“Qərbi Azərbaycan ərazisində ermənilərin törətdiyi saysız-hesabsız cinayətlərdən biri də tarixi yer adlarımızın dəyişdirilməsidir. Xalqımızın min illərlə yaşamış olduğu bu geniş ərazidə milli varlığmızı təsdiq etdiyinə görə saxtakarlıqla dəyişdirilmiş bu toponimlər geniş elmi tədqiqata cəlb edilib”. AMEA Nəsimi adına Dilçilik İnstitutunun toponimika şöbəsinin müdiri Elçin İsmayılov mediaya bu açıqlamasının davamında bildirib:
– Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması da zəruri vəzifə kimi qarşıya qoyulub. Dövlət başçısının bu göstərişi ilə əlaqədar olaraq, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə akademiyada QərbiAzərbaycanla bağlı yaradılan 3 tədqiqat qrupundan biri də Nəsimi adına Dilçilik İnstitutunun toponimika şöbəsidir.
Qərbi Azərbaycanda qədim tariximizə şahidlik etmiş toponimlər zaman-zaman kütləvi şəkildə dəyişdirilib. Ümumilikdə, Azərbaycan xalqına məxsus 760-dan çox toponim dəyişdirilib. Bəzi kəndlər yer üzündən tamamilə silinib, əhalisi köçürülüb. Bəzi kənd və qəsəbələrin adları ermənilər bu ərazilərə köçürüldükdən sonra, bəziləri isə azərbaycanlıların bu ərazilərdən tamamilə deportasiyasından sonra dəyişdirilib.
Toponimlərlə yanaşı, minlərlə mikrotoponim (körpü, bulaq, küçə, meşə, dağ, çay və s.)də dəyişdirilib. Məlumdur ki, hansısa yaşayış məntəqəsində onun adını ifadə edən bir toponim, 15-dən çox mikrotoponim olur. Bu hesabla Qərbi Azərbaycanda, təxminən, 7–8 min ad dəyişdirilib. Biz bu adları dürüstləşdirib sistemləşdirməklə ermənilərin toponomik soyqırımını sübuta yetirəcəyik.
Alim daha sonra qeyd edib ki, toponimika şöbəsi Qərbi Azərbaycan və işğaldan azad edilmiş ərazilərin onomastik vahidlərinin tədqiqatı, onomastik mənzərəsinin bərpası, adlarının müəyyənləşdirilməsi məsələləri ilə məşğul olacaq:
– Şöbədə işğaldan azad edilmiş, ermənilər tərəfindən adları dəyişdirilən toponimlərin adlarının milliləşməsi istiqamətində tədqiqatlar aparılacaq. Əminliklə deyə bilərik ki, bu məsələnin ölkə əhəmiyyətli tədqiqatlar olduğunu nəzərə alaraq dövlətimiz, o cümlədən AMEA Rəyasət Heyəti tərəfindən şöbə qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində bütün bilik və bacarığımızı səfərbər edəcəyik.
Hazırladı: R.TAHİR, “Xalq qəzeti”