycan-Er­mənistan münasibətlərinin tənzimlən­məsinə Rusiyanın verdiyi dəstəyin təqdir olunması baxımından diqqət çəkməkdədir. Cənab İlham Əliyevin gələcək sülh müqa­viləsinin konseptual xarakterinin formalaş­dığını vurğulaması, mövcud istiqamətdə ölkələr arasında hər hansı anlaşılmazlığın qalmadığını söyləməyə əsas verir. Demə­li, Moskvanın Qarabağın statusu ilə bağlı əvvəlki siyasi tezisləri sıradan çıxıb. Qeyd edək ki, həmin tezislər statusun müəyyən­ləşməsinin sonraya saxlanılmasını rəhbər tuturdu. 

Bəli, Azərbaycan Prezidenti heç də əbəs yerə Kremlin sülh prosesindəki səy­lərinin başlıca qayəsini açıqlamır. Söhbət ərazi bütövlüyünün və suverenliyin qarşı­lıqlı tanınmasından gedir. Bunu müəyyən edən sənədlərin qəbulu əlamətdardır. Qa­rabağın statusunun qeyri-müəyyənliyinin qabardılması Moskva üçün artıq prinsipi­allıq daşımırsa, “Rusiya bizim dostumuz, müttəfiqimiz və qonşumuz kimi” üzərinə düşənin maksimumu edir. Bu deyim gələ­cək əməkdaşlığın səmimiyyət vektorunun vurğulanmasıdır. Deməli, Rusiya köhnə­nin stereotiplərini kənara qoymaqla, Azər­baycana münasibətdə səmimi davranma­lıdır. 

Ümumən, Cənubi Qafqazdakı münasi­bətlər düzəninin perspektiv strukturu baxı­mından səmimiyyət kifayət qədər vacib amildir, Azərbaycanın mənəvi diktəsinin təzahür faktorudur. Bakı İrəvana da sə­mimi davranmağı diktə edir. Azərbaycan liderinin Lavrovla görüşdəki ümidvarlıq paradiqması da müəyyən mənada dik­tənin özüdür. “Ümidvaram ki, 2023-cü il Azərbaycan ilə Ermənistan arasında mü­nasibətlərin normallaşmasında irəliləyiş ili olacaq. Hər halda biz buna ümid edirik”. 

Dövlətimizin başçısı bildirir ki, Azər­baycan Ermənistanla düşmənçilik səhifə­sini tezliklə çevirmək, Cənubi Qafqaza sülhü qaytarmaq naminə, həm İrəvanla, həm də dostumuz və qonşumuz Rusiya ilə müsbət və konstruktiv iş aparmaq əz­mindədir. Bu deyim Rusiyanı daha çox Cənubi Qafqazdakı vasitəçi ampluasın­dan çıxarır, onu bərabərhüquqlu maraqlı tərəfə çevirir. Beləcə, əvvəldə söylədiyi­miz fikir təsdiqini tapır. Yəni, Rusiya regio­nal siyasətində “erməni kartı”na fokuslan­madan daşınır. Bu, Moskvanın ölkəmizi bölgənin aktoru imicində qəbul etməsidir. Bu, həmçinin Kremlin Qərblə münasibət­lərindəki hərbə-zorba trayektoriyasından uzaqdır. Nəhayət, bu, həm də Azərbayca­nın Qərb üçün önəminin nəzərə alınması­dır. Hazırkı qlobal transformasiyalar şərai­tində Azərbaycan Rusiyanın Qərbə açılan pəncərəsidir. 

***

Deməli, indiki məqamda Rusiyaya Qərbin Cənubi Qafqaz maraqlarının an­ti-Azərbaycan elementinə qarşı mübarizə cəbhəsi daha aktualdır. Görünür, elə buna görə Lavrov ölkəmizin digər ərazilərinin Naxçıvanla birləşdirən yolun, konkret desək, Zəngəzur dəhlizinin açılmasının prinsipial əhəmiyyətini vurğulayır. Nəzərə alaq ki, Ukrayna böhranı ilə əlaqədar çə­tinlikləri səbəbindən bu layihədə iştirak Rusiya üçün, sanki, nəfəslikdir. Deməli, Moskvanın Ermənistana təkidi dayandır­ması bu səbəbdən də vacibdir. 

Əlbəttə, Azərbaycan Prezidentinin vaxtilə səsləndirdiyi qətiyyətli fikirlərin də təkidin, daha doğrusu, Rusiyanın erməni təəssübkeşliyinin aradan qaldırılmasına müstəsna təsiri var. Nəzərə alaq ki, ölkə­mizin lideri Zəngəzur dəhlizi layihəsinin reallaşmasını “təbii hüququmuz” adlan­dırıb: “Ondan əlavə, bu layihənin reallaş­ması, eyni zamanda, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosi­yasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublika­sı arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. İndi Ermənistan bundan boyun qaçırmaq istə­yir. Faktiki olaraq, üzərinə götürdüyü öh­dəlikləri iki ildən çoxdur ki, yerinə yetirmir. Ancaq bu, bizi dayandırmayacaq. Yəni, bizim üçün bu, strateji layihədir və təkcə bizim üçün yox, bir neçə qonşu ölkə üçün və böyük coğrafiya üçün”.

