“Zəngəzur” romanı erməniləri niyə qıcıqlandırırdı?

post-img

İnstitutu bitirib təyinatla Aərbaycanın rayonlarının birində 3 il işlədikdən sonra Sisiana qayıtmaq, doğma Ağudi kəndində fəaliyyətimi davam etdirmək qərarına gəldim. Bu fikirlə də 1985-ci ilin sentyabrı ərəfəsində rayon təhsil şöbəsinin Arakelyan familiyalı müdirinin qəbulunda oldum. Sənədlərimə diqqətlə baxdıqdan sonra məni başdan-ayağa təəccüblə süzüb dedi:

–Peşman olmusan? Olarsan də...

Arakelyan bir anlıq sözünə ara verib soruşdu ki, ədəbiyyatçısan, yəqin, bilər­sən, sizin bir yazıçı olub, Əyyub Abasov, “Zəngəzur” adında kitab yazıb, ondan xəbərin var? 

–Yox,– dedim. Doğrudan da, bu ro­manın adını eşitsəm də oxumamışdım. 

Arakelyan qayıtdı ki, o Əyyub bizim Şəki kəndindəndir, namərd çıxıb, ermə­nini yamanlayıb, Andranik kimi bir cən­gavəri insan qanına susayan cəllad kimi göstərib. Düz edib? Suala özü cavab verdi: “Yox, yox, Andranik də torpağın, millətin azadlığı uğrunda savaşıb... Heç bilirsən sizin türklər o zaman Türkiyədə bizimkilərin başına hansı oyunlar açıb­lar?!. Andranik oradan canını götürüb bura qaçıb”.

...Kənd kitabxanasında “Zəngəzur” romanı yox idi. Kitabxanaçı da belə adda kitabın varlığından-yoxluğundan xəbərsiz idi. 

Ağudidə müəllim işlədiyim 2 ildə də, sonrakı dövrdə də bu söhbəti unutma­mışdım. İllər keçəndən sonra “Zəngə­zur” romanını oxuyanda Arakelyanın “Zəngəzur” həqiqətlərindən niyə qov­rulduğunu anladım. Andranikin insan­lıqdankənar əməllərini gözlərim önündə canlandırdım və o kitabın sovet qadağa­sına niyə tuş gəlməsini, kitabxanalardan niyə yığışdırılmasını, təkrar çapının nə səbəbdən qadağan olunmasını dərk etdim. 

Əyyub Abasov romanda özünün uşaqlıq dünyasına dərin iz salan ermə­ni vəhşiliyini – tarixi faktı bədii həqiqətə çevirmişdir. Əsərdə həyat müşahidələri son dərəcə zəngindir. Təbiət təsvirləri­nin özünəməxsusluğu adamı heyrətə salır. Sisian türklərinin yaşayış tərzi, on­ların zəhmət sevgisi, xarakterlərindəki etibar, sədaqət kimi keyfiyyətlərin çətin anlarda üzə çıxması özünü qabarıq bü­ruzə veriir. 

Türkün qanını içməyə həmişə hazır olan ermənilərin qəddarlığı 1828-ci ildə Türkmənçay müqaviləsi imzalanandan, İrandan ermənilərin Azərbaycan əra­zisinə köçürülməsindən sonra öz pik nöqtəsinə çatıb. Sovet hakimiyyəti er­məni vəhşiliyini bizə unutdursa da, er­mənilərin içindən kin-küdurəti təmizləyə bilmədi. O dönəmdə sovet ideoloji siste­mi hər iki xalq arasında “dostluq telləri­nin qırılmazlığına” həsr olunan bədii nü­munələrin çapına xüsusi önəm verirdi…

“Zəngəzur”da da Ermənistan – Azərbaycan “dostluğuna” geniş yer veri­lib. Yazıçı bu yolla “Zəngəzur”un çapına, sovet senzurasından keçməsinə nail olub. Bununla yanaşı, “Sovet Ermənis­tanı – Azərbaycan “qardaşlığı”nın arxa­sında daşnak Andranik, Karo, Njde kimi qaniçən cəlladların törətdikləri kütləvi qırğınların da üstünə işıq salıb. Guya, sovet hakimiyyəti bu düşmənçiliyi, “uçu­rumu” aradan qaldırıb... 

