Azərbaycan İdman Akademiyası (ASA) ilk dəfə “Times Higher Education Impact Rankings 2025” beynəlxalq reytinq cədvəlində yer alıb.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, reytinqdə ali təhsil müəssisələrinin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətləri qiymətləndirilir.
Akademiya “Səhiyyə və rifah” kateqoriyasında 801–1000, “Bərabərsizliyin azaldılması” üzrə isə 1001+ aralığında reytinqə daxil olaraq bu istiqamətlərdə fəaliyyətini nümayiş etdirib. ASA ölkə üzrə bu reytinqdə təmsil olunan 25 ali təhsil müəssisəsi arasında 9-cu, dünya üzrə isə 1501+ yerdə qərarlaşıb.
ASA “Keyfiyyətli təhsil” və “Məqsədlər üçün tərəfdaşlıq” istiqamətləri üzrə də müvafiq olaraq 1501+ aralığında bu sahələrdə də öz mövcudluğunu təsdiqləyib.
Qeyd edək ki, “Times Higher Education Impact Rankings” ali təhsil müəssisələrinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini ölçən qlobal reytinq sistemidir.