***

Bəli, Cənubi Qafqaz müstəvisində gələcək konturların müəyyənləşməsi mü­hüm əhəmiyyət daşımaqdadır. Bu müstə­vidəki rəqabət maraqlı tərəflər arasında gedəcəkdir. Diqqət yetirək, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə yollandı. Səfərin Lavrovun Bakı­ya gəlişindən əvvəl baş verməsi təsadüfi sayılmır. Deməli, gələcək şəkillənmədə regional aktor kimi Ankaranın da mövqeyi nəzərə alınmaqdadır. 

Lavrovun 3+3 platformasından söz açması da təsadüfi deyil. Bunun özü də Rusiyanın Ermənistana fokuslanmaqdan daşındığını söyləməyə əsas verir. Axı, ölkənin dəstəklədiyi, habelə Bakının müs­bət yanaşdığı “3+3”, həm də Qərbin regi­ondakı siyasi aktivliyinə qarşı, müəyyən mənada, daxili sipərdir. Bu sipər isə Ru­siyanın Cənubi Qafqazdakı ənənəvi jan­darm mövqeyindən çəkilməsi, konstruk­tivliyi əsas götürməsi anlamına gəlir. Elə buna görə Lavrov bildirir ki, Gürcüstanın da sözügdedən platformada iştirakı üçün “qapılar açıqdır”. Qalır İran və Ermənis­tan. Rusiyanın baş diplomatı Bakı–Tehran münasibətlərində səmimiyyətin yaranma­sının vacibliyini ədalət prizmasından izah edir. Onun “İran Azərbaycanın diplomatik missiyasına qanlı hücumun nəticələrini aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir” bəyanatı, heç şübhəsiz, bun­dan irəli gəlir. Necə deyərlər, problemi həll et, hadisəyə hüquqi qiymət ver və bizə qoşul.

***

Ermənistana gəldikdə, ölkə hazırkı si­tuasiyada, həm Rusiyanı, həm də Azər­baycanı bezdirməklə məşğuldur. Lavro­vun təkid məntiqini dilə gətirməsi bunun təzahürdür. Bu, habelə, Azərbaycan lide­rinin vaxtilə söylədiklərinin, bir növ, dava­mıdır. Dövlətimizin başçısı indiyədək istər Ermənistan ilə sülh müqaviləsi, istərsə də həmin müqavilənin vacib hissəsi sayılan sərhəd məsələsi ilə bağlı çoxsaylı fikirlər səsləndirib. Həmin fikirlərdə məsələnin, İrəvanın istəyib-istəməməsindən asılı ol­mayaraq, reallaşacağı demarşı əsas gö­türülüb: “Ancaq yenə də deyirəm, elə bil­məsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”. 

Yeri gəlmişkən, dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində də bildirmişdi ki, Ermənistan sülh müqa­viləsinin qaçılmazlığını anlamalıdır. Prezi­dentin “onlar bunu nə qədər tez anlasalar və nə qədər tez özlərində güc tapıb, ira­də tapıb buna razılıq versələr, o qədər də bölgə üçün yaxşı olacaq”, habelə onun xə­bərdarlıq mahiyyəti daşıyan daha əvvəlki “ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniy­yətli davranışımız şərt deyil ki, əbədi ola­caq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütöv­lüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanıma­yacağıq. Bizim Ermənistanın ərazi bü­tövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün” fikirləri Cənubi Qafqazın gələcək düzənində iştiraka çağırış baxımdan da son dərəcə vacibdir. 

Əlbəttə, Ermənistan ona ünvanlanmış çağırışları nəzərə alıb-almamaqda sər­bəstdir. Ancaq nəzərə almasa, ölkəmizin başçısının “sərhəd bizim istədiyimiz yerdə olacaq” deyimi və həmin deyimi əsaslan­dıran aşağıdakı fikirləri dövriyyəyə girə­cəkdir: “Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zən­gəzur bizdən ayrılıb Ermənistana birləş­dirildi, Göyçə də, həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlü­yünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxma­yaraq, gələcək sülh naminə, ölkələr ara­sındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”. 

Bəli, qeyd etdiklərimizi ümumiləş­dirsək, deyə bilərik ki, Lavrovun Bakıya səfəri Azərbaycan–Rusiya münasibətlə­rinin Cənubi Qafqaz seqmentinin ölkələr arasındakı ikitərəfli və çoxtərəfli əlaqələrin digər istiqamətlərinə müsbət inteqrasiya­sına ciddi təkan verdi, əsaslı uzlaşma for­malaşdırdı. XİN başçısının Azərbaycan–Ermənistan nizamlaması kontekstində, Rusiyanın sülh müqaviləsinin imzalanma­sı üçün “öz xidmətlərini təkidlə təklif et­məyəcək” şəklində dillənməsi isə İrəvana aşkar xəbərdarlıqdır. Bu xəbərdarlıq Mos­kvanın İrəvan üzərindən müdafiə çətirini götürməsi anlamını verir. İrəvan nəticə çıxaracaqmı, bunu zaman göstərəcək. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”



Siyasət