BMT-nin müxtəlif təsisatları ilə daimi təmasdayıq. Bizə ekspert biliyi və məsləhətlər nöqteyi-nəzərindən geniş beynəlxalq iştirak və yardım lazım olacaq. Çünki indi bizim bərpa etdiyimiz ərazi on minlərlə kilometrdən çoxdur... Buna görə də Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bəlkə də bu faktın təsadüf olmadığını söyləyənlər də tapılacaq. Qoy olsun! Mənim fikrimcə isə bu, sadəcə xoş təsadüfdür. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilməsinin növbəti ildönümü günü – martın 2-də bu qurumun Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Ksaba Korosi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunan Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana rəsmi səfər edəcək. BMT-nin Azərbaycan Nümayəndəliyindən verilən məlumatda bildirilir ki, Ksaba Korosi dünyanın COVID-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.
Bəli, Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur. Belə olmasaydı, biz 155 ölkənin səsi ilə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməzdik. Dünya ictimaiyyəti bizim BMT-dəki fəallığımızın şahidinə çevrilməsəydi, bu qurumun rəhbərliyi Azərbaycanın təşəbbüsü ilə xüsusi sessiyanın çağırılmasına razılıq verməzdi. Bakı əvvəlki illərdə öz fəallığını nümayiş etdirməsəydi, Prezident İlham Əliyev məhz BMT tribunasından “bu qurumun fəaliyyətində və strukturunda islahat aparılmalıdır” tezisini israrla deməzdi. Bizim fəallığımız nəzərə çarpmasaydı, BMT rəsmiləri Şuşada və Bakıda keçirilən beynəlxalq tədbirlərdə məmnuniyyətlə iştirak etməzdilər. Bütün bunlar dünya ictimaiyyətinə məlum olan Azərbaycan reallıqlarının tərkib hissələridir.
Azərbaycanın təkcə BMT-nin deyil, bütün beynəlxalq və regional təşkilatların fəaliyyətində özünəməxsus şəkildə iştirak etməsi də təsadüfi deyil. Çünki dünyanın super güclərinin hamısı üçün maraqlı olan geosiyasi məkana və zəngin təbii sərvətlərə, xüsusən, karbohidrogen ehtiyatlarına malik olan ölkəmizdə güclü və müstəqil siyasət yeridə bilən dövlətin qurulması qarşımızda duran əsas vəzifələrdən biridir. Güclü dövlətin əsas dayaqlarından biri isə beynəlxalq aləmin dəstəyidir. Heydər Əliyev xarici siyasəti bizə bu dəstəyi qazandırıb. Həmin dəstəyə nail olmasaydıq, Azərbaycanın ikinci dəfə nail olduğu dövlət müstəqilliyinin taleyi də ötən əsrin əvvəllərindəki suverenliyimizin taleyi kimi olardı. Yəni müstəqilliyin ilk illərində Azərbaycanın BMT kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa çox böyük ehtiyacı var idi. Təbii ki, həmin əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırılması idi.
Xarici İşlər Nazirliyinin elektron resurslarında oxuyuruq ki, ölkəmiz müstəqilliyin ilk illərində BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq və Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT-nin Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzün dərhal dayandırılmasında, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısının alınmasında, münaqişənin dinc, siyasi yolla nizama salınmasında onları kömək göstərməyə çağırmışdı. BMT-nin Baş katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün 1992-ci il martın ortalarında BMT Baş katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyətini Bakıya, Dağlıq Qarabağa və Yerevana göndərmiş, səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermişdi.
Ancaq həmin illərdə dünyanın müxtəlif qütblərindəki ikili standartlardan əl çəkə bilməyən qüvvələrin və erməni lobbisinin səyləri nəticəsində BMT-nin 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar qəbul etdiyi sənədlərin heç biri icra olunmadı. Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həlli tələb olunurdu. Amma... bütün bunlar ədalətli və prinsipial şəkildə hazırlanmış sənəd olsa da, az qala, otuz il kağız üzərində qaldı.
Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi hakimiyyətə qayıdışından sonra isə Azərbaycan BMT-nin Baş katibi Butros-Butros Qalinin Bakıya gəlməsinə nail oldu. O da məlumdur ki, Heydər Əliyevin səyləri nəticəsində BMT Təhlükəsizlik Şurasının sədri və BMT-nin Baş katibi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş bir sıra bəyanatlarla çıxış etmişdilər. Ancaq Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır.
Sonra isə ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Yeni əsrin üçüncü ilinin payızından etibarən isə həmin ənənəni Prezident İlham Əliyev daha böyük təşəbbüskarlıq və qətiyyətlə davam etdirir. İlham Əliyev BMT-nin, demək olar ki, bütün tədbirlərində Azərbaycanın haqq səsinin eşitdirilməsinə çalışmışdır. O da faktdır ki, Azərbaycan BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz UNİCEF-in İcra Heyətinə, Qadınların vəziyyəti haqqında Komissiyaya, BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasına, BMT-nin İqtisadi və Sosial Şurasına, İnsan Hüquqları Komissiyasına, İnsan Hüquqları Şurasına, Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasına, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və BMT Ümumdünya Turizm Təşkilatının İcra Şurasına üzv seçilmişdir. Son olaraq, ölkəmiz 2016-cı ilin iyun ayında 2017-2019-cu illər üzrə ECOSOC-un üzvü olmuşdur.
Sonda yada salaq ki, Prezident İlham Əliyev 2021-ci ilin avqustunda BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən əməkdaşlığımızın tarixçəsini dəqiqliklə xatırlatmışdır: “Biz təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə hətta Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdik. 155 ölkə bizim namizədliyimizi dəstəkləmişdir və bu da Azərbaycanın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirirdi. İkiillik sədrlik dövründə biz mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürdük və beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunduq. İndi isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi biz beynəlxalq münasibətlər sistemində mühüm rol oynayırıq və BMT Baş katibinin təşəbbüslərinə dəstək oluruq...”
Bəli, Azərbaycan öz imkanları və potensialı daxilində sülhə və təhlükəsizliyə töhfə verməyə çalışır. 44 günlük müharibədən cəmi bir neçə gün əvvəl Azərbaycan Prezidenti Baş Assambleyada çıxış edərkən beynəlxalq birliyi xəbərdar etmişdi ki, Ermənistan müharibəyə hazırlaşır. Ancaq dünya ictimaiyyəti həmin çağırışı “eşitmədi” və nəticədə Ermənistan ordusu darmadağın edildi.
Dövlət başçımız BMT təmsilçisinə xatırladır ki, indi müharibə bitib, münaqişə həll olunub, baş verənlər haqqında danışılası heç bir məsələ qalmayıb: “Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Əlbəttə ki, biz Birləşmiş Millətlər Təşkilatı ilə bu məsələlərdə, humanitar vəziyyətlə bağlı məsələlərdə, işğaldan azad olunmuş ərazilərin bərpasına dair planlarımızla bağlı gələcək əməkdaşlığa ümid edirik”.
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”