Bəli, əsərin zahiri görüntüsü, mən­zərəsi belədir. Əslində isə Əyyub Abasov “xalqlar dostluğu” fonunda er­mənilərin qəddarlığını, satqınlığını və ikiüzlülüyünü, eləcə də onların çörək kəsdiyi, qardaş dediyi türkü arxadan vurmaq kimi namərdliklərini də ustalıqla canlandırıb.

Romanın birinci hissəsinin 1953 – 1956-cı illərdə yazıldığını nəzərə alsaq və dövrün siyasi ab-havasını gözlərimiz önündə canlandırsaq, yazıçının böyük cəsarət və qətiyyət sahibi olması oxu­cuda heç bir şübhə yeri qoymur. Başqa sözlə, 1905 – 1918-ci illər hadisələrinin təsvir edilməsi, ermənilər tərəfindən azərbaycanlıların yurd-yuvalarının xara­ba qoyulması, bütün bunların – vəhşili­yin, vandalizmin Azərbaycan oxucusu­nun diqqətinə bədii şəkildə çatdırılması ilə Əyyub Abasov milli vətəndaşlıq bоr­cunu ləyaqətlə yerinə yetirib. 

Romanı oxuduqca Əyyub Abaso­vun erməni xislətindəki hiyləgərliyi, xə­yanətkarlığı, qəddarlığı, rəzaləti bəzən açıq, bəzən də üstüörtülü şəkildə, həm də məharətlə təsvir etməsinin şahidi oluruq. Yazıçı tarixi hadisələrin fonun­da sadə ermənilərin azərbaycanlıların sadəlövhlüyündən, xeyirxahlığından, qоnaqpərvərliyindən yararlanmalarını bədii lövhələrlə canlandıraraq xalqımı­zın ürək genişliyini, mənəvi zənginliyini nəzərə çarpdırıb. 

Yazıçı Azərbaycanın tarixi ərazisi Zəngəzurda türklərə qarşı kütləvi sоyqı­rımın təşkilatçısının və icraçısının And­ranik Оzanyan olduğunu yaxşı bilirdi. Şübhəsiz ki, Əyyub Abasov bu insan qatilinin, terrorçunun 1918-ci il iyunun 14-də bədnam Bakı kоmissarlarının rəh­bəri Şaumyana ünvanladığı teleqramın­dan da xəbərdar idi: “Hazırda Naxçıvan qəzasındayam. Başçılıq etdiyim dəstə ilə burada özümü Rusiya Respubli­kasının ayrılmaz tərkib hissəsi hesab edirəm. Türkiyə qоşunlarının Naxçıvan ərazisinə daxil оlmasına mane оlmağa çalışacağam. Cavab və sərəncamınızı gözləyirəm. General-mayоr Andranik”.

Fikir verin, Andranik teleqramdakı üç-dörd cümlə ilə bütün planını, məqsəd və vəzifəsini açıqlayıb. “Özünü Rusiya­nın ayrılmaz tərkib hissəsi hesab edən”, başqa sözlə, rusların himayəsinə arxa­landığını, onlardan güc aldığını dilə gətirən bu cani türk qоşunlarının Naxçı­vana daxil оlmasına mane оlmağı əmin­liklə vəd edir və sərəncam gözləyir–qır­ğına, talana başlamaq sərəncamını… O cərəncam verilir və Zəngəzurda, Sisian­da Andranik nələr törətmir?!.

Bu da Azərbaycan türklərinin bol­şevik cildinə girərək insanlıq simasını itirmiş digər qatilinin – Şaumyanın And­ranikə cavabı: “Culfa, xalq qəhrəmanı Andranikə. Sizin teleqramınızı aldım. Teleqramın tam mətnini Mоskvaya, mərkəzi hökumətə çatdırdım. Sizin si­manızda öz tərəfimizdən əsl xalq qəhrə­manını salamlayıram”. 

Şaumyanın – sovet Rusiyasının Bakıdakı təmsilçisinin, türk qanına su­sayan yalquzaq xislətli ermənin iç üzü, xisləti, riyakarlığı bu mətndən aydın gö­rünmürmü?!

Şaumyanın Andraniki “xalq qəhrə­manı” adlandırmasının səbəbi “Zəngə­zurda”dakı aşağıdakı parçanı oxumaq­la açılır: “...İkimərtəbəli evin qabağında böyük bir izdiham vardı. Öz araların­da kədərli-kədərli danışan, cır-cındalı adamlar nə isə bir xəbər gözləyirdilər. Bir xeyli keçəndən sonra 58-60 yaşla­rında, orta boylu, enli kürəkli, başı-bığı çallaşmış, rus generalı paltarında bir adam içəridən balkona çıxdı. Onu görən kimi hamı:

–Andranik paşa! Andranik paşa!–deyə əl çaldı.

Andranik əlini qaldırıb onların sakit olmalarına işarə etdi. Hamı sakit olub, gözünü ona dikdi.

Andranik dedi:

–Qaxdaqanlar (Qaxdaqan, ermənicə qaçqın deməkdir-Əyyub Abasov)! Elin­dən, kəndindən ayrı düşmüş ermənilər! Mən sizin dərdinizi bilirəm. Yaşama­ğa eviniz, əkməyə torpağınız, yeməyə çörəyiniz yoxdur. Siz onları Ərdəhanda, Qarsda, Sarıqamışda qoydunuz. Bur­da isə sizin dərdinizə ağlayan, qeydi­nizə qalan yoxdur. İndi məndən kömək istəməyə gəlmisiniz. Mən əlimdən gələ­ni eləyəcəyəm. Mən sizi bu hala salan türklərdən Türkiyədə intiqam ala bilmə­dimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin! İndi evinizə gedin!

“Bəs haçan? Biz axı dolana bilmirik!” –deyən səslər ucaldı.

Andranik onların suallarına, dediklə­rinə fikir verməyib, içəri girdi…”

Türkün qanını içməyə hazır olan qul­durun sözlərinə fikir verirsinizmi?!. “Mən sizi bu hala salan türklərdən Türkiyədə intiqam ala bilmədimsə, Qafqazda, bax, bu Zəngəzurda alacağam. Gözləyin, o günü gözləyin!”. 

...O gün uzaqda deyildi, bir azdan Andranik Şəki, Ağudi, Qızılcıq, Vağudi... kəndlərini odlara qalayacaqdı, türklərə qarşı rəzalətini ortaya qoyacaqdı... 

“Zəngəzur” romanında riyakar Şa­umyanın “xalq qəhrəmanı” adlandırdığı Andranikin vəhşiliyinin təsviri verilən bir səhnəyə–onun “türklərdən Türkiyədə ala bilmədiyi intiqamı Zəngəzurda aldı­ğına” diqqət yetirin: “Andranik Uzunya­nın əsgərləri kəndə aşağı tərəfdən daxil oldular. Yamacın ətəyində bir neçə ev alışıb-yandı. Comərd təkid eləyirdi ki, adamlar nəyi bacarırlarsa götürüb dağ­lara çəkilsinlər. Haray-həşir, arvadların hönkürtüsü, uşaqların ağlaşması kəndi başına almışdı. Sanki qayalar da Zən­gəzur torpağında bas verən müsibətə laqeyd qala bilmirdi. Atlar, yuklənmiş ulaqlar, qorxudan boyürən öküzlər, inək­lər–hər şey bir-birinə qarışmışdı. Kənd­də qalan yalnız dərd-sərdən ağlı çaşmış və öz həyatını evdən ayrı təsəvvür et­məyən qocalar idi...”. 

“Zəngəzur”da qələmə alınan ha­disələr qondarma, qurama deyil, gerçək­dir. Bu reallıq, səmimiyyət hər cümlədə, hər abzasda açıq-aydın nəzərə çarpır. Bu da müəllifin müşahidələri–o ağır, məşum illəri yaşaması, hələ uşaqkən xalqının müsibətlərini gözlərilə görməsi, doğmalarını itirməsi ilə bağlıdır. 

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

Sosial həyat